“İstərdik ki, Əhməd Cavadla bağlı tədbirlərdə bizim də zəruri saydığımız məsələləri həll etsinlər”

ƏDƏBİYYAT 03 may 2022, 12:30
Bu günlərdə telefonumun vatsapına qızımın Azərbaycan dili müəllimi bir şeir atdı. 

Baxdım ki, Əhməd Cavadın ” Göygöl” şeiridir. Müəllim xahiş edirdi  ki,  Nilufər bu şeiri əzbərləsin.  Baxdım ki, 8 bəndlik şeirin cəmi 3 bəndi verilib və əsas bənd də yoxdur. Hansı ki, Əhməd Cavadı 1925-ci ildə, sovet hakimiyyətinin qılıncının dalı və qabağı kəsən illərdə məhz bu şeirə görə həbs etmişdilər. Adını da qoymuşdular ki, ulduzdan-aydan danışmaqla Cümhuriyyətin bayrağına eyham vurursan.

Sənin gözəlliyin gəlməz ki, saya,

Qoynunda yer vardır yıldıza, aya.

Sən oldun onlara mehriban daya

Fələk büsatını quralı Göygöl.

Təbii ki, mən uşağa bu bəndi də əzbərlətdim, eyni zamanda müəllimi ilə də danışdım. Belə başa düşdüm ki, bu şeiri müəllim sadəcə Göygölə aid şeir kimi internetdən tapıb verib uşaqlara və müəllimin bu şeirin tarixçəsi haqqında yaxından-uzaqdan məlumatı da yoxdur. Bu, məni kədərləndirdi və Əhməd Cavadın yaradıcılığının orta məktəblərdə necə tədris olunması ilə bağlı düşünməli oldum.

Prezident İlham Əliyevin Əhməd Cavadın 130 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamı da məhz həmin günlərə təsadüf etdi. Üstəgəl, bu sərəncamdan irəli gələn təklifləri hazırlayıb Nazirlər Kabinetinə təqdim etmək də Mədəniyyət və Təhsil nazirliklərinə tapşırılırdı.

Açığı ümidləndim. Təhsil Nazirliyi 130 illik çərçivəsində Əhməd Cavadı müəllimlərə və şagirdlərə bir az daha yaxından tanıda bilər deyə. Axı o, Əhməd Cavaddır. Ona Azərbaycanın himni də demək olar. Himnimizi bilməmək isə ən yaxşı halda ayıbdır. Hər halda, bu mənim düşüncələrimdir. Şairin nəvəsi Anar Axund-zadənin isə öz mülahizələri var. Onunla söhbətə həmkarım Pərviz Həşimli ilə getdim. Bu müsahibədə hər ikimizi maraqlandıran suallara cavab var.

– Anar müəllim, Prezident İlham Əliyevin Əhməd Cavadın 130 illiyinin keçirilməsi ilə bağlı sərəncamı oldu. Gözləntiləriniz nədən ibarətdir?

– Birincisi möhtərəm Prezidentə ailəmiz adından təşəkkürümüzü bildiririk. Əslində ailəmiz həmişə Əhməd Cavada gösrərilən diqqəti dərin şükran hissi ilə qarşılayır. Məsələn, Əhməd Cavadın doğulduğu Şəmkir rayonunda parkda bir kompazisiyası qoyulub. Kifayət qədər maraqlı kompazisiyadır, royal arxasında oturan Üzeyir bəylə Əhməd Cavad sanki himnimizi müzakirə edirlər. Şəmkirdə adına məktəb var. Bakıda kiçik də olsa mərkəzi küçələrdən birinə Əhməd Cavadın adı verilib. Barelyefi var yaşadığı evin qarşısında. Yəni, adını əbədiləşdirmək üçün dövlət müəyyən işlər görüb. İndi də Prezidentin sərəncamında Mədəniyyət və Təhsil Nazirliyinə konkret tapşırıq verilib ki, öz təklifləriini hazırlayıb Nazirlər Kabinetinə versinlər. Çox istərdik ki, hər iki nazirlik təkliflərini hazırlayanda bizim də zəruri saydığımız məsələləri nəzərə alsınlar.



