Tovuzda sabiq polis əməkdaşına niyə xəsarət yetirilib? — Şok təfərrüat

KRİMİNAL 06 iyn 2022, 11:00
Tovuz rayonunda 1986-cı il təvəllüdlü İlyas şəxsi münasibətlər zəminində tanışı Elşada xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin fevralın 7-də Tovuz şəhəri, H.Əliyev prospektində yerləşən divan-kreslo təmiri emalatxanasında baş verib. 

İlyas orada tanışı, əvvəllər də dəfələrlə qarşılıqlı zarafat etdiyi, keçmiş polis əməkdaşı Elşad ilə “yenə də iş verirsənmi” deyərək zarafat edib. Həmin vaxt onun zarafatı Elşada xoş gəlmədiyi üçün şəxsi münasibətlər zəminində aralarında mübahisə yaranıb. 

Mübahisə zamanı İlyas emalatxanadan götürdüyü dərzi qayçısını təxminən 6-8 metr aralıda, emalatxananın qapısının qarşısında dayanan Elşada atıb. Qayçı onun sağ bud nahiyyəsinin sağ bud arteriyası və sağ budun xüsusi arteriyasının zədələyib. 

İstintaq orqanı tərəfindən İlyasın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İlyas ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, zərərçəkmiş şəxs Elşadı tanıyır: “Elşad mənim uşaqlıq dostumdur. Aramızda normal dostluq münasibətləri olub. Fevralın 7-də, saat 14.30-da yaşadığım evdən çıxdım və yaxınlıqdakı qonşumuz Zaura məxsus evinin həyətində yerləşən və Tovuz şəhəri H.Əliyev prospektinə açılan divan kreslo təmiri emalatxanasına getdim. Emalatxanaya Zaurun məndən istədiyi evdə artıq olan taxtaları apardım. Məndən və Zaurdan başqa Qurban da emelatxanada olub”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, bir qədər sonra qonşuları İlyas da emalatxaya gəlib: “Mən stulda əyləşərkən Elşad da gələrək yanımdakı stulda əyləşdi. Biz emalatxanada zarafat etməyə başladıq. Biz uşaqlıqdan dost olmuşuq, bir-birimiz ilə etikadan kənar zarafatlar etmişik. Elşada “məni yandırmaqmı istəyirsən”, yəni tutdurmaqmı istəyirsən dedim. Bu sözüm Elşada xoş gəlmədi. Mənə əl atdı, sifətimdən şillə vurdu. Bu zaman hər ikimiz ayağa qalxdıq. Elşad mənim sinəmdən itələdi. Mən də Elşadın sinəsindən itələdim. Elşadla çəkişərkən Qurban və Zaur bizi araladı. Zaur məni, Qurban Elşadı saxladı. Elşadla sözlü mübahisə edərkən əsəbləşdim, emalatxanadan götürdüyüm Zaura məxsus dərzi qayçısını təxminən 6-7 metr aralı məsafədən Elşada tərəf atdım. Nəticədə qayçı ayağından dəydi, Elşada xəsarət yetirdim. Elşadın xəsarət aldığını görmədim. Ancaq qayçının Elşada dəyməsini gördüm. Xəsarət alması nəticəsində budundan qan axmasını gördüm. Qurban və Zaur Elşada ilkin yardım göstərdilər. Bundan sonra oradan uzaqlaşaraq getdim”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. 

İlyas 3 il müddətinə azadlıqdan məhrum edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top