Deputat: “Postmünaqişə mərhələsində prosesləri Azərbaycan idarə edir”

GÜNDƏM 02 iyn 2022, 16:18
“Ermənistan Azərbaycan torpaqlarını uzun illər işğal altında saxladı, torpaqlarımızda ən qəddar vandalizmi həyata keçirdi. Bütün dünya bunu bildiyi halda, susdu. Dünyanın aparıcı siyasi dairələri Ermənistanı işğalçılıq siyasətindən çəkindirmək üçün heç bir addım atmadı. Halbuki, Ermənistan özünün işğalçılıq siyasəti və təcavüzləri ilə təkcə Cənubi Qafqazın deyil, çox-çox geniş mənada təhlükəsizliyə təhdid yaradırdı”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib. Deputat qeyd edib ki, Azərbaycan öz siyasi və hərbi gücü sayəsində torpaqlarını işğaldan azad etdi:

“Torpaqlarımızı işğaldan hərbi yolla azad etmək imkanımız hər zaman olub. Lakin regionda qan tökülməməsi, sülh və təhlükəsizlik naminə münaqişənin dinc vasitələrlə tənzimləmək yolunu dəstəkləmişik. Azərbaycan Prezidenti cənab İlham Əliyev ən yüksək tribunalardan bəyan edirdi ki, nəticəsiz danışıqları sonsuzluğadək davam etdirməyəcəyik. O, belə də etdi, nəticəsiz danışıqları davam etdirmədi, hərbi yolla torpaqlarımızı işğaldan qurtardı. Məhz buna görə Azərbaycan Prezidenti güc amilinin vacibliyini hər zaman vurğulayır. Vətən müharibəsi Azərbaycanın gücünü nümayiş etdirdi. Müharibədən sonra da hərbi gücün artırılması diqqət mərkəzindədir. Cənab Prezident qeyd etdi ki, müstəqil olmasaydıq, güclü olmasaydıq torpaqlarımızı azad edə bilməzdik. Həm də ona işarə edir ki, Ermənistanın işğalı kənardan dəstəklənirdi”. 

Millət vəkili qeyd edib ki, Azərbaycan dövlətinin gücü, xalqın həmrəyliyi məqsədimizə çatmağa imkan verdi:

“Postmünaqişə mərhələsində prosesləri Azərbaycan idarə edir. Azərbaycanın irəli sürdüyü təkliflər, şərtləq qəbul olunur. Dünya qəbul edir ki, Qarabağ Azərbaycan torpağıdır. Həm Avropada, həm də Ermənistanda sərhədlərinin müəyyənləşdirilməsinin vacibliyi, sülh üçün ilkin şərt olması dərk olunursa və qəbul edilirsə, bu, Azərbaycanın qələbəsinin davamıdır. Biz Vətən müharibəsindən sonra həmişə qeyd edirik ki, qələbəmiz bizə növbəti uğurları qazandıracaq. Sərhədlərin müəyyənləşdirilməsi Ermənistanın ölkəmizə olan əsassız ərazi iddialarına son qoyacaq”. 

“Belə vəziyyətin yaranmasını məhz Azərbaycan dövlətinin gücü, ölkə Prezidentinin iradəsi şərtləndirdi. Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası üzrə komissiyanın ilk iclasının artıq baş tutması Azərbaycanın həyata keçirdiyi strategiyanın uğuruna dəlalət edir. Belə ki, Ermənistanın hər vasitə ilə sərhədlərin müəyyənləşməsindən, bununla da yekun sülh sazişi imzalamaqdan yayınması aydın müşahidə olunurdu. Lakin Azərbaycanın Ermənistanı sülhə məcbur etmə strategiyası öz nəticəsini verməyə başladı. Bizim irəli sürdüyümüz beş prinsip sülhün əsası kimi qəbul olunmaqdadır”. 

“Yekun sülh müqaviləsinin bağlanması artıq ölkələrin ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması əsasında baş verəcək. Proseslər də məhz bu yöndə getməkdədir. Zəngəzur dəhlizinin açılmasının vacibliyinin Brüselldə vurğulanması da Azərbaycanın mühüm strateji qələbəsidir. Bildiyimiz kimi, 2020-ci ilin payızında imzalanmış birgə Bəyanatının 9-cu maddəsinə əsasən bu dəhlizin açılmasına Ermənistan təminat verməlidir. Lakin Azərbaycan Prezidentinin vurğuladığı kimi, Ermənistan dəhlizin açılmasına hər maneçilik törətməyə çalışırdı. Azərbaycanın atdığı addımlar dəhliz məsələsinin yenidən aktuallaşmasını şərtləndirdi. Azərbaycan Ermənistana və dünyaya nümayiş etdirdi ki, onun hər zaman alternativləri var. İranla Azərbaycan arasında İran ərazisindən keçməklə, Naxçıvanla qərb rayonlarımız arasında nəqliyyat əlaqəsinin təmin olunması haqqında razılaşma Ermənistanın şantaj alətini əlindən çıxardı. Göründüyü kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyevin preventiv addımları, strateji baxışları hədəflərimizə dəqiq çatmağa imkan verir. Ölkə Prezidentinin vurğuladığı kimi, bundan sonra da müzəffər xalq olaraq, Azərbaycan xalqı böyük qələbələrə çatacaq. Bunun üçün isə, hər zaman daha da güclü olmalıyıq”- deyə deputat fikirlərini yekunlaşdırıb.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top