Şuşada milli bayrağımızın qürurla dalğalanması Heydər Əliyev siyasətinin təntənəsidir

GÜNDƏM 10 may 2022, 12:17
Tarixdə adı dövlətçiliyin simvoluna çevrilən az sayda liderlər var. Müstəqil dövlətçiliyimizin ən müasir tarixi belə Liderin adı ilə bağlıdır, Onun ideyaları dünənimizin, bugünümüzün və gələcəyimizin əsasıdır. Ulu öndər Heydər Əliyevin adı çəkiləndə göz önünə Azərbaycanın, Azərbaycan deyiləndə Ümummilli Liderin gəlməsi də bu bağlılığın möhkəmliyini nümayiş etdirməklə yanaşı, dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyasının aydın təsəvvürünü yaradır. Ulu öndər Heydər Əliyevin “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!” fikirləri də özündə bütün məqamları ehtiva edir.

Ulu öndər Heydər Əliyev adını tarixə müstəqilliyimizin xilaskarı, qarantı kimi yazdı

Artıq ilyarımdır ki, tartixi Zəfərimizin sevincini yaşayırıq. Bu Qələbəmiz Heydər Əliyev yolunun uğurlarının təqdimatıdır. Əgər 1993-cü ildə Ümummilli Lider xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycan adlı dövlətin varlığından danışmaq münkün olmazdı. Ulu öndər Heydər Əliyev adını tarixə müstəqilliyimizin xilaskarı, qarantı kimi yazdı. Müstəqilliyimizin yenidən bərpasının ilk illərində yaşananlara nəzər salmaqla Ulu Öndərin xidmətlərinin böyüklüyünü, əvəzolunmazlığını böyük qətiyyətlə qeyd edə bilərik. Müstəqilliyimizin bərpasının ilk illəri tariximizin qara səhifələridir. Dövlət başçısı İlham Əliyev daim çıxışlarında bu vəzifəni qarşıya qoyur ki, müstəqillik tariximizin ayrı-ayrı dövrləri paralel şəkildə təhlil olunmalı, gələcək nəsillərə çatdırılmalı, onlar müstəqillik yolumuzun heç də hamar olmadığını bilməlidirlər.

1991-ci ildən 1993-cü ilin iyununadək olan dövr Azərbaycanın həyatında təlatümlü dövr idi. Ölkəmiz müstəqiliyini yenidən bərpa etsə də səriştəsiz, idarəçilik qabiliyyəti olmayan, şəxsi ambisiyalarını dövlət və milli maraqlardan üstün tutan antimilli ünsürlərin xəyanətləri  ucbatından xalqımız bu sevinci yaşaya bilmədi. Xaos, anarxiya, özbaşınalıqlar, vətəndaş qarşıdurması, iqtisadi böhran, torpaqlarımızın işğalı həmin illərin xarakterik cəhətləri idi. Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə bugünkü Azərbaycanın reallıqlarının əsasını qoydu.

Ulu öndər Heydər Əliyev siyasi sabitliyin təminatçısı kimi nüfuz qazandı. 1991-1993-cü illərin xaosundan, anarxiyasından, vətəndaş qarşıdurmasından, Azərbaycanı parçalanmaqdan xilas edən Ümummilli Lider ölkənin gələcək inkişaf strategiyasını müəyyən etdi və onun həyata keçirilməsi üçün mühüm addımlar atdı. Ulu Öndərin 1993-cü ilin oktyabrında Prezident seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi. Dahi şəxsiyyət, ilk növbədə, ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş apardı, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edildi. Ümummilli Lider bildirirdi ki, əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz. Ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində ölkədə sabitlik yaradıldı, Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi. 1994-cü il may ayının 12-də Ermənistanla atəşkəs sazişinin imzalanması ölkədə sabitliyin yaradılmasında, torpaqlarımızın işğalının qarşısının alınmasında, eyni zamanda, digər sahələrin inkişafı istiqamətində mühüm addımların atılmasında əhəmiyyətli rol oynadı.

