Aslan İsmayılov müzakirələrə səbəb olan paylaşımına aydınlıq gətirdi

SOSİAL MEDİA 26 apr 2022, 15:00
Tanınmış vəkil Aslan İsmayılov sosial şəbəkədə müzakirələrə səbəb olan paylaşımına aydınlıq gətirib.

Demokrat.az-ın xəbərinə görə, A.İsmayılov bildirib ki, yazıda məqsəd Ukrayna Prezidenti Volodimir Zelenskiyə sual verən jurnalist Mübariz Aslanovu aşağılamaq, yaxud onun peşəkarlığına münasibət bildirmək olmayıb.

“Mübariz Aslanovun nə özü, nə də fəaliyyəti ilə tanışam. Həmin addımı isə bir neçə səbəbə görə çox məsuliyyətsiz sayıram.

Birincisi, Ukrayna - Rusiya müharibəsinə münasibətdə dövlətimizin vəziyyəti çox mürəkkəb olduğundan hakimiyyəti təmsil edən jurnalistlər o məsələlərə fikir bildirməkdən maksimum qaçmalıdırlar. Bəzi urapatriotların diqqətinə çatdırıram ki, bu gün aqoniyada (azğınlaşmış) olan Rusiya əvvəlkidən də təhlükəlidir. Qarabağda hələ də problemlər qalmaqda davam edir, ərazimizdə Rusiya qoşunları var, Bakının yerləşdiyi Xəzər dənizində ən böyük Rusiya donanmasıdır, sərhədimiz də Rusiyanın burnundadır. Onun Ermənistandan, Qarabağdan, Rusiyadan bizə qoşun yeritməsini də heç kim istisna etməməlidir. Rusiya eyni addımları Gürcüstana, Moldovaya və digər qonşularına qarşı da ata bilər. Bu məsələdə ehtiyatlılıq heç də qorxaqlıq deyil. Bu dövlətini, xalqını mümkün təhlükədən qorumaqdır.

İkincisi, bütün dünyanın baxacağı müsahibədə maksimum diqqətli olmaq və ortaya çıxa biləcək bütün sualları önləməkdir. Əgər həmin vaxt Mübariz Aslanov sualı azərbaycan, yaxud istənilən digər əcnəbi dildə versə, heç bir sual olmazdı, o dillərdə lap bərbad danışılsa belə. Məhz rus dili bu gün Ukrayna və onun tərəfində olan dünya çoxluğu tərəfindən qəbul olunmur.

Üçüncüsü, istənilən işdə məsuliyyət birinci yerdə olmalıdır. Hər düşən fürsətdən istifadə edib fərqlənmək istəmək heç də həmişə uğur gətirmir. Həmin müsahibədə tək dil məsələsi deyil, verilən sualların mahiyyəti də çox ziddiyətli idi. Ona görə də hər bir şəxs addım atmamışdan əvvəl onun nəticəsini fikirləşməlidir. Fürsətçilik heç də həmişə uğur gətirmir və çox pis vərdiş sayıram. 1990-cı illərdən daim ABŞ, Avropada olmuşam və dəfələrlə ən yüksək tribunalarda görünmək şansım olub. Bəzi hallarda ən pis dönəmlərimdə də hakimiyyətin ən üst qatından hansısa vacib məqamda ölkənin maraqlarını müdafiə etmək təklif olunub. Bu həm dövlətimə, həm də özümə çox faydalı ola bilərdi. Mən isə bu məqamlarda rus dilindən əlavə ingilis, alman, fransız dillərini daha mükəmməl bilən başqa gəncləri təklif etdim”.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top