Xırdalanda oğul anasına xəsarət yetirdi — Təfərrüat

KRİMİNAL 10 may 2022, 09:52
Abşeron rayonunda 1990-cı il təvəllüdlü Elçin şəxsi münasibətlər zəminində anası Mehribana xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xırdalan şəhərində baş verib. 

Elçin birgə yaşadıqları evdə anası ilə mübahisə edib. Mübahisə zamanı anasını vuraraq ona xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Elçinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elçin törətdiyi cinayəti etiraf edib. O bildirib ki, anasının sözlərinə məhəl qoymaması və özünün də anası Mehribanı işə buraxmaması səbəbindən tez-tez aralarında münaqilər baş verib: “Təxminən məlum hadisədən bir həftə əvvəl anamın mobil telefonunu stolun üzərindən götürdüm, gödəkcəmin cibinə qoydum. Sonra evdən getmək istəyərkən anam qəfildən əl ataraq cibimdən həmin telefonu götürdü. Özüm isə anamın əlindən tutaraq  barmağını geri qatladım, telefonu əlindən aldım. Özüm ilə apardım”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, fevralın 2-də isə anası Mehribandan sabah işə gedib-getməyəcəyini soruşub: “Anam işə gedəcəyini dedi. Anama sabah işə getməməsini bildirdim. Bu səbəbdən yenidən aramızda mübahisə yarandı. Mübahisə zamanı əsəbimdən anamın mobil telefonun çarpayının üzərindən götürərək divara vurdum”. 

Zərərçəkmiş şəxs qismində ifadə verən Mehriban məlum hadisəni danışıb. O, sonda oğlu ilə barışdığını, ondan şikayətçi olmadığını deyib.

Bu cinayət işinə Abşeron rayon Məhkəməsində hakim Sevinc Quliyevanın sədrliyi ilə baxılıb. 

Hakim təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını nəzərə alıb. Bu səbəbdən onun barəsində olan cinayət təqibinə xitam verilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top