Ümummilli Lider milli birlik rəmzinə çevrilən dünya azərbaycanlılarının həmrəyliyini təmin etdi

Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən Onun dünya azərbaycanlılarının birliyi, həmrəyliyi istiqamətində atdığı addımları xüsusi qeyd etməliyik. Dahi şəxsiyyət fəaliyyətinin əsas istiqaməti kimi diqqəti ölkəmizin ətrafında yaradılan informasiya blokadasının yarılmasına yönəldərək dünya azərbaycanlılarını bir amal-azərbaycançılıq ideyası ətrafında sıx birləşməyə çağırdı. Bu fikir səbəbsiz olaraq söylənilmir: Ulu öndər Heydər Əliyev Azərbaycanı azərbaycanlılara, azərbaycanlıları isə özünə qaytardı. Xalqın tarixi yaddaşının özünə qaytarılması, dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın birliyi, həmrəyliyi Azərbaycanın surətli inkişafında hərəkətverici qüvvəyə çevrildi. Ulu Öndər hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olarkən – 1990-cı il noyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağını Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq etmiş, Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdı. O cümlədən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması barədə qərar qəbul edildi. Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq oldu. Bu gün Dünya Azərbaycanlıların Həmrəyliyi Günü dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqənin qurulmasında, onlar arasında birlik və həmrəyliyin yaradılmasında mühüm rol oynayır. Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra diaspor quruculuğu dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. Ümummilli Liderin təşəbbüsü ilə 2001-ci il noyabr ayının 9-10 tarixlərində Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların bir mərkəzdən idarə olunmasının təməli qoyuldu. Dahi Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi Azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada yerini müəyyən etmiş, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri deyil, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi. Ümummilli Liderin “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” fikirləri hər bir azərbaycanlı üçün milli qürur rəmzinə çevrilmişdir.

Azərbaycan xalqının tarixinə, milli-mənəvi dəyərlərinə, keçmişinə və bugününə bağlılığının göstəricisi məhz dünyaya səs salan tarixi Zəfərimizdir. Dünya azərbaycanlılarının həqiqətlərimizin təbliğinə verdikləri töhfələrin Azərbaycanın diplomatik mübarizədə qələbəsində öz payı oldu. 44 günlük İkinci Qarabağ müharibəsində də bu birlik, həmrəylik öz sözünü dedi. Tarixi Zəfərimizin reallıqları fonunda özünün V Zəfər Qurultayını Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi, Türk dünyasının mədəniyyət paytaxtı Şuşamızda keçirən dünya azərbaycanlıları postmünaqişə dövrünün reallıqlarının həyata keçirilməsində üzərlərinə düşən vəzifələri müzakirə etdilər, soydaşlarımızın tezliklə öz doğma yurd-yuvalarına Böyük Qayıdışının gerçəkləşməsinə dəstəklərini ifadə etdilər. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəfər Qurultayındakı proqram xarakterli nitqində xalqımızın məğrurluğunun, yenilməzliyinin təqdimatı olan Qələbəmizin daimi olacağını, bu torpaqlarda əbədi yaşayacağımızı böyük əminliklə ifadə etdi. 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrilən “Qarabağ Azərbaycandır!” fikri bir daha Zəfər Qurultayından dünyaya bəyan edildi.

İqtisadi inkişaf strategiyasının müəllifi

Ümummilli Liderin ölkədə sabitliyi təmin etməsi Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayının artmasında əhəmiyyətli rol oynadı. 1994-cü il sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi” kimi daxil olan dünyanın nəhəng transmilli şirkətləri ilə neft kontraktı imzalandı. Öz təbii sərvətlərinin sahibi olması xalqımızın ən böyük istəklərindən biri idi. Xalqımız uzun illər ürəyində gəzdirdiyi bu arzusuna nail oldu.  Ümummilli Liderin müəllifi olduğu neft strategiyası Azərbaycanın qarşısında geniş imkanlar açdı. Ölkəmizə inam artdı. Azərbaycan qısa zamanda böyük investisiyalar məkanına çevrildi, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirdi. Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri reallığa çevrildi. Azərbaycan regionun aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi mövqeyini möhkəmləndirdi. Məhz qazanılan bu inam, etimad son 18 ildən artıq müddətdə ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında daha mühüm layihələrin icrasını, eyni zamanda, “Yeni əsrin müqaviləsi”nin imzalanmasını şərtləndirdi. 2014-cü ildə çoxtərəfli əməkdaşlığın əsası olan Cənub Qaz Dəhlizinin təməli qoyuldu və 2018-ci ildə rəsmi açılışı oldu. Həmin ilin iyununda bu layihənin əsas tərkib hissəsi olan TANAP, 2020-ci ilin dekabr ayının 31-də isə TAP istifadəyə verildi. Bununla da Cənub Qaz Dəhlizinin uğurlu icrası başa çatdı. Azərbaycan bu gün də gündəmə gətirilən hər bir layihənin uğurlu sonluqla başa çatmasında maraqlıdır və bu istiqamətdə böyük qətiyyət və iradə nümayiş etdirir.

