Məşhur ifaçının qardaşı küçələrdə qarmon çalır — Onların arasını kim vurub? — VİDEO

İNCƏSƏNƏT 08 iyn 2022, 12:13
Onun həyatda bacardığı tək iş qarmon çalmaqdır. Bu vaxta qədər də ailəsini qarmon ifa etməklə keçindirib. Toylara gedib, el şənliklərində iştirak edib bu yolla düzən qurub. Pandemiya dönəmində el şənliklərinin yasaqlanması onu küçələrə düşməyə vadar edib.

Bizim.Media-ya verdiyi müsahibədə qarmon ifaçısı Kamil İmanov söyləyir ki, indi küçələrdə, keçidlərdə musiqi ifa etmək övladlarını və ailəsini dolandırmaq üçün yeganə çıxış yoludur.

Heç bundan uşaqların xəbəri də yoxdur:

- Mən musiqi məktəbində və Asəf Zeynallı adına Bakı Musiqi Kollecində qarmon ifaçılığını bitirmişəm. Həyatımın böyük bir hissəsini qarmon ifasına həsr etdiyim üçün onu heç vaxt atmaq fikrində deyiləm. Pulsuzluq səbəbindən müvəqqəti olaraq başqa işlərdə çalışdığım zaman belimdən zədə aldım və ondan sonra isə həyatımı yalnız qarmon ifaçılığına həsr etdim. Küçə ifaçılığı ilə məşqul olmaqla həm musiqi zövqümü oxşayır, həm də ailəmin gündəlik ehtiyaclarını təmin etməyə çalışıram.

- Bəs ailə üzvlərinizin sizin küçə musiqisi ilə məşqul olmağınıza münasibətləri necədir?

- Düzü bu mövzuda danışmaq istəməzdim. Səmimi olaraq etiraf edim ki, bu barədə bilmələrini də heç vaxt istəmirəm, çünki bilirəm ki küçələrdə musiqi ifa edib pul qazanmağıma münasibətləri heç də yaxşı olmayacaq.

- Sevdiyiniz işlə məşqul olmaq niyə eyib olsun ki? Maraqlıdır, hər gün evdən çıxarkən ailənizə nə söyləyirsiniz?

- Eyib hesab etmirəm, amma istədiyim məkanlarda çala bilmədiyim üçün bəzən özümdən utanıram. Ailə üzvlərim elə bilir ki, mən toylara gedib pul qazanıram. Həqiqəti onlara deməyə çəkinmişəm həmişə.

- İstədiyiniz məkanlar deyərkən haranı nəzərdə tutursunuz? Milli Ansambllardan birini yoxsa...

- Yaxşı toylar, yaxşı da pul deməkdir. İndiki cəmiyyətdə də pulun varsa hörmətli sayılırsan. Biri “müəllim” deyir, biri “bəy”. Küçədə görəndə isə deyirlər ki, sənin yerin bura deyil, amma köməklik edən yoxdur.

- Bəs sizi arzusunda olduğunuz toylardan nə uzaq salıb?

- Əvvəllər toylarda çox olmuşam, amma bir dövr gəldi ki, ifaçıları da restoranlara tanışlıqla seçməyə başladılar. Sonra pandemiya, beləcə əlim üzüldü restoranlardan, çörəyimi küçələrdə qazanmaq məcburiyyətində qaldım.

- Ailədə musiqiçi tək sizsiniz, yoxsa sizdən başqa da həyatını musiqiyə həsr edənlər var?

- Musiqiçi ailəsində böyümüşəm və ailədə musiqiçi tək mən deyiləm. Ailə üzvlərim arasında hazırda çox yüksək pillədə olan biri də var ki, Azərbaycanda hər kəsin sevdiyi titullu ifaçılardan biridir. Lakin mən onun haqqında danışmaq istəmirəm.

- Bəlkə ad çəkəsiniz və o sizinlə olan müsahibəmizdən ilhamlanıb sizi axtarmaq qərarına gəldi?

- Əgər mən o insan üçün önəmli olsaydım, məni qarmonumla baş-başa həyatın pəncəsinə buraxmazdı və indi keçiddə yox, onun musiqi qrupunda yanında olardım. O insan zamanla mənə müəyyən qədər köməklik edib, lakin aramızı vuranlar oldu və soyuqluq yarandı. Sonunda da gəlib buraya düşdüm.

- Keçidlərdə ifa etdiyiniz zaman sizdən yer üçün pul tələb edənlər olurmu yoxsa təmənnasız olaraq sizə meydan veriblər?

- (Gülür) Bu yaşıma kimi həyatda təmənnasız olan heç nə görməmişəm. Yer puluna gəlincə, imkanım daxilində müəyyən qədər pul verirəm. Qazancımın az olduğu günlərdə isə sağolsunlar ki, güzəşt edirlər.

- Bəs hansısa bir müğənnimizi müşayət etmək zamanla ürəyinizdən keçibmi?

- Mən ona usta sənətkar deyirəm. Bənzərsiz ifaçı Könül Xasıyevanı müşayət etmək mənim ən böyük arzularımdan biridir və onunla bir səhnədə ifa etmək indi mənə bir yuxu kimi görünür.

- Keçidlərdəki ifalarınızdan təsirlənib sizə hansısa bir mahnını sifariş edənlər olurmu?

- “Həyati” rəqsini çox gözəl ifa edirəm. İfa zamanı özümü də unuduram desəm, heç də yanılmaram. Bəzən yaxınlaşıb yenidən o havanı çalmağımı istəyənlər olur və ifalarımın müəyyən qədər bəyənilməsi məni çox sevindirir.

- Hazırda sənətinizlə bağlı nə kimi arzularınız var ki, tezliklə reallığa çevirilməsini istərdiniz?

- Arzum söylədiyim kimi yaxşı bir restoranda və ya qazancı daimi olan toylarda ifa etməkdir ki, oradan qazandığım gəlirlərlə mən heç kimdən və heç nədən utanmayaraq öz ifalarımı həyata keçirə bilim. Övladlarımın da üzünə rahatlıqla baxıb, gecələr rahat şəkildə sabah məni birdən tanış kiminsə görməməsi qorxusundan azad olaraq başımı balışa söykəyim.
 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top