– Ümumiyyətlə, sərəncamdan sonra bu nazirliklərdən sizə telefon açan, sizinlə maraqlanan olubmu?

– Xeyr, heç kim maraqlanmayıb.

Pərviz Həşimli bu arada söhbətə müdaxilə edir və bildirir ki, o rəhbəri olduğu saytda bir sıra təşəbbüslə çıxış edib. Məsələn, düşünür ki:

– Əhməd Cavadın Buta qəsəbəsindən çıxarılan nəşinin qalıqları dövlət mərasimi ilə torpağa verilməli,

– Bakı şəhərində prospektlərdən biri ( misal üçün Mətbuat prospekti ) Əhməd Cavadın adını daşımalı,

– Bakı və Gəncədə heykəli ucaldılmalı,

– Şəmkirin Seyfəli kəndində ev-muzeyi yaradılmalı,

– tanınmış yazıçılardan birinə Əhməd cavad və Şükriyyə xanım haqqında romanın yazılması sifariş edilməli,

– şeirlərinə mahnılar yazılmalı

– haqqında bədii filmin istehsalına başlanılması sifarişi verilməlidir.


Təbii, özü-özlüyündə hər biri maraqlı təkliflərdir. Amma mənim marağımı xüsusilə Butadakı qalıqlar cəlb edir. Çünki, bir neçə il əvvəl bu məsələ aktuallaşanda bəndəniz Mikayıl Müşfiqin qalıqları ilə bağlı bir sənədli film hazırlamışdı. Üstündən illər keçdi, nə sümüklərdən xəbər çıxdı, nə də Mikayıl Müşfiqin qohumlarından götürülən DNT testindən. Odur ki, Anar Axund-zadədən məhz bu haqda maraqlanıram:

– Həmin vaxt Əhməd Cavadın da qohumlarından analiz götürüldümü?

– Bəli. O vaxt Müşfiqin sümüklərindən başladılar. Bizə dedilər ki, Butadakı qazıntı zamanı büyük ehtimalla Əhməd Cavadın nəşinin qalıqları çıxarılıb. 2018-in payızında məndən DNT testi üçün örnək götürüldüyü vaxt mən bunu intuitiv olaraq hiss etdim. götürdülər. Düzdür, o zaman bildirdilər ki, bu o qədər də sadə proses deyil, müəyyən vaxt tələb edecək. Kifayyət qədər vaxt keçsə də Əhməd Cavadın nəşinin qalıqları ilə bağlı təəssüf ki, hələ bir nəticə yoxdur. Əhməd Cavadın məzarının olmaması rəhmətlik atamı dərindən üzürdü. Deyirdi ki, doğum günündə, anım günündə gül qoymağa kaş bir məzarı olaydı. Atam bu arzuyla da rəhmətə getdi. Ölümündən sonra atam Yılmaz Axund-zadənin qəbri ilə üzbəüz babamız Əhməd Cavada bacım Vüsalə xanımın ailəsinin təşəbbüsü ilə iki lövlədən ibarət bir xatirə divarı inşa edildi. Yeri gəlmişkən qeyd etməliyəm ki, Vüsalə xanımın ailəsi 25 ildən artıq müddətdir ki, Əhməd Cavadın həyat və yaradıcılığının geniş bilinməsində və tanıdılmasında misilsiz işlər görüb, çox böyük əmək, zəhmət sərf ediblər, demək olar ki, Əhməd Cavad ailəmizin bu istiqamətdəki bütün yükünü daşıyırlar. İndi onların bu nəcib hərəkəti sayəsində də biz Əhməd Cavadı sanki məzarı başında ziyarət edə bilirik. Açığı, Butada qalıqların çıxarılması məsələsi gündəmə gələndə çox sevinmişdik. Bizim həddiz böyük istəyimiz ondan ibarətdir ki, Əhməd Cavadın nəşinin qalıqlarının müəyyən edilməsi sürəci yekunlaşsın və milli adət və ənənələrimizə uyğun qaydada onun qalıqları torpağa verilsin. Hər halda ailəmiz bunu gözləyir və Pərviz Həşimlinin qələmə aldığı yazıya olan reaksiyalardan də görünür ki, bu məsələ ictimaiyyətin də diqqəttindədir.

