“Tez alışan maddələrin toplandığı yerdə mühafizə qaydalarına daha ciddi riayət olunmalıdır”

GÜNDƏM 29 apr 2022, 16:53
“Azərsun Sənaye Parkı”nda baş verən bu cür genişmiqyaslı yanğınlar digər iri müəssisələr üçün də xarakterikdir.

Bu sözləri Demokrat.az-a təhlükəsizlik qaydaları üzrə ekspert Elmar Nurəliyev ötən gün “Azərsun Sənaye Parkı”nda baş verən yanğının səbəbləri barədə danışərkən deyib.

Ekspert bildirib ki, ümumiyyətlə, sənaye müəssiələrində, zavod, fabriklərdə təhlükə riski yüksək olduğuna görə, burada yanğın təhlükəsizliyi qaydalarına çox ciddi riayət olunmalıdır:

“Qeyd edim ki, belə məkanlarda baş verən yanğına vaxtında ilkin müdaxilə olunmadıqda çox genişmiqyaslı yanğınlara yol açır. Ümumiyyətlə, bu cür iri obyektlərdə təhlükə riski yüksək olduğuna görə, yanğın təhlükəsizliyi qaydalarına çox ciddi riayət edilməlidir.



Xüsusən də, müasir texnologiyanın xidmətlərindən faydalanmaq məqəsədəuyğundur. Çünki burada istifadə olunan qurğular, mühərriklər, avadanlıqlar, mexanizmlər, mürəkkəb mühəndis konstruksiyaları, xammal, ehtiyat üçün saxlanılan yanacaqlar oda qarşı çox həssasdır. Hesab edirəm ki, belə müəssisələrdən avtomatik yanğınsöndürmələrdən istifadə olunmalıdır, çünki onlar insan müdaxiləsi olmadan kimyəvi maddəni odun mənbəyinə axıdır. Təbii ki, istisna deyil ki, belə müəssisələrdə yanğın təhlükəsizliyinə riayət olunur. Amma, daha yüksək səviyyədə olması ön planda olmalıdır. Qeyd edim ki, belə məkanlarda siqnalizasiyanın olması, eyni zamanda,  xüsusi sistemlərin qurulması olduqca vacibdir”. 

Ekspert hesab edir ki, zavod, fabrik, istehsal və sənaye müəssisələrinin anbarlarında ümumiyyətlə, yanğınsöndürən qrupu fəaliyyət göstərməlidir: “Belə müəssisələrdə kimyəvi tərkibli tullantılar, məişət və xammal tullantıları eyni yerə atılmamalıdır. Çünki bunların alışma riski var. Eyni zamanda, bunların daşınması da xüsusi qaydada icra olunmalıdır. Təbii ki, yanğın riski yüksək olan yerlərdə işçilər daim təhlükəsizliklə bağlı məlumatlandırılmalıdır”.

E.Nurəliyev “Azərsun”da baş verən yanğının hündürlüyü, yüksək istilik, partlama təhlükəsinin olduqca yüksək olduğunu diqqətə çatdırıb:

“Yanğının hündürlüyü 10 metrlərlə idi, əhatə dairəsi çox geniş idi. Təbii ki, bu, yanğını söndürməyə gələn qruplaşmanın da işini çətinləşdirirdi. Ora yaxınlaşmağın özü belə təhlükəlidir. Bu cür yanğınları söndürmək peşəkarlıq tələb edir. Hətta, yanğının bir neçə gün davam etməsi mümkün idi. Lakin FHN çox peşəkarlıq nümayiş etdirdi və bu cür genişmiqyaslı yanğında insan tələfatı olmadı. Hesab edirəm ki, bundan sonra belə məsələlərdə sahibkarlar, iş adamları daha diqqətli olacaqlar. Xüsusən də, böyük ərazilərdə tez alışan maddələrin toplandığı yerlərdə mühafizə qaydalarına çox ciddi riayət olunması daha vacibdir, hətta həmin ərazilərdə yanğınsöndürən işçi qrupu olmalıdır ki, yanğın belə genişmiqyaslı olmasın”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top