Anar Həsənov: “Ermənistanda görünən bu virtual xaos bizdə çaşqınlıq yaratmamalıdır”

GÜNDƏM 07 may 2022, 15:55
“Ermənistan seçicisi hazırda ölkədəki müxalifətə güvənmir”.

Bunu Demokrat.az-a açıqlamasında Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti, siyasi jurnalist Anar Həsənov son günlər Ermənistanda baş tutan müxalifət mitinqlərini şərh edərkən deyib.

“Ermənistan əhalisi yaxşı başa düşür ki, bu müxalifətin yenidən Qarabağı qaytarmaqla, işğal etməklə bağlı hər hansı resepti yoxdur. Təbii ki, onların dediklərinə də xalq inanmır. Əgər bu gün Paşinyan getsin, yerinə Koçaryan, yaxud da Petrosyan gəlsin. Regionda nə dəyişir? Məgər, Rusiyanın Ermənistana olan münasibəti Paşinyana görədir? Bu, əsla belə deyil. Yaxud, Köçəryana görə dəyişəcək? Yenə də xeyir”.

Siyasi-şərhçi əlavə edib ki, Ermənistanın tutduğu və apardığı siyasi xətt, ümumiyyətlə, regiondakı dövlətlərin maraqlarına ziddir:

“Onun siyasi xətti təkcə Azərbaycanın və Türkiyənin yox, həm də Rusiyanın maraqlarına, o cümlədən İranın maraqlarına da qismən ziddir. Əsasən də, burada söhbət Rusiyadan gedir, çünki İran bu məsələdə moderator deyil.  Ona görə də, Ermənistan müxalifətinə xalq dəstək verməyəcək. İkinci bir məsələ isə Ermənistanın baş nazirinə hər hansı bir sui-qəsd ehtimalları var. Ancaq məsələ ondan ibarətdir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın xalq arasında, seçici arasında müxalifətin dayaqlarından daha çoxdur. Ermənistan demokratik dövlətdir və orada seçkilər şəffaf olur, ələlxüsus da Paşinyanın hakimiyyətə gəlməsindən sonra .  O baxımdan son seçkilər göstərdi ki, xalq Paşinyana etimad göstərir və ona görə bugünkü görünən bu səs-küy, davamlı mitinqlər, aksiyalar əslində real politikadan daha çox, virtual politikadır. Bunu da yaradan kütləvi informasiya vasitələridir. Kütləvi informasiya vasitələri bu xaosu daha da dramatikləşdirir, daha da böyüdür, tamam fərqli və böyük miqyaslarda cəmiyyətə ötürə bilir. Ona görə ki, Ermənistan müxalifəti zəngindir, Ermənistan müxalifətində kütləvi informasiya vasitələri var və Ermənistan müxalifəti Rusiyada, qonşu dövlətlərdə birmənalı olaraq zərərli bir qüvvə kimi tanınmır. Əgər bu mitinqlər Gürcüstanda olsaydı Saakaşvili tərəfdarları tərəfindən o zaman Rusiya mətbuatı həmin an ona qarşı öz addımlarını atacaqdı, onu pisləyəcək və onun haqqında mənfi obraz yaratmağa çalışacaqdı. Yaxud da ki, əsasən də rus dilli seqmentdə ancaq bu pisləniləcəkdi. Ancaq burada bu mitinqlər Rusiya üçün rəqib və problem deyil. Ona görə də, Rusiya bu məsələdə neytraldır”. 

“Amma, bu neytrallıq o demək deyil ki, Ermənistan müxalifəti Rusiya tərəfindən dəstəklənir. Ermənistanla bağlı siyasi dəsti xətti ardıcıldır, sistemlidir və Rusiya orada hakimiyyətin dəyişilməsində maraqlı deyil. Biz çox hadisələri xatırlaya bilərik. Bütün bunlar onu əks etdirir ki, Rusiya hakimiyyətinin Ermənistanın siyasi rəhbərləri ilə adekvat, normal münasibətləri var. Elə olduğu halda, Rusiyanın Ermənistanda hakimiyyət dəyişdirmək fikri yoxdur. Belə olduğu halda, Ermənistanda  görünən bu virtual xaos bizdə çaşqınlıq yaratmamalıdır, müxalifətin böyük qüvvəsi yoxdur. Təbii ki, bunlar davam edəcək. Ermənistan siyasi tipinə görə, siyasi rejim demokratikdir. O baxımdan da Ermənistanda bunlar davamlı oalacq. Bundan başqa, Ermənistanda hakimiyyət həmişə Qarabağ iddiaları ilə davam edəcək. Bu, Ermənistanın bundan sonrakı 10-20 illik bir siyasi həyatıdır. Təbii ki, meydanda olan siyasi görüntüləridir. Bu davamlı olacaq və bəzən də müəyyən tarixi hadisələrlə bağlı onların miqyası böyüyəcək, bəzən kiçiləcək. Ancaq, bunların hakimiyyəti dəyişmək gücü yoxdur,”-deyə A.Həsənov fikirlərini yekunlaşdırıb.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top