Kamran Bayramov: “Azərbaycan beynəlxalq layihələrdə ciddi tərəfdaşdır”

GÜNDƏM 01 iyn 2022, 16:50
“Enerji siyasəti bu gün dünyada mühüm və strateji rola malikdir. Müstəqilliyin ilk illərində Azərbaycanın xarici siyasətinin ən vacib istiqamətlərindən birini, məhz ,enerji siyasəti təşkil etmişdir. Azərbaycanın enerji siyasətinin vacib istiqamətlərindən biri, Azərbaycanın öz daxili enerji təhlükəsizliyinin təmini, ikincisi isə, digər dövlətlərin enerji təhlükəsizliyinin təmin edilməsinə verə biləcəyi töhfədir. Bu gün zəngin təbii sərvətlərə, davamlı iqtisadiyyata və müasir texnologiyalara malik olan müstəqil Azərbaycan dövləti dünyanın enerji təhlükəsizliyi məsələlərinin həllində aparıcı mövqe tutur. Ölkə Prezidentinin də qeyd etdiyi kimi, bu gün Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir və bir çox digər ölkələrin, o cümlədən, Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyində danılmaz rola malikdir: «Biz neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edirik. Bizim planlarımıza qazın, elektrik enerjisinin və neft-kimya məhsullarının ixracını böyük həcmdə artırmaq daxildir. Neft ixracına gəldikdə, ixracın bugünkü profili bizi və istehlakçıları qane edir. Eyni zamanda, bugünkü geosiyasi vəziyyəti nəzərə alsaq, aydın olur ki, Azərbaycanın enerji resurslarına ehtiyac heç vaxt olmadığı qədər böyük olacaq”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.

K.Bayramov qeyd edib ki,  paytaxtımız Xəzər regionunun neft-qaz və enerji sektorunda ən nüfuzlu tədbir hesab olunan Bakı Enerji Həftəsinə ev sahibliyi edir:

“Vaxtilə «Xəzər Neft və Qaz» sərgisinin keçirilməsi təşəbbüsü  ümummilli lider Heydər Əliyev tərəfindən də dəstəklənib. O vaxtdan bəri «Xəzər Neft və Qaz» sərgisi neft, qaz və energetika sahəsində aparıcı mütəxəssislərin görüş yeri olub, burada gələcək əməkdaşlığa dair memorandumlar, müqavilələr imzalanıb. Sərgi yarandığı ilk günlərdən respublika rəhbərliyinin ciddi diqqəti altındadır. Hər il Prezident İlham Əliyevin açılış mərasimində iştirakı sərginin yüksək statusunu bir daha təsdiqləyir. İyunun 1-dən 4-dək davam edəcək Bakı Enerji Həftəsi («Baku Energy Week») öz brendi altında 3 böyük tədbiri birləşdirib - 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa olunan Enerji sərgiləri və Bakı Enerji Forumu. Sərgilərdə və forumda 30 ölkədən 249 şirkət iştirak edəcək”. 

“Prezident İlham Əliyevin «Bakı Enerji Həftəsi»nin iştirakçılarına məktubunda dövlətimizin başçısı qeyd edib: «Bakı Enerji Həftəsi» Azərbaycan hökumətinin uğurla mübarizə apardığı pandemiyanın yaratdığı ikiillik fasilədən sonra yenidən təşkil olunur. Həm canlı görüşlər, həm də bölgənin sənaye liderləri ilə canlı dialoq sərgi və forumun əhəmiyyətini daha da artırır. Builki «Bakı Enerji Həftəsi» daha dayanıqlı və təhlükəsiz enerji güclərinin yaradılması sahəsində yeni əməkdaşlıq üçün qlobal enerji bazarının əsas oyunçularını, beynəlxalq şirkətləri bir araya gətirir. Təqdirəlayiqdir ki, qlobal çağırışa çevrilmiş dekarbonlaşma, «yaşıl enerji» növlərinin artırılması, habelə əlverişli və təhlükəsiz enerji təchizatı kimi məsələlər builki Enerji Həftəsində dialoqun əsas gündəliyini təşkil edir. Eyni zamanda, «Bakı Enerji Forumu» enerji sektorunun əsas tədbiri statusu qazanmış Xəzər Neft və Qaz Konfransının ənənələrini davam etdirməklə yanaşı, gündəliyini yeni enerji seqmentləri ilə də genişləndirmişdir”.

Deputat qeyd edib ki, xalqımız üçün ən mühüm yenilik ondan ibarətdir ki, foruma işğaldan azad edilmiş ərazilərdə yekun vurulacaq:

“İyunun 4-də Şuşa şəhərində Bakı Enerji Forumunun iştirakçıları ilə sessiya keçiriləcək. Bakı Enerji Həftəsinin əlavə tədbirlər proqramını çərçivəsində ənənəvi olaraq İkitərəfli Biznes Görüşləri (B2B) keçirilməsinin böyük əhəmiyyəti var. Keçiriləcək sessiyalar aktual mövzuları əhatə edəcək: «Neft və Qaz sənayesində avtomatlaşdırma üzrə qabaqcıl həllər», «Layihələrin çatdırılmasında istismara vermə mərhələsinin əhəmiyyəti», «Energy Talks» sessiyaları: «Women in power», «Bizimkilər», «Neft və Qaz bazarında tələb olunan təchizatçı necə olmaq olar», «Əhəmiyyətli dərəcədə fərqli xüsusiyyətlərə malik neft məhsullarının saxlanması və tədarük zəncirinin idarə edilməsi», «Neft sənayesində SƏTƏM idarəetməsi», həmçinin iştirakçı şirkətlərin təqdimatları da keçiriləcək. Sərgilər və forum enerji sənayesinin aparıcı təmsilçiləri ilə görüşmək, ən son texnoloji məhsulları görmək, yeni səmərəli və qarşılıqlı faydalı əlaqələr qurmaq və mövcud əlaqələri genişləndirmək, habelə perspektiv müqavilələr imzalamaq üçün unikal imkan yaradacaq”.

K.Bayramov əlavə edib ki, artıq enerji resurslarının çatdırılmasında, şaxələnməsində Azərbaycan ciddi tərəfdaş kimi dünya miqyasında tanınmaqdadır. Getdikcə həmin dövlətlərin sayı artır, Azərbaycan haqqında olan fikirləri müsbət istiqamətdə inkişaf edir. 

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top