– Əhməd Cavadın nəsli-şəcərəsi kimlərdən ibarətdir?

– Əhməd Cavadın 4 oğlu, bir qızı olub. Qızı Almaz 16 yaşında xəstəlikdən vəfat edib. Əhməd Cavadın 10 oktyabr 1935-ci ildə yazdığı “Qızım üçün” şeirində belə misralar var: “On altıncı bahar, nə qanlı bahar!.. Ox, qızım, fələkdə nə dönüklük var!?”. Oğlanları Niyazi, Aydın, Tukay və sonbeşiyi mənim atam Yılmaz. Niyazi əmimin üç övladı var və həyatdadırlar,  Aydın əmimin iki övladından biri vəfat edib. Tukay əmimin də bir qızı vardı, o da vaxtsız köçdü dünyadan… Əhməd Cavadın sonbeşiyi Yılmaz Axund-zadənin də sonbeşiyi mənəm, məndən böyük iki bacım var.



– Və..o sonbeşik – Yılmaz Axund-zadə atasını necə xatırlayırdı?

– Əhməd Cavad 1937-ci ilin iyunun 4-ü həds ediləndə atam Yılmaz Axund-zadənin iki yaşı olub. Xatırlamırdı atasını… Atam deyirdi ki, mən Azərbaycanda ən azyaşlı məhkum olmuşam. Çünki, Əhməd Cavadı qətl etdikdən sonra Şükriyyə xanıma təklif ediblər ki, yoldaşından imtina et, get uşaqalrını böyüt. Şükriyyə xanım bu təklifi rədd etdiyinə görə dərhal həbs olunur və körpə Yılmaz da qucağında onu NKVD-nin zirzəmisinə aparıb salırlar. Nənəmin sifətində ömrünün son günlərinə kimi üç dərin cırmaq izi aydın görünürdü. Atamı əlindən zorla alanda uşaq cırıbmış anasının üzünü. Bir də 8 il yarımdan sonra qayıdır nənəm Qazaxstandakı qanınların əsir düşərgəsi A.L.J.İ.R.- dən. Atam danışırdı ki, anamdan utanırdım, üzünü xatırlamırdım, elə bilirdim yaddır. Bir məqamı sizinlə bölüşmək istərdim. Müstəntiqlər Şükriyyə xanıma Əhməd Cavaddan boşanma təklifini edəndə Əhməd Cavad artıq həyatda deyildi. Qazaxstandan qayıdıb Şəmkirə yerləşdikdən sonra Şükriyyə xanım elə bilirdi ki, Əhməd Cavad hələ də sağdır və onunla həbsxanada görüşə bilmək üçün uzun illər müxtəlif dövlət orqanlarına, hətta SSRİ Nazirlər Sovetinin sədrinə müraciət etdi. Yalnız 1954-cü ilin sonlarında Şükriyyə xanıma Əhməd Cavadın hələ1937-ci ildə öldürüldüyü xəbərini veriblər.

– Evi-eşiyi də yadlara qaldı Əhməd Cavadın. Bu yaxınlarda deputat Məlahət İbrahimqızı Türkiyədən olan qonaqlarla Şəmkirin Seyfəli kəndində olub. O deyirdi ki, Əhməd Cavadın evini bir nəfər alıb və orada yaşayır. Deyirmiş ki, dövlət alırsa, mən bu evi sata bilərəm. Yəni, Əhməd Cavadın ev muzeyini yaratmaq olar. 

