Gəncədə şiddət görən üç ilin gəlini danışdı: “Ərim məni döydü, sonra...”

HADİSƏ 02 iyn 2022, 17:37
Gəncə şəhərində 1997-ci il təvəllüdlü Əli şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Aytənə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 21-də baş verib.
 
Əli həmin gün saat 10 radələrində Aytənlə birgə yaşadıqları evdə aralarında ailə münasibətləri zəminində mübahisə edib. Mübahisə zamanı Əli arvadını əl və ayaq zərbələri vuraraq ona xəsarətlər yetirib. 

İstintaq orqanı tərəfindən Əlinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi baxılması üçün Gəncənin Kəpəz rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Zaur Hüseynovun icraatına verilib. 

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Əli ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Aytən ilə 2019-cu ildə qeyri-rəsmi ailə həyatı qurub, birgə nigahdan 1 övladları var: “Arvadım Aytənlə  son vaxtlar aramızda mübahisələr yarandı. Təxminən 2021-ci ilin dekabr ayında Aytəm mənim başqa qadınlarla mobil telefon vasitəsilə danışdığımı bildi, məndən küsdü. Evdən çıxaraq anası evinə getdi. Sonra Aytən özü məndən xahiş edərək onu geri qaytarmağımı istədi. Mən də Aytənin anası evinə gedərək onu öz yaşadığımız evə geri gətirdim”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, yanvarın 21-də, saat 10 radələrinə evdə yatan zaman arvadı Aytən onun mobil telefonunu ondan xəbərsiz götürüb, içərisindəkilərə baxıb, təkrar onun başqa qadınlarla danışdığını aşkar etdiyinə görə anidən qışqırıb: “Mən də qorxaraq yuxudan oyandım. Yuxudan oyanan kimi Aytən mənimlə kobud rəftar edərək qışqırmağa başladı. Mən də Aytənin telefonumu icazəsiz götürməyinə əsəbləşdim. Onun sifətinə, bədəninə yumruq və təpik zərbələri vurdum. Daha sonra isə ayağa qalxaraq əl və ayaq zərbələri ilə onun bədəninin müxətlif nahiyələrinə vurdum. Aytəni döydükdən sonra evdən getdim. Evə qayıtdıqda Aytənin evdən çıxaraq anası evinə getdiyini öyrəndim. Baş verən hadisəyə görə çox peşmanam. Hazırda Aytənlə barışmışam”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Aytənin sözlərinə görə, təqsirləndirilən şəxs ilə 2019-cu ildə qeyri-rəsmi ailə həyatı qurub, birgə nigahdan 1 övladları var: “Ərim ilə son vaxtlar aramızda mübahisələrimiz yaranıb. Əli mütəmadi olaraq digər qadınlarla danışdığı üçün aramızda mübahisələrimiz yaranıb”. 

Zərərçəkmiş şəxs qeyd edib ki, yanvarın 21-də yaşadığı evdə olan zaman saat 10 radələrində əri Əlinin mobil telefonunda başqa qadınların yazışma və şəkillərini aşkar edib: “Əli də mənim mobil telefonun icazəsi götürdüyümə görə əsəbləşdi, burun nahiyəmdən vurdu, daha sonra isə bədənimin müxtəlif nahiyələrinə təpik zərbələri vurdu. Sonra Əli əl və ayaq zərbələri ilə kürəyimdən və ayağımdan vurmağa başladı. Əli məni döydükdən sonra evdən qovdu. Mən də əşyalarımı yığaraq anamın yaşadığı Gəncə şəhəri Depo qəsəbəsində yerləşən evə gəldim”.

Aytən bildirib ki, yanvarın 24-dəm Kəpəz rayon Polis İdarəsinə gələrək ərinin onu döyməsi barədə ərizə ilə müraciət edib. Qeyd edib ki, Əli onu döyən zaman evdə başqa şəxslər olmayıb. O, hazırda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı hər hansı şikayəti olmadığını deyib. 

Məhkəmənin hökmü ilə Əlinin barəsində olan cinayət işinə xitam verilib. Buna səbəb Əlinin ondan şikayətçi olmaması ilə bağlı olub. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top