Ölkəmizdə dini və milli tolerantlıq mühitinin qorunması daim diqqətdə saxlanılır

SİYASƏT 01 may 2022, 17:23
Sirr deyil ki, Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkədir. Ölkəmizdə ayrı-ayrı etiqad və inanclara malik etnoslar min illərlə əmin-amanlıq şəraitində yaşayıblar. Təbii ki, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında Azərbaycan xalqına xas olan humanizm və çoxmillətlilik dəyərlərin müstəsna rolu vardır. İslamın mənəvi dərkinə əsaslanan dünyəvi dövlət olan Azərbaycan nəinki dini tolerantlıq ənənəsini möhkəmləndirə bilmiş, hətta onu bir dövlət kimi öz reputasiyasına çevirərək beynəlxalq miqyasa çıxarmağı bacarmışdır. 

Azərbaycanda ayrı-ayrı dövrlərdə bütpərəstlik, yəhudilik, xristianlıq, islam və bir çox başqa dini inanclar yayılmışdır. Lakin buna baxmayaraq, tarixin bütün mərhələlərində ölkəmizdə milli, irqi, dini zəmində heç bir diskriminasiya hadisəsi baş verməmişdir.

Müasir dünyada baş verən müharibələrin motivlərinə nəzər salsaq, etnik-dini anlaşmazlıqların bir çox hallarda katalizator rolunu oynadığını görərik. Təbii ki, ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi və etnik-dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir. Tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi-mədəni kökləri mövcuddur. 

Azərbaycanda din xadimlərinə, dini ibadət yerlərinə dövlət başçısı tərəfindən daim yüksək diqqət və qayğı göstərilir. Milli və irqi tolerantlığın ən böyük göstəricisi Azərbaycan Respublikası Konstitusiyasının qəbulu ilə bağlıdır. Bu ilk sənəddir ki, onun qəbulu zamanı çoxmillətli Azərbaycan xalqı vahid bir millət kimi birləşərək Konstitusiyanın qəbuluna səs verdilər. Bundan başqa, Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü "Bakı Prosesi"nin davam etdirilməsinin nəticəsi olaraq 2011-ci ilin aprelində dövlət başçısının təşəbbüsü və bilavasitə təşkilatçılığı ilə Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi və İSESCO kimi nüfuzlu qurumların dəstəklədikləri forum dünyada bu istiqamətdə reallaşan ilk mötəbər tədbir olub. 

Bir faktı da qeyd edək ki, Azərbaycan olduqca mürəkkəb, böyük güclərin daim maraq dairəsində olan ölkə olmuş və məhz bu üzdən məkrli planlardan sığortalanmayan coğrafi məkanda yerləşib. Bölgəmizdə təkcə siyasi baxımdan yox, dini və milli məsələlərdə də həssaslıq var. Tarixən Azərbaycanda müxtəlif dinlərin və millətlərin nümayəndələri firavan yaşayıb və yaşayır. Onlar burada özlərini sərbəst və rahat hiss edirlər, etnik qrupların vasitəsilə hər hansı təxribatlara cəhd edənlər isə zaman-zaman pərt olublar. Bütün bunlara əsaslanaraq tam məsuliyyətlə deyə bilərik ki, Azərbaycan dini və milli tolerantlıq baxımından bölgə dövlətləri arasında liderlik edir.

Bu gün ölkəmizdə dini və milli tolerantlığın yüksək səviyyədə inkişaf etdiyini deyən Milli Məclisin deputatı Tahir Rzayev Demokrat.az-a açıqlamasında bildirib ki, ölkəmizdə olan dini və milli tolerantlıq münasibətləri bütün dünyaya örnək göstərilə bilər. Çünki indiyədək Azərbaycanda istər dinlər, istərsə də milli azlıqlar arasında heç bir fərq qoyulmur:

“Bütün insanlar dilindən və dinindən asılı olmayaraq Azərbaycanda bir vətəndaş kimi sərbəst, mehriban münasibətlər şəraitində yaşayırlar. İstər xristian olsun, istər digər dinlərə mənsub olan insanlar olsun, onlar Azərbaycanda bir qardaş kimi daima bir yerdədirlər və bir məqsəd uğrunda mübarizə aparırlar. Əgər biz 44 günlük müharibəyə  nəzər salsaq və bu müharibədə Azərbaycanda yaşayan bütün milli azlıqların nümayəndələrinin böyük şücaətlər göstərdiklərini, hətta qəhrəman olaraq ən böyük təltiflərə layiq görüldüyünü görürük. Bu da Azərbaycanda xalqların bir-birinə qarşı hansı münasibətdə olduğunu və vətənə hansı məhəbbətlə xidmət etmələrinin aydın mənzərəsini görərik. İstər birinci Qarabağ müharibəsində, istərsə də İkinci Qarabağ müharibəsində şəhid olanların, milli qəhrəman adına ucalanların böyük qəhrəmanlıq göstərənlərin, təltif olunanların bir çoxları milli azlıqlara və digər dinlərə mənsub olan insanlardır. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev, eləcə də birinci vitse-prezidenti Mehriban xanım Əliyeva həmişə tolerantlıqdan söhbət edərkən Azərbaycanı bir nümunə kimi göstərir. Və əyani faktlarla Azərbaycanda yaşayan milli azlıqlara və ayrı-ayrı dinlərə mənsub olan insanlara göstərilən qayğının əyani nümunələrini misal gətirirlər. Cənab Prezident 44 günlük müharibədən sonra,  eləcə də müharibənin  gedişində göstərilən qəhrəmanlıqlara qiymət verərkən, Azərbaycanda yaşayan bütün xalqların böyük qəhrəmanlıq göstərdiyini dəfələrlə qeyd etmiş və onlara öz minnətdarlığını nümayiş etdirmişdir. Əlbəttə ki, bu Azərbaycanın insanlığa bəşəri ideyalara sadiqliyinin bir nümunəsidir və Azərbaycan prezidentinin bu sahədə həyata keçirdiyi, gördüyü tədbirlərin əyani ifadəsidir. Nə qədər ki, Azərbaycanda milli azlıqlar, ayrı-ayrı dinlərə mənsub olan insanlar bir yerdədir Azərbaycan bütövdür. Çünki onlar Azərbaycanın vətəndaşıdırlar”. 

