“Allah icazə versə, yenidən Həcc ziyarətinə gedəcəm” — 90-ci ildən hər il Həccə gedən Şeyxin qudası

GÜNDƏM 02 iyn 2022, 11:32
“Bu il Səudiyyə Ərəbistanın çıxardığı yeni qərara əsasən Həcc ziyarətinə yaşı 65 yaşdan yuxarı olan şəxslər buraxılmadı. Bunun da səbəbi pandemiya ilə bağlıdır. Ola bilsin ki, gələn il bu qanun ləğv edilsin və yenidən əvvəlki qaydada icazə verilsin”.

Bu barədə Demokrat.az-a Milli Məclisin sabiq deputatı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası Hacı Qalib Salahzadə deyib.

O bildirib ki, dəfələrlə Həcc ziyarətində olub və bu il noyabr, dekabr aylarında da Ümrə ziyarətinə gedəcək:

“Mən Kəbə evinin hər bir küncündə olmuşam. Təbii ki, bunu Allah mənə qismət edib ki, olmuşam. Ümumiyyətlə, artıq tamahlıq da yaxşı şey deyil. İndi bu dəfə Allah qismət etmədi. İnşallah ki, Allah icazə versə, əlbəttə ki, yenidən Həcc ziyarətinə gedəcəyəm. Mənim yaşımda olan adamlar üçün həqiqətən də ora gedib-gəlmək çox çətindir. Çünki orada hazırda 40-44 dərəcə istilik var ki, bizim yaşda olan adamlar üçün çətindir. Zarafat deyil, bizim 70 yaşımız var, elə belə yaş deyil. Bu deyilənlərə baxmayın, bəzi adamlar deyir ki, mən Həcc ziyarətinə gedərəm. Xeyr! Gərək Allahın hökmü olsun ki, gedəsən. Görürsünüz, bu il Səudiyyə Ərəbistanı öz-özlüyündə elə qərara çıxartdı ki, mənə getmək qismət olmadı. Hər bir məsələdə Allahın hökmü mütləq olmalıdır”.  

Sabiq deputat Həcc ziyarətinə getmək istəyənlərə hər zaman dəstək olduğunu da vurğulayıb:

“Düzdür, bu dəfə Həcc ziyarətinə getmək qismət olmadı. Amma, heç ətrafımda elə adam da qalmayıb ki, deyim “gəl, gedək mənimlə”. Heç elə adam da yoxdur ki, mənə müraciət etsin ki, Həcc ziyarətinə getmək istəyir. Kənddə kim istəyib, köməklik etmişəm hər zaman, aparmışam özümlə. Özüm gedəndə həmişə apardığım şəxslərə nəzarət edirəm, onların üstündə dayanıram ki, peşmançılıq olmasın. Belə asan deyil, ora getmək. Mənimlə gedən dostlarım, oranı ziyarət edənlər yaxşı bilir. Ora gedəndə özümlə həmişə həkim aparıram. Düzdür orada həkim var, amma yanımda da olsa yaxşıdır. Onlar Həcc ziyarətində bizimlə gedənlərə də nəzarət edirlər. Eybi yoxdur, bu il Həcc ziyarətinə getmək qismət olmadı, amma təxminən noyabr və dekabr aylarında Ümrə ziyarətinə gedəcəyəm”. 

Qeyd edək ki, 68 yaşlı Qalib Salahzadə 1990-cı ildən başlayaraq hər il Həcc ziyarətinə gedib.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top