DSX rəisi idmançıları təltif etdi — FOTOLAR

HƏRBİ 16 apr 2022, 15:26
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ali diqqəti sayəsində dövlət siyasətində prioritet yer tutan, insan kapitalının inkişafı prosesinin ayrılmaz hissəsi olan idman sahəsinin yüksələn xətt üzrə inkişaf etdirilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilir. 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Demokrat.az-a verilən məlumata görə, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da bu sahənin inkişafına xüsusi qayğısı nəticəsində bu gün Azərbaycan beynəlxalq səviyyəli nüfuzlu idman tədbirlərinin keçirildiyi bir ölkəyə çevrilmiş, beynəlxalq idman ailəsində layiqli yerini tutmuşdur. 

Həyata keçirilən fəaliyyətlərin məntiqi nəticəsi olaraq, özünün yüksəliş dövrünü yaşayan Azərbaycan idmanının nailiyyətləri ölkəmizi dünyada təbliğ etməklə yanaşı, 44 gün ərzində böyük tarixi Qələbə qazanmış xalqımızı təmsil edir, cəmiyyətdə vətənpərvərlik hisslərinin gücləndirilməsində əhəmiyyətli rol oynayır.   

Azərbaycan sərhədçiləri də milli və beynəlxalq statuslu mötəbər idman yarışlarında ölkəmizi ən yüksək səviyyədə təmsil edərək bu sahəyə öz töhfələrini verirlər.   

Aprel ayının 16-da son dövrdə milli və beynəlxalq idman yarışlarında böyük nailiyyətlər qazanmış “Sərhədçi” idman-olimpiya mərkəzinin idmançıları ilə görüş keçirilmiş, əldə etdikləri nailiyyətlər münasibətilə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrikləri idmançılara çatdırılmışdır. 

2021-ci il ərzində mərkəzin idmançılarının 58 müxtəlif statuslu yarışlarda iştirak edərək 154-ü qızıl, 70-i gümüş, 75-i bürünc olmaqla 299 medal qazandıqları qeyd olunmuş, yalnız 2022-ci ilin birinci rübündə idmançıların Azərbaycan, Avropa, Dünya çempionatları, beynəlxalq və yerli yarışlarda 164 medal qazandıqları, bunların 75-ni qızıl, 45-ni gümüş, 44-nü bürünc medallar təşkil etdiyi vurğulanmışdır. “Sərhədçi” idman-olimpiya mərkəzinin idmançılarının təkcə fiziki hazırlığına deyil, həmçinin tədrisinə, Vətənə məhəbbət ruhunda tərbiyəsinə xüsusi diqqət yetirildiyi bildirilmişdir. 

Görüşdə dövlət sərhədlərimizin keşiyində ayıq-sayıq duraraq milli maraqlarımızın müdafiəsini şərəflə təmin edən hərbi qulluqçularımız kimi sərhədçi-idmançıların da beynəlxalq yarışlarda ölkəmizi layiqli təmsil etdikləri vurğulanmış, bu uğurların gələcəkdə də ən yüksək səviyyədə davam edəcəyinə əminlik ifadə olunmuşdur. 

İdmançılar adından çıxış edən polkovnik Firdovsi Umudov göstərilən ali diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıq ifadə etmiş, yeni uğurlar və qələbələr ilə göstərilən etimadı doğruldacaqlarına söz vermişdir.   

Sonda Dövlət Sərhəd Xidməti rəisinin əmri ilə xidməti fəaliyyətlərində və mötəbər yarışlarda iştirak edərək yüksək nailiyyətlər əldə etmiş idmançılar təltif olunmuşlar.   



Məlik
Demokrat.az
 

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top