Vüsalə Mahirqızı: “Bu, yazılı mətbuatımız üçün yaxşı töhfədir”

GÜNDƏM 13 may 2022, 16:07
“Medianın İnkişafı Agentliyinin bu istiqamətdə olan fəaliyyətini alqışlayıram”

“Azərbaycanda kütləvi informasiya məhsullarının, kitabların və dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalının və satışının əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi çox yaxşı xəbərdir”.

Bunu Demokrat.az-a açıqlamasında APA Media Holdinqin baş direktoru Vüsalə Mahirqızı deyib. 

O hesab edir ki, bu, yazılı mətbuatımız üçün yaxşı töhfədir:

“Bilirik ki, elektron medianın, internetin sürətli inkişafı böyük tarixi olan yazılı media üçün böyük bir problem yaradıb. Çünki qəzet oxunma ənənəsi çox azalıb. Bu da həm qəzet satışlarına, həm də onların reklam gəlirlərinə ciddi şəkildə təsir edib. Təbii ki, belə bir vaxtda qəzet kağızının və satışının əlavə dəyər vergisi ilə işləməsi qəzetinin qiymətinin bahalaşmasını zəruri edirdi.  

Eyni zamanda, qəzetin satışı biznes strukturlarını və satış yayım şirkətlərinicəlbedici etmirdi. Əlbəttə ki, bu qərar Azərbaycanda kitab satışına və  inkişafına da əhəmiyyətli töhfəsini verəcək”. 

Baş direktor əlavə edib ki, bu istiqamətdə Medianın İnkişafı Agentliyinin mühüm fəaliyyətləri olmuşdur:

“Təbii ki, Medianın İnkişafı Agentliyinin bu istiqamətdə olan fəaliyyətini də alqışlayıram. Çünki, agentlik dəfələrlə bu məsələni qaldırmışdır və çox yaxşıdır ki, bu gün o, öz müsbət həllini tapdı”. 

V.Mahirqızı bu gün gənclərin kitaba olan marağından da söhbət açıb:

“Bəzən gənclərimizin kitab oxumaması ilə bağlı çox ciddi şikayətlər eşidirəm. Amma, açığı mən yeni gəncliklə bağlı bunu demək istəmirəm. Çünki, özüm də tez-tez kitab mağazalarına baş çəkirəm və orada gənclərin, xüsusən yaşı 30-a çatan insanların müxtəlif dillərdə və müxtəlif maraq dairələri olan kitablarla çox geniş maraqlandığını görürəm. 

Ümumiyyətlə, kitab mağazalarımızda hər zaman çoxlu müştəri görürəm. Ona görə də, düşünürəm ki, kağız və çap məhsullarının ƏDV-dən azad olunması həm sahibkarları kitab mağazalarının sayının çoxaltmasına, həm də kitab şəbəkəsi ilə məşğul olan insanları daha keyfiyyətli kitab çapına həvəsləndirəcək. 

Eyni zamanda, lisenziyalı, icazəli, daha müasir oxunaqlı kitabların nəşri, çapı, tərcüməsi üçün əlavə vəsaitlərin qalmasına köməklik edəcək. Ona görə də, bugünkü qərarı alqışlayıram”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top