Demokratik inkişaf dövlət siyasətinin əsasıdır

Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri demokratik təsisatların inkişafı, demokratikləşmə prosesini daha da sürətləndirmək, dövlətçiliyimizin əsaslarını yaratmaq üçün müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanması və qəbuludur. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının müəllifi olan Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratdı. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul olunan Konstitusiya sonrakı illərdə dövrün, zamanın tələblərinə uyğun olaraq təkmilləşdi, yeni əlavələrin və dəyişikliklərin edilməsi üçün ümumxalq səsverməsi keçirildi. Konstitusiyaya 3 dəfə əlavə və dəyişiklər edilib ki, bunun biri 2002-ci ildə Ümummilli Liderin hakimiyyəti, ikisi- 2009 və 2016-cı illər Prezident İlham Əliyevin dövründə həyata keçirilib. İnsan hüquq və azadlıqlarının qorunmasına və yeni müdafiə mexanizmlərinin yaradılmasına, idarəçilik sistemində təkmilləşməyə xidmət edən bu əlavə və dəyişikliklərin hazırda ölkəmizin inkişafında rolu böyükdür və göz önündədir.

Dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində növbəti addımlar atıldı: məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və Ombudsman təsisatının yaradılması, ölüm hökmünün ləğv edilməsi və onlarla digər bu kimi islahat xarakterli demokratik təşəbbüslər bilavasitə Heydər Əliyevin gərgin əməyinin nəticəsidir. Həmçinin Ulu Öndərin humanizm siyasətinin göstəricisi kimi əfv sərəncamları imzalandı, Amnistiya aktları qəbul olundu. Bu günədək imzalanan 60-dan artıq əfv Sərəncamının 32-si Ulu Öndərin hakimiyyəti dövrünə təsadüf edir. Demokratikləmə prosecinin sürətləndirilməsini ölkənin hərtərəfli inkişafının əsası kimi dəyərləndirən Prezident İlham Əliyev uğurlu islahatları ilə Azərbaycanı demokratiya təcrübəsi nümunə olan ölkəyə çevirdi.

Milli mətbuata göstərilən dəstək ulu öndər Heydər Əliyevin cəmiyyətdə demokratik münasibətlərin inkişafına xidmət edən siyasətinin əyani təzahürüdür. Ümummilli Liderin 1998-ci il 6 avqust tarixli “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edildi. Ulu öndər Heydər Əliyev bütün dövrlərdə mətbuatın inkişafına prinsipial diqqət ayırırdı. Mətbuat işçiləri ilə mütəmadi təşkil olunan görüşlər, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar, imzalanan Fərman və sərəncamlar azad mətbuatın bugünü üçün möhkəm təməl yaratdı. Milli mətbuatın inkişafına göstərilən dəstəyə görə Ulu Öndər 2002-ci ildə (RUH) Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən təsis olunmuş “Jurnalistlərin dostu” mükafatına layiq görüldü.

Ulu Öndər müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordu quruculuğu sahəsində də mühüm uğurların müəllifidir

Dahi rəhbərin hələ Sovet dönənimdə - 1969-cu ildə hakimiyyətə gəlişindən sonra Onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Ulu Öndərin gərgin səyləri nəticəsində 1971-ci ildə Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail olundu. Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu dövlət siyasətinin əsası kimi öndə dayandı. İqtisadiyyatın aynası kimi dəyərləndirilən dövlət büdcəsində müdafiə xərcləri ilk yerdə qərar tutdu. Müharibə şəraitində yaşayan ölkə olaraq güclü, qüdrətli orduya sahib olmaq əsas idi. Ulu öndər Heydər Əliyevin “Sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordun olmalıdır” tezisi həyata keçirilən siyasətin əsasında dayandı. Müstəqilliyin ilk illərində ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr Ali Baş Komandan Heydər Əliyevin məqsədyönlü və qətiyyətli siyasəti nəticəsində ləğv edildi, Milli Ordunun formalaşdırılması, Azərbaycanın nizami Silahlı Qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü, orduda kütləvi fərarilik hallarına son qoyuldu, hərbi nizam-intizam möhkəmləndirildi. Ulu Öndərin 1998-ci il 22 may tarixli Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Bu gün Zəfər tarixini yazan, dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşan Azərbaycan Ordusu yaradılan möhkəm təməl üzərində daha da inkişaf edir, möhkəmlənir, güclənir.

