Sərdar Cəlaloğlu: “Dövlətin kasıb və ya varlı olmasından asılı olmayaraq uşaqpulu verilməlidir”

GÜNDƏM 01 iyn 2022, 16:05
“Ölkəmizdə hər bir uşağa uşaqpulu verilməlidir”.

Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

Partiya sədri bildirib ki, bununla bağlı Azərbaycan beynəlxalq hüquq qarşısında öhdəliklər götürüb:

“Beynəlxalq hüquqa görə hər bir dövlət  uşaqlarla bağlı sosial siyasət həyat keçirtməlidir. Bura uşaqpulu deyilən müavinətin verilməsi, o cümlədən pulsuz yeməklərin verilməsi, imkanı olmayan uşaqların bəzi öhdəliklərinin üzərinə götürülməsi və s. aiddir. Yəni, bura təkcə uşaqpulu deyil, ümumiyyətlə, uşaqları valideynlərin himayəsindən azad edə biləcək bütün tədbirlər daxildir. Eləcə də, uşaqların sağlam böyüməsi üçün dövlətin üzərinə çox ciddi öhdəliklər düşür. Ona görə də, Azərbaycan indiki halda uşaqpulu verməlidir. Yəni, dövlətin kasıb və ya varlı olmasından asılı olmayaraq uşaqpulu verilməlidir. Bəyəm, kasıb ölkələrdə uşaqpulu yoxdur? Dünyanın ən çox varlı ölkələri olan İngiltərə, ABŞ-da uşaqpulu bizdən 2-3 qat çoxdur. Ümumiyyətlə, uşaqpulu yoxsulluqla bağlı deyil, bu uşaqların valideynlərdən azad böyüməsi və onlardan iqtisadi cəhətdən asılı olmaması ilə bağlıdır. Sabah dövlətin bir üzü də olsun ki, bu uşağı aparsın müharibəyə, özünün digər vəzifələrini yerinə yetirməsində istifadə edə bilsin. Əgər uşaqların böyüməsi üçün dövlətin heç bir rolu yoxdursa, onda dövlətin də heç bir ixtiyarı yoxdur ki, bu uşaqları özünün hansısa problemlərinə cəlb etsin”.

“Uşaqpulu paylanarsa, bu tənbəlləşməyə səbəb ola bilərmi?” suallına gəlincə, həmsöhbətimiz bildirib ki, bunlar hamısı sadəcə bəhanədir:

“Avropada belə bir təcrübə var uşaqpulu verilir və eyni zamanda onun uşaqlara xərclənməsi ilə bağlı nəzarət mexanizmi də həyata keçirilir. Yəni, uşaqpulu o qədər verilmir ki, valideynlər də bundan istifadə etsinlər. Bir sözlə, verilən pul yalnız uşaqların sosial ehtiyatları kifayət edən dərəcədə verilir. Yəni, bunların hamısı bəhanədir. Gah verərik valideyn tənbəl olar, deyirlər, gah uşaqların sayı artar, gah da min bir bəhanə gətirirlər. Bütün bu deyilənlər uşaqların sosial hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxara bilməz. Bunları bəhanə götürüb uşaqları sosial təminatdan məhrum etmək olmaz!”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 may 2024, 15:25
08 may 2024, 14:07
Top