Azərbaycanda azad sahibkarlığın və liberal iqtisadiyyatın inkişafı diqqət mərkəzindədir

İQTİSADİYYAT 08 may 2022, 15:44
İqtisadi inkişafın əsas elementlərindən biri də ölkədə sahibkarlıq üçün əlverişli mühitin olmasıdır. Çünki iqtisadiyyatın tərəqqisi üçün rəqabət mühiti və şaxəli şəkildə inkişaf olmalıdır.

Hər bir ölkənin iqtisadi tərəqqisində onun azad sahibkarlıq və biznes mühitinin vəziyyəti vacib rol oynayır. Təbii ki,dövlətin təmin etdiyi azad bazar institutu ölkədə sahibkarlığın inkişafını stimullaşdırır, ona geniş meydan verir. Eyni zamanda, ölkədəki xarici sərmayəçilərə yaradılan mühitin şəffaflıq dərəcəsi iqtisadiyyatın inkişafının əsas göstəricilərindən biri hesab olunur. Müasir dünyada bazar iqtisadiyyatını azad sahibkarlıq fəaliyyəti və liberal iqtisadiyyat olmadan təsəvvür etmək mümkün deyil. Əlbəttə ki, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının təminatı özəl sektorun , kiçik və orta sahibkarlığın inkişafından asılı olduğu üçün respublikamızda sahibkarlığın inkişafı prioritet istiqamətlərdən biridir. 

Azad sahibkarlıq və liberal iqtisadiyyatdan danışarkən öncə onu xüsusi olaraq vurğulamaq yerinə düşər ki, son illərdə Prezident İlham Əliyevin siyasi iradəsi ilə həyata keçirilən davamlı tədbirlər sayəsində Azərbaycanda əlverişli biznes mühiti formalaşıb. Respublikamızda özəl sektorda fəallığın artmasını şərtləndirən bir sıra mühüm amillər sadalamaq mümkündür ki, onların sırasında bütün ölkə boyunca yaradılan yüksək səviyyəli infrastrukturun önəmini xüsusi vurğulamaq olar. Demək olar ki, ölkəmizdə özəl sektorun dinamik inkişafı üçün lazım olan bütün addımlar atılır.

Ölkəmizdə azad sahibkarlığın inkişafı istiqamətində görülən işlərdən danışan Milli Məclisin deputatı Vüqar Bayramov Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda liberal iqtisadiyyatın formalaşması, azad sahibkarlığın daha yaxından dəstəklənməsi prioritet məsələdir:

“Biz pandemiya dövründə azad sahibkarlığın yaxından dəstəklənməsini müşahidə etdik. Təbii ki, bu istiqamətdə də işlərin davam etdiriləcəyi planlaşdırılır. Nəzərə alsaq ki, yeni strategiyada da sahibkarların yaxından dəstəklənməsi əsas prioritetlər siyahısındadır. Bunlara həm güzəştli kreditlər, həm də digər təşviqedici, o cümlədən vergi güzəştlərinin tətbiq edilməsi formasında həyata keçirilməkdədir”.

Millət vəkili qeyd edib ki, ümumiyyətlə, bu sahədə Rəqabət Məcəlləsinin işlənməsi və qəbul edilməsi istiqamətində də intensiv işlər aparılır:

“Bütövlükdə Rəqabət Məcəlləsinin 2022-ci ildə artıq müzakirəsinin həyata keçirilməsi mümkün ola bilər. Çünki İqtisadiyyat Nazirliyi tərəfindən bu işlərin aparıldığı bildirildi. Ümumiyyətlə, Rəqabət Məcəlləsi bu istiqamətdə hüquqi bazanın möhkəmləndirilməsi üçün də vacibdir. Təbii ki, bu sahibkarlığın daha yaxından dəstəklənməsi və təşviq edilməsi üçün imkanlar yaradacaq”.

Onun sözlərinə görə, bütövlükdə azad sahibkarın fəxri xidmətlərinin əlçatanlığının artırılması prioritetdir:

“Hesab edirəm ki, biz bu istiqamətdə fəaliyyəti növbəti dövrlərdə, xüsusən də yeni strategiya çərçivəsində daha sistemli və intensiv şəkildə davam etdiriləcəyini müşahidə edəcəyik”.

