Politoloq: “Ermənistan sülh istəyir və bölgədə sülh ola bilər”

GÜNDƏM 15 apr 2022, 13:29
“Ermənistanın Baş naziri Nikol Paşinyanın parlamentdəki son çıxışları bir neçə məqsədə hesablanıb”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. 

Politoloq qeyd edib ki, Paşinyan çıxışında erməni cəmiyyətində hakim olan millətçi, nasist düşüncənin zərərlərinə diqqət çəkib:

“Yəni, o, bununla Qarabağın Ermənistana birləşdirilməsi fikirlərinin zərərli olduğunu anlatmağa çalışır. Paşinyan erməni cəmiyyətinə bu ideologiyanın nə qədər təhlükəli və Ermənistanın özünün gələcəyi üçün yaratdığı təhlükələr barədə xəbərdarlıq edir.  Eyni zamanda, erməni cəmiyyətinin bu ideologiyanın təhlükələri ilə bərabər, bu ideyanın heç vaxt həyata keçməyəcəyinə də diqqət çəkir. Paşinyan 44 günlük savaşdan sonra bölgədə yaranmış reallıqları, Azərbaycan və Türkiyənin Qafqazdakı rolunun artığını göstərir. Həmçinin, ermənilərin bu reallıqları qəbul etməyəcəyi halda gələcəkdə üzləşəcəkləri təhlükələrlə bağlı bir xəbərdarlığıdır. Bütün bunlar Ermənistan cəmiyyətində az da olsa, normal düşünə bilən və öz fikirlərini bildirmək üçün bir mesaj da sayıla bilər”. 

Onun sözlərinə görə, Paşinyan son çıxışı ilə erməni cəmiyyəti qarşısında etiraf etdi ki, Ermənistanın müstəqilliyi nominal xarakter daşıyır və o, müstəqil dövlət deyil: “Ermənistan Rusiyanın forpostu olaraq, kənar güclərin verdiyi qərarları icra etmək məcburiyyətində qalır. İndiyədək bir müstəqil dövlət kimi müstəqil siyasət həyata keçirtməyib. Diqqəti də onu çəkir ki, biz özümüz qərarları verməsək, bu gələcəkdə bizim üçün daha böyük təhlükələr yarada bilər. Ona görə də, Paşinyanın son çıxışı Ermənistanın bir dövlət kimi bundan sonra hansı istiqamətdə fəaliyyət göstərəcəyinə bir çağırışdır. Bu son çıxışda qeyd edilən istiqamətlər onu deməyə əsas verir ki, Ermənistan cəmiyyətində Paşinyan da daxil olmaqla, az da olsa müəyyən siyasətçilər bölgədə yaranmış reallıqları düzgün qiymətləndirir. Azərbaycanla, o cümlədən Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirlər. Bu istiqamətdə nə qədər səmimi və dürüst olduqlarını biz gələcəkdə, bundan sonrakı dönəmlərdə və aparılan prosesdə görəcəyik”.

“Əgər doğurdan da, Paşinyan son iki çıxışında elan etdiyi prioritetlər və istiqamətlər üzrə hərəkət edəcəksə, Azərbaycanla münasibətlərin normallaşmasına və sülh müqaviləsinin imzalanması istiqamətində fəaliyyət göstərəcəksə, bu, o deməkdir ki, Ermənistan sülh istəyir və bölgədə sülh ola bilər. Ermənistanda ciddi dəstəyi revanşist qüvvələr əldə edəcəksə, o zaman prosesdə ciddi tormozlanmalar ola bilər. Hər halda ümid edək ki, Ermənistanda Paşinyanın bu çıxışından doğru nəticələr çıxaracaq insanların sayı artacaq,”- deyə politoloq qeyd edib.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top