“Baydenin məktubu Azərbaycanın uğurlu və müstəqil xarici siyasətinin göstəricisidir”

GÜNDƏM 21 may 2022, 15:26
"Dövlət o zaman güclü və qüdrətli, ən əsası sözün əsl mənasında müstəqil olur ki, onun gələcəyini düşünən, atdığı hər addımda dövlət maraqlarını öndə saxlayan Lideri vardır. Azərbaycanın bu gün müstəqil dövlət kimi mövcudluğu, dünya birliyində layiqli yer tutması, sözünün imzası qədər əhəmiyyəti, sabitlik diyarı kimi nüfuz qazanaraq bütün sahələrdə inkişafı, bir sözlə, yeniliyə əsaslanan inkişaf modeli liderlik amili ilə birbaşa bağlıdır. Hər bir dəyərləndirmə, hadisələrə düzgün qiymət bugünün fonunda keçilən yolun təhlilini bir tələb kimi qarşıya qoyur".

Demokrat.az xəbər verir ki, bu sözləri siyasi elmlər doktoru Vüqar Rəhimzadə deyib.

O bildirib ki, bu gün Azərbaycana olan beynəlxalq baxış, daxildə xalq-Prezident birliyinin, həmrəyliyinin sarsılmazlığı bir daha Heydər Əliyev siyasətinin alternativsizliyinin təsdiqidir: "Azərbaycan 1993-cü idə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində inkişaf, tərəqqi yoluna çıxdı, xalqın sabaha ümidləri artdı, biri-birini əvəzləyən uğurların fonunda torpaqlarımızın da işğaldan azad ediləcəyinə böyük əminlik yarandı. Zəngin dövlətçilik tarixinə malik olan Azərbaycanın 2020-ci ildə yaşadığı Zəfər sevinci və bu ruhda artıq ilyarımdır ki, işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri müstəqil siyasət yürüdən ölkəmizin böyük uğurlarıdır. 2003-cü ilin prezident seçkiləri ərəfəsində ulu öndər Heydər Əliyev xalqa etimadın növbəti ünvanını göstərərkən cənab İlham Əliyevə Özü qədər inandığını, gələcəyinə böyük ümidlər bəslədiyini bildirdi. Qazanılmış uğurların davamlılığını, Azərbaycanın xoşbəxt gələcəyini şərtləndirən əsas amillərdən biri kimi cənab İlham Əliyevin yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyət olmasını xüsusi vurğuladı. Hər birimiz sonsuz sevinc və iftixar hissi keçiririk ki, bugünkü qalib Azərbaycan həmin inamın, etimadın, liderliyin təqdimatıdır".

V.Rəhimzadə bildirib ki, Birləşmiş Ştatların lideri enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində Azərbaycanla əməkdaşlığa yüksək dəyər verdiyini növbəti dəfə bəyan edib: "Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev dünya təcrübəsinə istinadən bildirirdi ki, heç bir ölkə qarşılıqlı təcrübə mübadiləsi olmadan, səylər birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. Ümummilli Liderin iqtisadiyyatın inkişafında neft amilinə yüksək dəyər verməsi, təbii resurslarımızdan səmərəli istifadəni təmin etmək məqsədilə tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişinin imzalanmasında göstərdiyi səylər bugünkü reallıqlarımızda öz sözünü deyir. Buna əmin olmaq üçün son 18 ildən artıq dövrdə Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirmək kifayətdir. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri istifadəyə verildi. 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməli qoyuldu. 2018-ci ilin iyununda bu layihənin əsas tərkib hissəsi olan TANAP-ın, 2020-ci ilin dekabrında isə TAP-ın istifadəyə verilməsi ilə Cənub Qaz Dəhlizinin reallaşdırılması uğurlu sonluqla başa çatdı. Xüsusi vurğulamaq lazımdır ki, 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın enerji diplomatiyasının əsas uğurları sırasındadır. Sevindirici haldır ki, artıq bu gün dövlət başçısı İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan dünya miqyasında təşəbbüsləri reallığa çevirən ölkə kimi tanınır və nüfuz qazanır, etibarlı tərəfdaş kimi beynəlxalq arenada mövqeyini möhkəmləndirir. Azərbaycanın enerji mənbələrinin şaxələndirilməsi istiqamətində atdığı addımlar ABŞ rəsmiləri tərəfindən də təqdir edilir və onların reallaşdırılmasına dəstək göstərilir".