Milli Məclisin deputatı, iqtisadçı-alim Rüfət Quliyev isə açıqlamasında vurğulayıb ki, Azərbaycanda  son neçə illərdə sahibkarlığın inkişafı üçün kifayət qədər işlər görülüb, mühüm qərarlar verilib. Deputat qeyd edib ki, sahibkarlıq və investisiya mühitinin inkişafı haqqında da bir sıra qanunlar qəbul olunub:

“Ölkəmizdə sahibkarlığın inkişafı üçün kifayət qədər yaxşı şərait yaradılıb. Ancaq bir sıra problemlər olduğu da sirr deyil. Biz deputatlar dəfələrlə bu problemləri səsləndirmişik. Bilirsiniz ki, sahibkarlıq sahəsində ən mühüm problemlərdən biri kredit faizlərinin yüksək olmasıdır. Mərkəzi Bankın yeni sədri çıxış edən də biz bir daha faizlərin aşağı olmasının vacibliyini vurğuladıq. Hesab edirik ki, faizlər ən azı bir rəqəmli olmalıdır. Heç olmasa ən azı 10-12 faizdən çox olmasın. Təbii ki, ondan yuxarı olan faizlər qeyri-məntiqli faizlərdir. Və bu faizlərlə sahibkarlıq işini nəinki inkişaf etdirmək, onu davam etməkdirmək belə çox çətindir. Ona görə ki, bütün dünyada bir meyar var. Meyar da onu deyir ki, sahibkar əgər ilə 10-12 faiz xalis gəlir əldə edirsə, o uğurlu bir sahibkar hesab olunur. Yəni, istisna hallar ola bilər. Burada söhbət qanuni bizneslərdən gedir. Bu da çox vacib və labüddür. Hesab edirəm ki, bu istiqamətdə mühüm işlər görülməlidir”. 

Millət vəkilinin sözlərinə görə, kredit faizlərinin aşağı olması üçün depozit faizləri aşağı salınmalıdır:

“Bu məsələ ilə bağlı Mərkəzi Bank dəfələrlə cavab verəndə depozit faizlərini arqument kimi gətirir. Mən də iqtisadçı alim kimi həmişə fikirlərini bildirmişəm ki, depozit faizlərini aşağı salmaq olar. Əgər depozit faizləri aşağı düşərsə, normalda kredit faizləri də aşağı düşə bilər. Qeyd edim ki, bizdə sahibkarlara kömək edən xüsusi qurum var. Düzdür, orada sahibkarlara 5-6 faiz çərçivəsində kreditlər verilir, ancaq ona ayrılan vəsait Azərbaycan üçün kifayət deyil, həmçinin sahibkarlığın inkişafı üçün yetərli sayılmır”. 

R.Quliyev vurğulayıb ki, bu gün ölkəmizdə sahibkarlıq həm inkişaf etməkdədir, həm də şaxələnməkdədir:

“Təbii ki, dövlətimiz sahibkarlığın inkişafı istiqamətində bir çox addımlar atır. Amma, əfsuslar olsun ki, bizim sahibkarlar bir o qədər də maraqlanmır. Çünki çoxu atılan addımları bilmir və fikir vermir. Qeyd edim ki, daha çox  kənd təsərrüfatının inkişafı istiqamətində dövlətimiz çox böyük işlər görüb. Bizim sahibkarlar da gərək bununla bağlı biraz diqqətli olsunlar, yaxşı mənada aqressiv olmalıdırlar və biznesə inamlıdırlar. Düzdür, biznes həmişə uğurlu ola bilməz, yəni bazar iqtisadiyyatının kredosu budur. Amalı budur ki, ancaq biznesini düzgün quran insanlar bu sahədə qalib gələ bilər. Bundan başqa, daimi 24 saat və 7 gün mübarizə aparmalıdır ki, biznesini inkişaf etdirsin. Bu bütün ölkələrdə belədir. Mən bunu açıq aydın hər dəfə “CBC” kanalında sahibkar saatında deyirəm. Biz həmin verilişə sahibkarları dəvət edirik, onlarla söhbət edirik. Onlardan hansı addımlar atıldığını, hansı addımların dövlət tərəfindən atılmasına ehtiyac olduğunu və s. soruşuruq. Təbii ki, bu sahə geniş olduğu üçün problemlər və onların həlli istiqamətində, dövlət tərəfindən görülən işlər barədə günlərlə danışmaq olar. Bir açıqlama ilə onun həllini göstərmək çətindir. Sadəcə onu qeyd etmək istəyirəm ki, 2022-ci ildəki sahibkarlığı 2017-ci illə müqayisə etsək, 90-95  əminliklə böyük müsbət dəyişiliklərin olduğunu deyə bilərik. Bu dəyişilikləri və inkişafı sahibkarlar özləri də etiraf edirlər”.

Aynurə Pənahqızı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Mövzu - Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top