Politoloq: “İqtisadi sanksiyalar Rusiyanın Ukraynaya aqressiyasını daha da artırır”

GÜNDƏM 05 may 2022, 18:41
“Avropa İttifaqı Rusiya-Ukrayna müharibəsi başladığı ilk gündən Rusiyaya qarşı müxtəlif istiqamətdə iqtisadi sanksiyalar tətbiq etməkdədir”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Xəyal Bəşirov deyib. Politoloq vurğulayıb ki, təkcə Avropa İttifaqı deyil, o cümlədən ABŞ və Böyük Britaniya başda olmaqla, kollektiv Qərb dünya dövlətlərinin bu və ya digər formada Rusiya ilə müttəfiqlik edən dövlətləri də bu sanksiyalara qoşulmağa çağırırlar:

“Ümumiyyətlə, baş verən proseslər onu göstərdi ki, yaxın prespektivdə Rusiyaya qarşı iqtisadi sanksiyaların tətbiq edilməsi heç də Ukrayna prosesində həlledici rol oynamadı və oynamır. Yəni, bu yolla Rusiyanın bu prosesdən çəkindirmək mümkün görünmür. Ona görə, hesab edirəm Avropa İttifaqının növbəti sanksiyalar tətbiq etməsi də ciddi nəticə ortaya qoymayacaq. Çünki, bu sanksiyaların tətbiq edilməsindən sonra bir sıra Avropa ölkələri, o cümlədən də Almaniya kimi iqtisadi cəhətdən yüksək inkişaf etmiş dövlətlər Rusiya neftindən və qazından birmənalı şəkildə imtina etməyin mümkünsüzlüyü barədə fikirlər səsləndirdilər.



Ən aqressiv mövqe tutan Böyük Britaniya belə 2022-ci ilin sonuna qədər neft və qaz məhsullarının idxalını davam etdirəcəyi ilə bağlı fikirlər səsləndirdilər. Bugünkü statistik rəqəmlərə görə, Avropa məkanının təxminən 40 faizindən artığının neft və qaz məhsulları ilə təmin edən Rusiya dövlətindən bir gündə bu məhsullarından imtina etmək mümkünsüz görünür. Ona görə ki, 24 fevral tarixində Rusiya-Ukrayna müharibəsinin başladığı gündən təxminə 2-3 həftə bundan öncəyə qədər Rusiyadan Avropa İttifaqına 20 milyard dollardan artıq neft və qaz məhsulları alınmışdır. Eyni zamanda, maraqlı müqayisəli rəqəmi diqqətə çatdırım ki, ötən il Rusiya dövləti özünün neft və qaz məhsullarını ixracından 120 milyard dollar gəlir əldə etmişdir. Amma bu sanksiyalarında daxil olduğu bu ilin aprel - nə qədər artıq Rusiya 65 milyard dollar əldə edib. Yəni, ötən ilin 6 ayı ərzində əldə etdiyi gəliri bu il 4 ay ərzində artıq əldə edib. Bu da bir daha göstərir ki, Rusiya dövlətinə iqtisadi sanksiyaların tətbiq edilməsi, daha doğrusu enerji resursuslarına iqtisadi sanksiyalaraın tətbiq olunmasıyla Rusiyanı Ukrayna prosesindən çəkindirmək mümkün deyil”. 

Politoloqun sözlərinə görə, bu prosesdə daha təsiredici mexanizmlərdən istifadə edilməlidir:

“Ən yaxşı yol Türkiyənin mövqeyindən, üsulundan istifadə edilməlidir. Yəni, Rusiya ilə Ukrayna arasında danışıqlar prosesini inkişaf etdirmək və bu yolla proseslərin səngiməsinə, atəşkəs rejiminin bərqərar edilməsini nail olmaq laızmdır. Amma Qərb ölkələrinin və ABŞ-ın tutduğu mövqedən görünür ki, onlar əksinə atdıqları addımlarla prosesin bu şəkildə davam etməsinə, daha da münaqişənin dərinləşməsinə gətirib çıxaran bir proses həyata keçirirlər. Ona görə, düşünürəm ki, Rusiyaya qarşı iqtisadi sanksiyaların daha da dərinləşməsi, əslində əksinə Rusiyanın Ukraynaya qarşı aqressiyasını daha da artırır”.

Sonda politoloq nüvə silahının istifadə edilməsi ilə bağlı ehtimalının olmadığını vurğulayıb: “Belə bir ehtimalın olacağını düşünmürəm. Çünki nüvə silahı ilə cavab veriləcəyi təqdirdə tərəflər arasında qalib çıxması mümkün olmayacaq”.    

Qeyd edək ki, ötən gün Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bildirib ki, Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni sanksiyaları bu ölkənin neftinin tədarükünə qarşı tədbirləri əhatə edəcək.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top