ABŞ Prezidentinin məktubunda Azərbaycanın beynəlxalq terrorizmə qarşı qlobal mübarizəyə verdiyi əhəmiyyətli töhfələrin təqdir edildiyini söyləyən V.Rəhimzadə vurğulayıb ki, Azərbaycan terrordan əziyyət şəkən ölkə olaraq daim dünya miqyasında belə qanlı aksiyalara qarşı aparılan mübarizənin önündədir və bunu əməli fəaliyyəti ilə təsdiqləyir: "Təkcə bir faktı qeyd etmək kifayətdir ki, 2001-ci ilin 11 sentyabrında ABŞ-da baş verən terror aktına ilk münasibət bildirən Azərbaycan dövləti olmuşdur. Həmin hadisənin baş verdiyi zaman ulu öndər Heydər Əliyev dərhal Azərbaycanın terrorizmlə mübarizənin önündə olduğunu bəyan etdi və bütün dövlətləri bu işdə fəal iştirak etməyə çağırdı. ABŞ hökuməti ölkəmizin bu dəstəyini yüksək qiymətləndirdi. Onu da qeyd edək ki, işğalçı Ermənistan həmin qanlı terror aktına laqeyd münasibət bəsləmişdi. Bu məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycan dövlətinin uğurlu siyasəti, eyni zamanda, ABŞ-da baş verən həmin terror aktı rəsmi Vaşinqtonun ölkəmizlə bağlı xarici siyasətində dəyişikliklərə yol açdı. ABŞ hökuməti 1992-ci ildə Amerika Konqresinin Azərbaycana qarşı tətbiq etdiyi “Azadlığı Müdafiə Aktına” 907-ci düzəlişin ədalətsizliyini etiraf edərək, onun fəaliyyətinin bir illik dondurulması barədə qərar qəbul etdi. 2001-ci ildən bu qərar hər il yenidən təsdiqlənir. Bu mühüm məqamın özü də Azərbaycan-ABŞ münasibətlərinin inkişafının, ölkəmizin uğurlu və müstəqil xarici siyasətinin göstəricisidir".

V.Rəhimzadə ulu öndər Heydər Əliyevin siyasi kursunu son 19 ilə yaxın müddətdə bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin təkmil, yenilikçi siyasətinin nəticəsində Azərbaycanın istər daxildə, istərsə də beynəlxalq münasibətlər sistemində qazandığı uğurların yol açdığı tarixi Zəfərimizdən geniş bəhs edərək bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsi dövlət başçısının əsas hədəflərindən olub: "Prezident İlham Əliyevin “Mən 2003-cü ildə Prezident vəzifəsinə seçiləndə Konstitusiyamıza və müqəddəs Qurani-Kərimə əl basaraq and içmişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi” fikirləri 2003-2020-ci illərin torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq dövrü kimi dəyərləndirilməsini təsdiqləyir. Artıq Dağlıq Qarabağ münaqişəsi tarixin arxivinə göndərilib, postmünaqişə dövrünün reallıqlarının qəbulu hazırkı dövr üçün prioritetdir. ABŞ Prezidentinin məktubunda bu məqam xüsusi yer alır ki, Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinin bütün Qafqaz və trans-Xəzər regionunun çiçəklənməsinə geniş imkanlar açacağı qənaətindədir. ABŞ Azərbaycanın sülh təşəbbüslərini dəstəkləyir, iqtisadi, nəqliyyat və insanlararası əlaqələrin qurulması istiqamətində gördüyü işlərə kömək etməyə hazır olduğunu bildirir. Birləşmiş Ştatlar hazırkı vəziyyəti Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkan kimi dəyərləndirir. Təbii ki, bu yanaşmalar və qənaətlər ABŞ-ın birmənalı olaraq tarixi Zəfərimizin regionda yaratdığı yeni reallıqları qəbul etməsi, dəstəkləməsi kimi qəbul edilməlidir. Eyni zamanda, çağdaş dünyamızda cərəyan edən proseslərin mürəkkəb xarakterini nəzərə alsaq məktubda Amerikanın Azərbaycanın müstəqilliyinə və suverenliyinə dəstəyinin bir daha aydın ifadəsini tapdığını görərik. Təbrik məktubunda bu məqam da əksini tapır ki, ABŞ qarşıdakı onilliklərdə də ölkəmizlə münasibətlərini daha da inkişaf etdirmək, əlaqələrini yeni istiqamətlər üzrə genişləndirmək niyyətindədir".

V.Rəhimzadə ABŞ Prezidentinin təbrik məktubunda Azərbycana verilən dəyəri ölkə Prezidenti İlham Əliyevin yürütdüyü alternativsiz siyasətin yüksək qiymətləndirilməsi, dövlət başçısının şəxsi beynəlxalq nüfuzu ilə əlaqələndirib: "Xalqımız xoşbəxtdir ki, ölkəsini gələcəyə inamla aparan, gündəlik titanik fəaliyyətində dövlət maraqlarını hər şeydən üstün tutan, dəyişməz mövqeyi, müstəqil siyasəti ilə regionda və dünyada böyük nüfuza sahib olan, cərəyan edən qlobal proseslərdə öz sözünü qətiyyətlə deyən, ədaləti, beynəlxalq hüququ həyata keçirdiyi xarici siyasətin önündə saxlayan, dünyada biri-birinə əks qütbləri bir araya gətirən Prezident İlham Əliyev kimi müdrik Lideri vardır. Eyni zamanda, onu da xüsusi vurğulamaq gərəkdir ki, Azərbaycanın bütün dövrlər üçün vacib amil olan informasiya mübarizəsində üstünlükləri Prezident İlham Əliyevin liderlik keyfiyyətlərinin təqdimatında əhəmiyyətli rol oynayır".

Kərim
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 iyn 2022, 20:59
Top