Vahid Əhmədov: “Qarabağda quruculuq işlərinə bəlkə də 30-40 milyard manat vəsait lazımdır”

GÜNDƏM 09 iyn 2022, 16:18
Son günlər dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 100 dolları keçib. Bu isə büdcə gəlirlərinin artması deməkdir. Rəsmilər büdcəyə yenidən baxılması zərurəti yarandığını deyir. Prezident İlham Əliyevin Zəngilan rayonuna səfəri zamanı gəlirlərin artmasını nəzərə alaraq "2022-ci il dövlət büdcəsi haqqında" qanuna yenidən baxılacağını demişdi. 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Demokrat.az-a bildirib ki, Qarabağın yenidən qurulması işlərini daha da sürətləndirmək üçün əlavə vəsaitə ehtiyac olacaq:

“Qarabağda quruculuq işlərinin həyata keçirilməsi üçün 2,2 milyard manata yaxın vəsait ayırmışıq, müdafiə təhlükəsizlik məsələlərinə kifayət qədər - 4 milyard manatdan yuxarı vəsait ayırmışıq, amma mən belə hesab edirəm ki, son vaxtlar neftin qiymətinin kəskin artması dövlət büdcəsinə əlavə vəsaitin daxil olmasına səbəb olub. Dünya bazarında dünən 128 dollar idi neftin qiyməti, biz dövlət büdcəsində təxminən 50 dollar götürmüşük. İlk olaraq biz həmin vəsaitdən müəyyən qədər Qarabağda gedən quruculuq işlərinə ayırmalıyıq. Çünki orda işlər çox sürətlə gedir. Ümumiyyətlə, Qarabağın tikilib başa çatdırılması üçün bəlkə də 30-40 milyard manata yaxın vəsait lazımdır.”

Deputat həmçinin ölkədə dünyada hökm sürən qiymət artımı ilə bağlı da danışıb. O deyir ki, büdcəyə dəyişikliklər zamanı sosial sahəyə də əlavə vəsaitin ayrılması nəzərdə tutula bilər.

“Qiymət artımı Azərbaycanda da gedir, obyektiv qiymət artımı, süni qiymət artımları da var. Bunları da qabaqlamaq üçün, müəyyən qədər insanların tələbatını ödəmək üçün sosial müdafiə məsələlərinə baxılmalıdır. Maaşdır, pensiyanın artımıdır, əmək haqqı, ümumiyyətlə, bütün müavinətlərə ehtiyac var. Çünki qiymət artımı kifayət qədər yüksəkdir. Hətta cənab prezident bu yaxınlarda iqtisadi bloku yığmışdı, nazirləri, orda da qeyd elədi ki, elə məhsullar var ki, artıq infilyasiya 18-19 faizə çatıb, yəni bu böyükdür.”

2022-ci ilin dövlət büdcəsinə olunacaq düzəlişlərin ölkə başçısına təqdim olunması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Gülçin Qorxmaz
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top