Xalq artisti: “Rusiyanın bu hərəkətinin adı işğaldır, faşizmdir, həyasızlıqdır”

İNCƏSƏNƏT 04 may 2022, 16:40
“Bu bir xəstəlikdir. Rusiya imperiyasının son 300 illik tarixinə baxsaq, bu gün baş verənlərə təəccüblənmərik...”

Bu sözləri Yenisabah.az-a Xalq artisti Nurəddin Mehdixanlı Ukrayna müharibənin 70-ci günü barədə danışarkən deyib.

Aktyor Rusiya ordusunun əsrlərdir öz xislətini dəyişmədiyini bildirib:

“Ayrı-ayrı şəxslər bir millətin həyatında nəyisə müvəqqəti olaraq dəyişərlər. Amma böyük mənada bunu dəyişmək mümkün deyil. Mən düşünürəm ki, bu rus xalqının xarakterindən irəli gələn bir şeydir. Çünki onlar neçə əsrlərdir özlərinə aid olmayan əraziləri işğal edə-edə özlərinə imperiya yaratdılar. “İmperiya xəstəliyi” elə bir şeydir ki, hamıya yuxarıdan aşağı baxırlar, sanki hamının hər şeyi onlarındır, dünya onlara borcludur, onlar hamıdan yaxşıdırlar... Bu bir xəstəlikdir. Rusiya İmperiyasının son 300 illik tarixinə baxsaq, bu gün baş verənlərə təəccüblənmərik. Çünki son 300 ildə Rusiya imperiyası sadəcə adını dəyişib. Yenidən işğallar, genişlənmə həvəsi, başqalarının mal-mülkünə sahib çıxma istəyi, başqalarını əzmə, qətl etmə, soyqırımı törətmə... Bu Rusiya imperiya təfəkkürünün sahibi olanların gördüyü işlərdir”.

N.Mehdixanlı Rusiyanın bu gün Ukraynaya qarşı soyqırımı etdiyini deyib:

“Rusiya dünən qardaş dediyi, alman faşizminə qarşı bərabər vuruşduğu Ukrayna xalqına bu gün almanların etdiyindən də artığını edir, qətllər törədir. Bu gün Rusiya yaşayış yerlərini, mülki insanları bombardman edir, qanadlı raketlərlə uşaq bağçalarını vurur, insanları yurd-yuvasından edir və özünü haqlı çıxarır. Təsəvvür edin, Rusiya özü qətllər törədir və bunda başqalarını günahkar çıxarır”.

Sənətçi Rusiyanın bu gün Ukraynada törətdiklərini vaxtilə Azərbaycanda da törətdiyini qeyd edib:

“Bu hadisələr bizim üçün də təəccüblü deyil, 1918-ci ildə milli hökumətimizi qurmuşduq, 1920-ci ildə Rusiya “Qızıl Ordu” adı altında guya bizi “xilas” etməyə gəldi. Ölkəmizin bu başından o başına qədər qan, qırğın, qətliam törətdiklər, milli hökumətimizi devirdilər, repressiya törətdilər, 60 mindən artıq ziyalını məhv etdilər. Sovet dönəmi boyunca da bizə ikinci dərəcəli insan kimi baxdılar. Bu baş vermiş hadisədir. Ondan sonra 20 Yanvarda bizi “xilas” etməyə gəlmişdilər. Torpağı əlindən alınan xalqın üstünə Rusiya tankı, topu ilə gəldi... O millətin üstünə ki, almanlarla mübarizədə əsas rolu oynamışdı. Ona görə də mən bu gün Rusiyanın Ukraynada törətdiklərini bəşəriyyətə qarşı cinayət hesab edirəm. Hər hansı xalqa bu şəkildə münasibət göstərilirsə, bunun bir adı var: İşğal, faşizm, soyqırımı!

Bu gün Ukrayna xalqı soyqırımına məruz qalır və Rusiya həyasızcasına “Biz onları xilas etməyə gəlmişik” deyir. Amma faktiki olaraq özlərinin etdikləri vəhşilikdir. Əgər bir ölkənin Xarici işlər naziri, din xadimi “Biz Ukraynaya hücum etməmişik”, “Rusiya tarix boyu heç bir ölkəyə hücum etməyib” deyirsə, bunun qarşısında “həyasızlıq” ifadəsi çox kiçik qalır. Bu gün dünyanın gözü qarşısında bir ölkə işğal olunur, millət vəhşicəsinə qırılır, qadını, qızı zorlanır. Bizim heç bir millətə qarşı fərdi nifrətimiz yoxdur, bizim işğalı dəstəkləyən, qadını, qızı zorlayan ordunu dəstəkləyənlərə qarşı nifrətimiz var. Onlar cəmiyyətin ləkəsidir, bəşəriyyətin bədənində olan qara yaradır. Bir insanın evini başına uçurub sonra da “Səni azad etməyə gəldim” deməyin adı nə ola bilər?”

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top