– Məsələyə aydınlıq gətirim. O ev mənim Aydın əmimin evidir. Əhməd Cavadın evi Seyfəlinin Mehrili tirəsində olub. O vaxt Əhməd Cavad “xalq düşməni” elan olunandan sonra dövlət evi əlindən alıb başqa bir ailəyə verib. Onlar da ta o vaxtdan orada yaşayıblar. Hazırda ora xarabalıqdır. Bircə divaraları qalıb. 1990-cı illərin əvvəllərində atam gedib o ailə ilə görüşmüşdü. İstəyirdi ki, atasının evini alsın. Amma onlar satmadı. Biz də məcbur edə bilməzdik. Odur ki, hörmətli millət vəkilimizin dediyi ev babamın deyil, Aydın əmim Şəmkirdə sovxoz direktoru idi və ailəsi ilə o evdə yaşayırdı. Amma Əhməd Cavadın ev muzeyini təbii ki, yaratmaq olar…



– Əhməd Cavadın əsərlərinin səhnələşdirilməsinə Türkiyə çox maraq göstərir. Məsələn, Türkiyənin müdafiə, daxili işlər, mədəniyyət nazirlikləri, Türkiyə Radio Televiziya Qurumu  onun əsərlərini səhnələşdirir. Hətta Türkiyə Prezidenti R.T. Ərdoğan Kiprə gedəndə onu “Çırpınırdın, Qara dəniz!”-lə qarşılamışdılar.   

– Elədir. Ümumiyyətlə, Türkiyədə “Çırpınırdın, Qara dəniz!” Türk Dünyasının himni kimi qəbul edilir. Cümhur başqanı sayın Ərdoğan Əhməd Cavad şəxsiyyətinə çox önəm verir, çıxışlarında onu xatırladır, tez-tez onun sözlərinə müraciət edir, şeirləriylə danışır. Türkiyədə Əhməd Cavad çox sevilir, son bir neçə ildə Türkiyədə onunla bağlı çox böyük işlər görüldü və görülür: böyük rəğbətlə qarşılanan bədii-sənədli film çəkildi, şeirlərinə çok gözəl musiqilər bəstələndi, kliplər çəkildi, müxtəlif qurumların nəzdində, təhsil ocaqlarında konfranslar, simpoziumlar təşkil edildi, keçirilir. Əhməd Cavadın həyat və yaradıcılığıyla, nənəm Şükriyyə xanımla bağlı çoxlu sayda yazılar, məqalələr dərc edilir. Bunların hamısı sosyal mediada mövcuddur və maraqlananlar tanış ola bilərlər. Mən isə xususi ilə insanlarımıza TRT Avaz kanalının istehsal etdiyi “Əhməd Cavad: bir millətin ruhu” filminə baxmağı tövsiyə edərdim.130 illiklə bağlı da Ankarada keçirilməsi nəzərdə tutulan tədbir planlaşdırılıb. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı Türksoy bir anma günü, xususi konsert proqramı hazırlayıb. Düşünürəm ki, Bakıda da bənzər tədbirin keçirilməsi çox yaxşı olardı. Türk Dövlətləri Təşkilatı liderlərinin qərariyla qurulan və fəaliyyət göstərən Beynəlxalq Türk Akademiyası Əhməd Cavadın anadan olduğu 5 may günü A.L.J.İ.R. xatirə-muzey kompleksində Şükriyyə xanıma həsr edilmiş tədbir keçirəcək. Ölkəmizdə də Əhməd Cavadın yaradıcılığıyla bağlı işlər görülüb: şeirləri dərc edilib, sənədli film istihsal edilib, televiziya verilişləri, şeirlərinə bəstələnmiş mahnılarının klipləri çəkilib. Ümid edirəm ki, Prezidentin sərəncamının icrasıyla bağlı da əlavə tədbirlər həyata keçiriləcək. Fürsətdən istifadə edərək, əməyi keçən hər kəsə ailəmizin dərin təşəkkürünü bildirirəm.

– Prezidentin sərəncamında tədbirlər planının hazırlanmasında Yazıçılar Birlıyinin təkliflərinin nəzərə alınması tapşırılıb. Yazıçılar Birliyindən gözləntiniz nədir?