Dünyanın siyasi xəritəsində Heydər Əliyev zirvəsinə nəzər yetirdikdə Azərbaycanın regionda və dünyada söz sahibliyini təmin etməyin prioritetliyi xüsusi diqqət çəkir

“Azərbaycan dünyaya Günəş kimi doğacaq” tezisində ulu öndər Heydər Əliyevin ən böyük arzusu ifadə olunurdu. Ümummilli Lider bu arzusunun fonunda, həmçinin belə bir inamını da ifadə edirdi ki, bu çətin günlər gəlib keçəcək, hər bir azərbaycanlı belə qüdrətli, zəngin Azərbaycanın vətəndaşı olması ilə qürur duyacaq.

Kiçik bir ölkə ulu öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi. Qısa müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yarandı, uğurlar əldə olundu. Yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başladı. Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qaldırıldı. Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından Ulu Öndər həmişə öz sözü və çəkisi ilə seçilmişdir. Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur. Fəal diplomatiyanın nəticəsində dünyanın demokratik dövlətlərinin və aparıcı beynəlxalq təşkilatların ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsi mümkün olmuşdur. Ulu öndər Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil edirdi. Yeni kollektiv sənədlərə və beynəlxalq müqavilələrə qoşulan Azərbaycan bu gün özünün coğrafi mövqeyindən, təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə əsasında bir çox dövlətlərlə və beynəlxalq qurumlarla əməkdaşlıq edərək Böyük İpək Yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələrini səmərəli şəkildə həyata keçirir. Ulu Öndərin xarisi siyasət sahəsində yaratdığı möhkəm təməl tarixi Zəfərimizdə öz sözünü dedi. İstər ulu öndər Heydər Əliyevin hakimiyyəti, istərsə də son 18 ildən artıq müddətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə xarici siyasətimizin əsas məsələsi olan, hazırda tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həllində möhkəm hüquqi bazanın yaradılması, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasına nail olunması əsas hədəf oldu. Ümummilli Liderin xarici ölkələrə elə bir səfəri olmayıb ki, Dağlıq Qarabağ münaqişəsi əsas müzakirə mövzusu olmasın. Azərbaycanın ətrafında yaradılan informasiya blokadası yarıldı, dünyanın əksər dövlətləri və beynəlxalq təşkilatları ikili standartlara əsaslanan siyasətə uyğun olaraq işğalçını adı ilə çağırmaq istəməsələr də, Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu nəinki bilir, hətta bunu qərar və qətnamələrində qeyd edirdilər. Azərbaycanın tarixi Zəfərində möhkəm hüquqi bazanın mövcudluğu əsas rol oynadı.

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır

Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısında xidmətlərindən bəhs edərkən hazırda Qafqazın ən böyük siyasi partiyası imicini qazanan Yeni Azərbaycan Partiyasının yaradıcısı olmasını xüsusi qeyd etməliyik. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yarandı. Azərbaycanın taleyini düşünən, xalqın böyük əksəriyyətinin istəyini ifadə edən 91 nəfər ziyalı ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. YAP-ın Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu təsis konfransı 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi. YAP yarandığı gündən xalqın partiyasına çevrildi. Milyonların partiyası imicini qazanan Yeni Azərbaycan Partiyası sözlə əməl birliyi, monolitliyi əsasında sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da zənginləşdirdi, nəinki ölkənin, regionun aparıcı təşkilatına çevrildi. Son 18 ildən artıq dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən YAP-ın sıralarında hazırda 800 minə yaxın üzv birləşib. İlk gündən dövlətə, xalqa xidməti fəaliyyətinin önündə saxlayan YAP cəmiyyətin avanqard qüvvəsi kimi bütün proseslərin mərkəzində dayanır. İrəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlar ilə ölkə ictimaiyyətinin dərin rəğbətini qazanan YAP ötən il VII qurultayını Zəfərimizin reallıqları fonunda keçirərək qarşıdakı dövrün hədəflərini açıqladı. Yeni tərkibin formalaşması, partiyanın yeni Nizamnaməsinin qəbulu, yeni Proqramının təqdimatı gələcək uğurlarımızın aydın mənzərəsini yaradır. Partiyanın Zəfər ab-havasında bu il keçiriləcək 30 illik yubileyi keçilən yolun təhlili fonunda Heydər Əliyev irsinin təbliğinə böyük töhfə olacaq. Bir daha Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycanın uğurlarından, partiyanın töhfələrindən bəhs olunaraq zamana sığmayan şəxsiyyətin böyüklüyü, Vətən, torpaq sevgisi və bu fonda xidmətləri diqqətə çatdırılacaq. Ümummilli Liderin irsi xalqımızın böyük sərvətidir, bu sərvəti qorumaq və gələcək nəsillərə çatdırmaq hər birimizin vətəndaşlıq borcudur.

