Vətən müharibəsi qazisi: Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etməkdən qürur duyuram

GÜNDƏM 30 apr 2022, 20:45
Vətən müharibəsində şanlı Qələbənin qazanılmasında Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) misilsiz rolunu uşaqdan-böyüyə hər bir şəxs yaxşı bilir. Xüsusi təyinatlılarımız müharibədə ən çətin döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirərək Qələbənin əldə olunmasına həlledici töhfə veriblər. Təsadüfi deyil ki, “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülən 83 hərbçidən 36-sı Xüsusi Təyinatlı Qüvvələrin mənsubudur. Vətən müharibəsində rəşadətlə vuruşan xüsusi təyinatlılarımızdan biri də Nuriyev Rəfail Mikayıl oğludur.

AZƏRTAC xəbər verir ki, Rəfail Nuriyev 1978-ci ildə Qəbələ rayonunun Nohurqışlaq kəndində anadan olub. O, 1996-cı ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətini “N” saylı hərbi hissədə keçib. 2000-ci ildən isə Xüsusi Təyinatlı Qüvvələrə daxil olub. O, 2016-cı ildə Aprel döyüşlərində də şücaətlə vuruşub.

Xüsusi Təyinatlı Qüvvələrdə hərbi xidmətə başlamasının doğru seçim olduğunu vurğulayan cəsur hərbçi deyib: “XTQ mənsubu olduğum üçün fəxr edirəm. Xüsusi Təyinatlı Qüvvələr yarandığı gündən ciddi və şərəfli yol keçib. Bu illərdə bir çox uğurlar qazanan XTQ adını dünyanın ən güclü hərbi birləşmələri sırasına yazdırmağı bacarıb. İştirak etdiyimiz bütün döyüşlərdə düşmən Xüsusi Təyinatlı Qüvvələrin adını eşidərkən daim qorxu hissi keçirirdi. Təsadüfi deyil ki, düşmən Azərbaycan xüsusi təyinatlılarını “ölüm mələyi” adlandırır”.

Cəsur hərbçi Xüsusi Təyinatlı Qüvvələrin 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıq, şücaət və vətənpərvərlik nümunələri göstərdiklərini vurğulayıb: “2020-ci il sentyabrın 27-də düşmən atəşkəs rejimini pozaraq növbəti təxribat törədəndə, nəhayət, çoxdan gözlədiyimiz, həsrətində olduğumuz anın gəldiyini düşündük. Düşməni doğma torpaqlarımızdan qovmaq üçün əmr aldığımız andan böyük sevinc hissi ilə döyüşlərə qatıldıq. Mən döyüşlərə Kəlbəcər istiqamətində - Murovdağ yüksəkliyindən başladım. Bundan sonra Cəbrayıl, Xocavənd, Qubadlı, Zəngilan və Şuşaya kimi bir çox çətin, lakin uğurlu əməliyyatlarda iştirak etdim. Döyüşlərdə düşməni lərzəyə salaraq, onu məhv edərək torpaqlarımızın azad olunması üçün yorulmaq bilmədən mübarizə apardıq. Bu şərəfli peşəni, yolu seçdiyim, üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirə bildiyim üçün qürur duyuram”.

R.Nuriyev Vətən müharibəsində fərqləndiyinə görə bir sıra medallarla təltif olunub. Onun sinəsini qəhrəmanlığa görə təltif edildiyi “İgidliyə görə”, 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları bəzəyir.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top