– Bildirim ki, araşdırmaçılar həmişə olub və bu gün də var. Rəfael Hüseynov,  Mehriban Ələkbərzadə, Nəsiman Yaqublu, Akif Aşırlı və bir çox vəfakar qələm ustalarımız, Türkiyədən yazarlar, alim-tədqiqatçılar gözəl araşdırmalar aparıblar. Bu gün də öz qiymətli töhvələrini davam etdirirlər, təkliflərini verirlər. Məsələn, Nəsiman bəy deyir ki, Türkiyə arxivlərində Əhməd Cavad haqqında çoxlu sənədlər var. Təklif edir ki, o sənədləri toplayıb kitab çap etmək olar. Əlbəttə gözəl təklifdir və biz ailəlikcə bu təklifi bəyənirik. Biz istərdik ki, Əhməd Cavadın irsi daha da dərin araşdırılsın, onun sadəcə 45 illik təqib və məhrumiyyətlərlə dolu ömrə sığdıra bildiyi həyat və zəngin yaradıcılığını, Şükriyyə xanımla olan münasibətini ehtiva edən sənədli roman yazılsın. Hesap edirəm ki, belə bir əsər nəinki ölkəmizin oxucularına, hətta onun hüdudlarından kənarda da böyük marağa doğuran səbəb. Və bizim tədqiqatçılarımızdan, xususi ilə də Yazıçılar Birliyindən başqa bir gözləntimiz, ricamız da var. Kimin imzasıyla, əsərin hansı adla dərc olunduğunu bilmirik, fəqət Əhməd Cavadın “Bir Sarayın tarixi” romanı üzərindən sirr örtüyü artıq qaldırılsın, onun müəlliflik hüququ bərpa edilsin istəyirik (Əhməd Cavad bu romanı Türk Qanınlarının Mədəniyyət Sarayı ilə müqaviləyə əsasən yazmışdı). Necə ki, vaxtı ilə Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan”-ın tərcüməsinin müəllif hüququnun mərhum Yusif Məmmədəliyevin dəstəyi ilə Əhməd Cavada qaytarıldığı kimi…

– Babanız istiqlalçı şair kimi tarixdə qaldı. Atanız da istiqlalçı millət vəkili olub. Siz nə əcəb siyasətlə məşğul olmadınız?

– Bəli, atam 1990-cı illərdə Müstəqilliyə imza atan deputatlardan olub. Onun bəzən günlərlə Ali Sovetin binasından çıxmaq imkanı olmurdu. Müstəqillik Aktı imzalananda evə gəlib demişdi ki, nəhayət, atamın arzusunu yerinə yetirdik. Atam Ali Sovetin deputatı olanda həm də Binəqədi rayonunun Prokuroru idi. Əslində mənim siyasətə o qədər də marağım yoxdu. Deputatlığa namizədliyimi verməklə bağlı dostlar təşəbbüs belə göstərdilər, lakin razılıq vermədim.



– Əhməd Cavad bizim himnimizin müəllifidir, mənəvi babamızdır. Sizin isə sözün əsl mənasında babanızdır. Bu ad, bu soyad necə bir qürur  yaşadır, bilmək istəyirəm?

– İzah etmək çətindir. Hesab edin ki, Əhməd Cavadı düşünəndə həm də dodağında dövlətin himnini zümzümə edirsən, Vətənimizə, Bayrağımıza həsr etdiyi şeirləri xatırlayırsan. Əhməd Cavad Türk dünyasının bayraq şairi kimi qəbul edilir. Onun həyatı, yaradıcılığı həmişə xalqın azadlığı, müstəqilliklə, dövlətçiliklə bağlı olub. Əhməd Cavad arzulayırdı ki, Türk xalqlarının birliyi yaransın, Türk Milləti, Türk Dünyası vahid olsun. Övladları Azərbaycanın müstəqilliyini, biz nəvələri də, şükürlər olsun, Əhməd Cavadın bu ideyalarının tədricən həyata keçdiyinin şahidi oluruq. Hamımızın babası Əhməd Cavad demişkən:

İnandım ki, hər fəryadın sonu var,

Bir gün gələr yer yüzündə yaz olar!

Gələn günü düşünənlər, yazanlar

Duyduğunu bu xülyada bulmuşam!

– İnşallah.(gununsesi.info)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top