Ulu öndər Heydər Əliyev 2003-cü ildə inamın növbəti ünvanını göstərməklə dövləti, xalqı qarşısındakı xidmətlərinin miqyasını sonsuz etdi

Ümummilli Liderin xalqımız qarşısında ən böyük xidməti 2003-cü ildə göstərdiyi növbəti inamın və etimadın ünvanı oldu. Ulu Öndər bu tarixi müraciəti ilə əsasını qoyduğu siyasəti davam etdirə biləcək dəqiq ünvanı xalqa bu sözlərlə göstərdi: "...Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili, təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Prezident İlham Əliyev bu inamı və etimadı doğruldaraq, Ümummilli Liderin strateji inkişaf kursunu əzmlə davam etdirərək dövlətimizi tarixinin ən qüdrətli mərhələsinə çatdırdı. Möhtərəm Prezidentimiz Ulu Öndərin Azərbaycançılıq amalına sadiqdir. Ölkə rəhbəri qloballaşma dövründə bu ideologiyanı müasir çağırışlara uyğun daha da zənginləşdirmiş, Azərbaycançılıq konsepsiyasını bu gün cəmiyyətin təkamülünün ideya əsasına çevirmişdir. Prezident İlham Əliyev bu xüsusda demişdir: "Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Bu gün qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir. Bizim dövlətçiliyimizin çox möhkəm ideoloji əsasları vardır. Azərbaycançılıq məfkurəsi bizim əsas ideoloji dayağımızdır".

Dövlət başçısı İlham Əliyev ölkəyə rəhbərlik etdiyi 18 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirir. Azərbaycan ən islahatçı, demokratiya təcrübəsi nümunə göstərilən, sözünün imzası qədər əhəmiyyəti olan ölkə, sabitlik məkanı, etibarlı tərəfdaş kimi tanınır və nüfuz qazanır. İlyarımdan artıqdır ki, bu sıraya qalib Azərbaycan da yazılıb. Bütün uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimiz Azərbaycanın sözünün imzası qədər əhəmiyyəti olduğunu, prinsipial mövqeyinin dəyişməzliyini nümayiş etdirdi. 44 gündə 30 ilin işğalına son qoyan Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə yazdığı tarix əsasında işğalçı Ermənistana heç vaxt unuda bilməyəcəyi dərsi verdi. Dövlət başçısı İlham Əliyev Ermənistanla yanaşı, onun havadarlarına keçdiyi ədalət, hüquq, milli qürur dərsi ilə Azərbaycan xalqının tarixinə sahib çıxan, məğrur, yenilməz xalq olduğunu təsdiqlədi. 44 günlük Vətən müharibəsi ulu öndər Heydər Əliyevin “Hər şey bizim gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır” tezisinin davamı olaraq Prezident İlham Əliyevin “Gənclər milli ruhda tərbiyə olunmalı, dövlət maraqlarını qorumalıdırlar” fikirlərinin real həyatda təsdiqi oldu. Azərbaycan gəncləri silaha sarılaraq “Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir” prinsipini öndə saxlayaraq qanları, canları ilə tarix yazdılar, şəhidlik zirvəsinə ucaldılar. Bu gün bu qəhrəmanlığın, şücaətin nəticəsi olaraq Qarabağımız, o cümlədən Şuşamız azaddır. Bütün işğaldan azad edilmiş torpaqlarımızda Azərbaycanın üçrəngli bayrağı dalğalanır, bərpa və quruculuq işləri geniş vüsət alıb. Böyük Qayıdışın astanasındayıq. Azərbaycanın, Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa dünyanın mədəniyyət və diplomatiya mərkəzlərindən birinə çevrilib. Çal-çağırlı Şuşa qonaqlarını qarşılayır. Ötən il bərpa olunan “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri ənənəsinin davamı olaraq Şuşa bu il yenidən bu mədəni tədbirlərin yüksək səviyyədə təşkili üçün çalışır. Bu sıralamanı xeyli sayda artıra bilərik.

