“İlanı Seyid Əhməd əliylə tutmaq” Kremlin köhnə adətidir — Partiya sədri

GÜNDƏM 21 may 2022, 13:20
“Bu gün erməni xalqı tam ümidsiz vəziyyətdədir. Eyni sözü baş nazir Nikol Paşinyanın özü haqqında da demək mümkündür. Bir ölkənin ki,  lideri KTMT-nın bu günlərdə Moskvada keçirilən yubiley sammitində İrəvanda vəziyyətin nəzarətdən çıxacağı və müxalifətin çevriliş planına əl atacağı təqdirdə müttəfiq ölkələrin Ermənistana qoşun yeritməsini və onun hakimiyyətini qorumasını (Qazaxıstan “ssenari”si)  xahiş edirsə, demək ki, bu ölkədə vəziyyət həqiqətən də kritikdir və ölkənin birinci şəxsi də tamamilə ümidsizliyə qapılıb”. 

Bunu Demokrat.az-a açıqlamasında Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib. 

Partiya sədri bildirib ki, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın görüşlərinin baş tutmaması da, İrəvanın təmaslardan imtina etməsi də, Ermənistan ordusunun bölmələrinin son günlər Kəlbəcər istiqamətində növbəti hərbi təxribatlar törətməsi də ilk növbədə məhz bundan qaynaqlanır:

“Düşmən ölkə hazırda süni şəkildə yaradılmış siyasi böhran məngənəsində çabalayır. Bəziləri yanlış olaraq hesab edir ki, sözügedən böhranlı vəziyyətin yaranması da, Ermənistanın 2020-ci il üçtərəfli bəyanatında əks olunmuş və sonrakı bəyanatlarla möhkəmləndirilmiş öhdəlikləri açıqca pozaraq prosesi müxtəlif bəhanələrlə yubatması da Nikol Paşinyanın zəif iradəli olmasından və ya onun ənənəvi erməni bicliyindən qaynaqlanır. Eyni vaxtda iki stulda əyləşmək cəhdindən (həm Qərblə, həm də Rusiya ilə yaxşı münasibətlərə malik olmaq məqsədindən) qaynaqlanır. Əlbəttə, proseslərin “dalan”a dirənməsində sadaladığımız bu nüansların, bu amillərin də müəyyən qədər  təsiri, rolu var. Ancaq əsas səbəb heç də bunlar deyil. Baş verən olayların bütün günah yükünü yalnız Paşinyanda axtarmaq obyektiv yanaşma olmazdı”. 

“Məsələ burasındadır ki, Paşinyan son Brüssel görüşündə əldə edilmiş razılaşmalara uyğun olaraq həm sərhədlərin delimitasiyası, həm kommunikasiyaların açılması, həm də real sülhün əldə edilməsi məqsədilə Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması istiqamətində ilkin real addımları atmağa həqiqətən də hazırlaşırdı. Bunu onun Brüssel görüşündən sonra verdiyi sülhə yönəlik bəyanatlarından da sezmək mümkün idi”. 

“Lakin Ermənistana özünün vassalı kimi baxan və Cənubi Qafqazda təsir gücünü itirmək istəməyən Rusiya bu ölkənin Brüsselin dəstəyi əsasında həm Türkiyə ilə münasibətlərini normallaşdırmağa başlamasından, həm də Azərbaycanla sülh danışıqlarına hazırlaşmağa start verməsindən ciddi şəkildə narahat olmağa başladı və prosesləri əngəlləmək üçün dərhal hərəkətə keçdi. Ən maraqlısı da budur ki, Moskva bunu birbaşa, açıq şəkildə yox, dolayısı yolla etdi. Ermənistanın rusiyameylli radikal müxalifət kəsimini, Robert Köçəryan-Serj Sərkisyan tandeminin idarə etdiyi revanşist qüvvələri qabağa verdi”. 

Ə.Hüseynov vurğulayıb ki, Kreml İrəvanı real addımlar atmağa imkan vermir:

“Bulanlıq suda balıq tutmaq və yaxud, “ilanı Seyid Əhməd əliylə tutmaq” zatən Kremlin köhnə adətidir. Kremlin diktəsi ilə artıq iki aya yaxındır ki, davamlı mitinqlər, itaətsizlik aksiyaları keçirən Ermənistanın revanşist müxalifətinin təxribatçı addımları və çağırışları İrəvanı konstruktiv mövqe tutmağa, “tilsim”i qırmağa, sülh istiqamətində real addımlar atmağa qoymur. Moskva bu məkrli “ssenari”ni çox incəliklə düşünüb. Nə də olmasa, orada “hibrid müharibə”, “asimmetrik müharibə”, “proksi müharibə” planlarını cızmağı çox yaxşı bacarırlar”.

Aynurə Pənahqızı
Demorkat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top