Türkiyə bu məsələdə bir daha səhv etmək istəmir — Politoloqdan AÇIQLAMA

GÜNDƏM 17 may 2022, 14:50
Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiya və İsveçin NATO-ya daxil olmasına müsbət baxmadığını açıqca ifadə edib. 

Məsələ ilə bağlı politoloq Turab Rzayev Demokrat.az-a açıqlamasında bildirib ki, Türkiyənin etirazının səbəbi bir neçə amillə bağlıdır:

“Ümumiyyətlə, Türkiyənin İsveç mövqeyində iki fərqli məsələ var. Birinci məsələ odur ki, İsveç açıq şəkildə PKK-nı dəstəkləyən ölkədir. İsveçdə PKK qurumları və institutları açıq şəkildə fəaliyyət göstərirlər, hətta parlament, ölkə rəhbərləri belə PKK ilə görüşlər keçirir. Bundan başqa, İsveçdə açıq şəkildə PKK fondları var ki, İsveç hökuməti özü belə PKK-ya əlaqəli təşkilatlarla pul köçürür. Bu, açıq şəkildə bilinən faktlardır. Məsələn İl ərzində 400-500 milyon, bəzən milyarda yaxın pullar köçürülür. Hansı ki, həmin fondlar PKK-nı dəstəkləyir, ona aid olan fondlardır. Türkiyədəki çevriliş cəhdindən sonra Türkiyədən köçüb Finlandiyada, İsveçdə yaşayan xeyli şəxslər var ki, onlar da həmin ərazilərdə məskunlaşıblar. Və Türkiyənin israrlarına baxmayaraq, nə PKK aktivistlərini, nə də ki, çevrilişdə ittiham olunan şəxslərin heç biri Türkiyəyə qaytarılmayıb. Bunu Türkiyə şərt kimi qoyub”.

Politoloqun sözlərinə görə, Türkiyə bu məsələdə bir daha səhv etmək istəmir:



“Türkiyə bir dəfə bu məsələdə səhv edib. O, Yunanıstanın NATO-ya üzv olunmasına etiraz etmədi. Yunanıstan isə söz verdi ki, heç bir vaxt Türkiyə-Avropa əlaqələrinə zərər vurmayacaq. Amma Türkiyənin Avropa İttifaqına üzvlük məsələləsində və ya digər məsələlərdə həmişə həm Yunanıstan, həm də Yunan Kipri Türkiyə əleyhinə veto səsindən istifadə ediblər və onun əleyhinə qərarlar qəbul ediblər. Belə demək mümkünsə, bu məsələdə Türkiyəni aldadıblar. Türkiyə aldanıldığı üçün ikinci dəfə bu tələyə düşmək istəmir. Düzdür, İsveç nümayəndə heyəti gələcək və Türkiyəyə müəyyən sözlər verəcək. Əlbəttə ki, bu sözlər inandırıcı deyil və İsveçin mövqeyi ortadadır. İsveç açıq şəkildə PKK ilə qol-boyun olan bir ölkədir”.

Türkiyənin Rusiya ilə sərhəddə əlavə gərginləşmə istəmədiyini qeyd edən politoloq vurğulayıb ki, İsveç və Finlandiyanın NATO-ya daxil olması Rusiyanı qıcıqlandıracaq addımdır: 

“Rusiya dəfələrlə buna sakit qalmayacağını və cavab verəcəyini bildirb. Artıq 5 ədəd “İsgəndər” raketi Finlandiya sərhədlərinə yola çıxıb. Türkiyə regionda eskalasiya istəmir. Buna görə, Türkiyə İsveçin və Finlandiyanın NATO üzvülüyünü mənasız addım olaraq görür və bu mövqeyində də qalır. Düşünürəm ki, Türkiyənin daha çox indiki məqamda narahat edən məsələ PKK məsələsidir. Türkiyə burada Finlandiyaya və İsveçə qarşı şərt qoysa da, əsasən qoyduğu şərt ABŞ-a aiddir. Bu yaxınlarda Amerika Birləşmiş Ştatları yenə Suriyanın PKK qoluna investisiya qoyanlara şərait yaratdı və onlara siyasi, hərbi yardım davam edir. Aydın məsələdir ki, Türkiyə cənubunda Suriya əvəzinə PKK dövlətinin yaradılmasına etiraz edir. Bu etiraz təkcə  İsveç və Finlandiyaya deyil, eyni vaxtda ABŞ və PKK-nı dəstəkləyən digər Avropa ölkələrinə qarşıdır”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top