“Onlar bu torpağı, bu vətəni sevirlər və onun müstəqilliyi, azadlığı uğrunda dönmədən mübarizə aparırlar. Bu mübarizədə onların həyata keçirdikləri, onların gördükləri mən elə bilirəm ki, digər ölkələrə bir nümunə kimi göstərilə bilər. Biz bayramlarımızı, sevincimizi, kədərimizi bir yerdə keçiririk. Bizdə insanlar, dinlər arasında heç bir fərq yoxdur. Məqsəd bir, arzu bir, istək birdir. Bu, Azərbaycanın inkişafı, şöhrətlənməsi,irəliləməsi və uğurlara nail olmasıdır. Sözsüz ki, bu birlik, səfərbərlik, qayğı və diqqət Azərbaycanda yaşayan bütün xalqları daha da birləşdirir və onları ayrılmaz, əyilməz və möhkəm bir qüvvəyə çevirir.

Bu gün Azərbaycanda millətlərə hansı təzyiqlər ola bilər ki? Əgər bu gün din xadimləri bir yerdə Azərbaycanın istiqlalı, müstəqilliyi, Azərbaycanın qazandığı uğurlar barədə eyni fikirdədilərsə, əgər onlar millətindən asılı olmayaraq bir-birlərinin toyunda, yasında birgə iştirak edirlərsə, bir-birilərinin sevincinə, qəminə şərik olurlarsa, onlara hansı təsir və təzyiqdən söhbət gedə bilər?! Bu, Azərbaycanda olmayıb və heç vaxt da olası deyil. Çünki Azərbaycanda millətlərarası münasibətlər düzgün qurulub və bu münasibətlərin möhkəmləndirilməsi ildən-ilə daha da gücləndirilir və gücləndiriləcəkdir,”- deyə deputat əlavə edib.

İlahiyyatçı Ağa Səid isə Demokrat.az-a açıqlamasında Azərbaycanda əsrlərdən bəri müxtəlif mədəniyyətlərin, dini etiqadların, məzhəb və cərəyanların nümayəndələrinin qarşılıqlı anlaşma və ehtiram şəraitində yaşadığını vurğulayıb. 

Onun sözlərinə görə, bu gün də dövlətimiz tərəfindən tolerantlığa və İslam həmrəyliyinə böyük dəyər verilir:

“Əslində tolerantlıq vəhdət prinsipli olmaq deməkdir. Vəhdətin  aradan qaldıran təfriqəçilik İslamda rədd olunur və qəbul olunmur. Əbəs yerə deyil ki, Allah-Təala Qurani-Kərimdə təfriqəçilik edib və ya təfriqə törədib bir-birindən ayrılanları tənbeh edərək əzaba düçar edəcəyini vəd edir. Bu barədə müqəddəs Kitabımızın “Ali-İmran” surəsinin 105-ci ayəsində belə buyurulur: “(Allah tərəfindən) açıq-aydın dəlillər gəldikdən sonra, bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar”. İslam aləminin ayrılmaz hissəsi olan Azərbaycanda əsrlərdən bəri müxtəlif mədəniyyətlərin, dini etiqadların, məzhəb və cərəyanların nümayəndələri birlik, qarşılıqlı anlaşma və hörmət şəraitində yaşamışlar. Bu cür birgəyaşayış prinsiplərini özündə birləşdirən dəyərlərə ölkəmizdə daim hörmətlə yanaşılmış, tarixin heç bir dönəmində vətənimizdə dinlərarası, məzhəblərarası və mədəniyyətlərarası qarşıdurma yaşanmamışdır. Qeyd edək ki, Azərbaycanda multikulturalizmin və dini tolerantlığın ənənəviliyini təsdiq edən bu güclü faktor günümüzdə də öz aktuallığını itirməmişdir. 

Belə ki, müstəqil Azərbaycan Respublikası və dövlət başçısı bu gün də mədəni irsimizin və mənəvi dəyərlərimizin qayğısına qalır, tolerantlığa və İslam həmrəyliyinə böyük dəyər verir. Ölkə müsəlmanları olaraq biz də respublikamızda tarix boyu formalaşan bu birlik və vəhdət ənənəsinin qorunmasına həmişəkindən daha həssas yanaşmalı, dövlətimiz tərəfindən bu istiqamətdə görülən işlərə vətəndaş dəstəyimizi əsrigəməməliyik. Unutmayaq ki, gücümüz birliyimizdədir”.

Aynurə Pənahqızı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Mövzu - Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top