Heydər Əliyev Fondunun uğurlarımıza töhfələri misilsizdir

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın Azərbaycançılıq ideologiyasının möhkəmlənməsində böyük xidmətləri vardır. Mehriban xanımın təşəbbüsü ilə beynəlxalq səviyyədə həyata keçirilən layihələr, mədəniyyət incilərimizin, milli-mənəvi dəyərlərimizin ölkə sərhədlərindən kənarda geniş təbliği azərbaycanlı milli ruhunu daha da gücləndirir, ölkəmizi multikulturalizm, tolerantlıq məkanına çevirir. Cəmiyyətimizdə milli birliyi sarsılmaz edir.

Heydər Əliyev irsinin təbliği məqsədilə yaradılan Heydər Əliyev Fondunun bununla bərabər ölkənin hərtərəfli inkişafına xidmət edən layihələri xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır. Təhsilin, səhiyyənin, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin inkişafı, tariximizin təbliği Fondun fəaliyyətində xüsusi yer tutur. Həqiqətlərimizin təbliğində əhəmiyyətli rol oynayan müxtəlif vəsaitlərin xarici dillərdə beynəlxalq ictimaiyyətə təqdim olunması, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası yüksək dəyərləndirilir. Mehriban xanımın Heydər Əliyev Fondunun prezidenti, 2017-ci ildə Azərbaycanın Birinci vitse-prezidenti kimi fəaliyyəti bir daha bu reallıqları təsdiqləyir ki, dövlətçiliyimizin inkişafı, Azərbaycanın qüdrətli, güclü, beynəlxalq aləmdə əsl söz sahibi kimi tanınan ölkəyə çevrilməsi prioritetdir. Dövlət başçısı İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində ölkəmiz ən yüksək zirvələri fəth edir, Zəfər sevincini yaşayır.

Bu uğurlar Heydər Əliyev siyasətinin təntənəsidir. Ulu öndər Heydər Əliyevin siyasi portretini, ideal Lider obrazını, zamana sığmayan şəxsiyyətini, milyonlarla dünya azərbaycanlılarının qürur ünvanı, sağlığında əfsanəyə çevrilən, həyatının hər bir məqamı örnək olan dövlət xadimi kimi fəaliyyətinin təhlilini bir yazıda əhatə etmək qeyri-mümkündür. Heydər Əliyevin fəaliyyətinin hər bir istiqaməti bir tədqiqat, araşdırma mövzusudur. Hələ neçə-neçə nəsillər bu məktəbdən bəhrələnəcək, Azərbaycanın dayanıqlı inkişafına töhfələr verəcəklər. Bu gün Azərbaycanın dünyaya təqdim olunan və nümunə göstərilən inkişaf modeli Heydər Əliyev siyasətinin uzaqgörənliyinin nəticəsidir. Heydər Əliyev yolu Azərbaycana daha möhtəşəm uğurlar qazandıracaq, daha yüksək zirvələri fəth etdirəcək. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vaxtilə işğal altında olan ərazilərimiz haqqında söylədiyi “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu. Biz onlarsız yaşaya bilmərik”, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də işğaldan azad edildiyi gün xalqımıza müraciətində dediyi “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” sözlərini xatırlamaqla Ümummilli Liderin 2003-cü ildə göstərdiyi inam, etimad ünvanının nə qədər doğru olduğunu, Prezident İlham Əliyevin verdiyi hər bir vədi konkret əməli işdə təsdiqlədiyini, ən əsası Heydər Əliyev siyasətinə sadiqliyin möhtəşəm uğurlara yol açdığını bir daha diqqətə çatdırırıq. Bu gün Ümummilli Liderin ruhu şaddır. Çünki bugünkü Azərbaycan Onun görmək istədiyi qüdrətli Azərbaycandır!



Vüqar Rəhimzadə, 
siyasi elmlər doktoru
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top