Azərbaycanın postmüharibə dövrü siyasətinin nəticələri

GÜNDƏM 13 apr 2022, 13:16
Prezident İlham Əliyev bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə etdiyi çıxış zamanı postmünaqişə dövründə baş verənlər və yaxın gələcəkdə Qarabağda həyata keçiriləcək işlər üzərində xüsusi dayandı. 

Müharibədən ötən zaman kəsiyində həm beynəlxalq müstəvidə yeni reallıqları qəbul etdirmək, həm də azad edilmiş torpaqlarda bərpa işlərinə başlamaq, istiqamətində aparılan işlərə diqqət etdikdə hansı miqyasda yolun qət edildiyini aydın görə bilərik.

Nələrə nail olunub?

Fakt bundan ibarətdir ki, Azərbaycan dünyaya öz haqlı və tarixi qələbəsinin nəticələrini qəbul etdirə bilib. Hazırda elə bir nüfuzlu qurum yoxdur ki, bu reallıqların əksinə olan mövqe ortaya qoysun. Bu, heç də asan iş kimi görünməməlidir. Dünyada hələ də güclü erməni lobbisinin və ikili standartların mövcudluğunu nəzərə alsaq, prosesin necə bir gərgin əmək və düşünlümüş siyasət nəticəsində başa gəldiyini anlamaq mümkündür. BMT, bu qurumdan sonra ən böyük təsisat olan Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT və Avropa İttifaqı, NATO kimi beynəlxalq güclər Azərbaycanın ərazi bütövlüyünü tanıyır və yeni reallıqları qəbul edir. Azərbaycan beynəlxalq müstəvidə qələbəsini rəsmiləşdirməyə nail olub və bunun nə qədər önəmli faktor olmasını hamı yaxşı dərk edir. 

Son günlər Azərbaycanın iki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən ibarət təkliflərini Ermənistan tərəfinin qəbul etməsi isə bu istiqamətdə aparılan işin yekun nöqtəsi hesab oluna bilər. Bu o deməkdir ki, Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir. Prezident İham Əliyev bildirdi ki, sonuncu Brüssel görüşündə həm sərhədlə, həm də sülh müqaviləsinin hazırlanması ilə bağlı işçi qruplarının yaradılması razılaşdırılıb. Sərhədin delimitasiyası ilə bağlı aprelin sonuna qədər formalaşdırılacaq işçi qruplar, eyni zamanda, sülh müqaviləsinin hazırlanmasına dair işçi qruplar tezliklə öz işinə başlamalıdır: “Bildiyiniz kimi, bu günlərdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında hesab edirəm ki, yaxın tarixdə, bəlkə də son 30 il ərzində birinci dəfə telefon söhbəti də olmuşdur. Biz bunu da müsbət qiymətləndiririk. Çünki iki ölkə arasındakı münasibətləri iki ölkə həll etməlidir”. 

Qeyd olunanlar müharibədən sonra yürüdülən siyasətin, beynəlxalq təşkilatlardakı fəaliyyətin, ikitərəfli formatda böyük dövlətlərlə əlaqələrin nə qədər doğru olduğunu bir daha isbat edir.

Postmünaqişə dövründə ikinci istiqamət, azad edilmiş torpaqlarda bərpa işləridir ki, bu məsələlərdən danışarkən bir məqamı nəzərdən qaçırmamaq vacibdir. Ötən dövrdə Azərbaycan bərpa işlərini yalnız və yalnız öz hesabına həyata keçirib.  Prezident çıxışında bu məsələni ayrıca vurğuladı: “Heç kimdən bir manat dəstək almamışıq. Azad edilmiş torpaqları da yüz faiz öz gücümüzə bərpa edirik. Bəli, xarici şirkətləri dəvət etmişik. Onlar orada podratçı kimi işləyir. Amma bu günə qədər heç kimdən bir manat almamışıq. Ancaq öz gücümüzə, öz istedadımıza güvənirik. Bunu mən xüsusilə qeyd etmək istəyirəm. Çünki adətən belə qanlı müharibələrdən, belə dağıntılardan sonra, - Qarabağ və Zəngəzurda dağıntıların dünyada bənzəri yoxdur, heç İkinci Dünya müharibəsində bu qədər dağıntılar olmamışdı, - donor konfransları, beynəlxalq təşkilatlar yığışır və bərpa planı icra edilir. İndi yenə də İkinci Dünya müharibəsinin tarixçəsinə nəzər salmaq kifayətdir. O vaxt Marşal planı tətbiq edilmişdir. Əgər Amerika Avropanı bərpa etmək üçün bu planı tətbiq etməsəydi, Avropa öz gücünə öz potensialını bəlkə də 50 ilə bərpa edə bilərdi. Digər münaqişələrlə bağlı beynəlxalq fondlar maliyyə yardımı göstərirlər. Bizə isə heç kim heç bir yardım göstərmir, nə işğal dövründə, nə də sonra”. 

Düzdür, Azərbaycanın haqlı etirazlarından sonra Avropa İttifaqı, Dünya Bankı və digər qurumlar mövqelərində dəyişikliklər etdilər, lakin hələ maliyyənin ayrılması ilə bağlı real nəticə mövcud deyil.

Qarabağı, Zəngəzuru nümunəvi bir bölgə kimi qurmağı hədəfləyən Azərbaycan məhz öz imkanları hesabına bu ərazilərdə hansı işləri görüb və görməkdədir?

Prezident İlham Əliyevin 2021-ci ildə Füzuli, Şuşa, Zəngilan, Laçın, Cəbrayıl, Xocavənd, Ağdam, Kəlbəcər və Hadruta gerçəkləşən səfərləri işğaldan azad edilmiş ərazilərin bərpasına böyük diqqətin, həssas münasibətin bariz göstəricisidir. Bu səfərlər bir sıra şəhər və rayonların baş planlarının ictimaiyyət nümayəndələrinin iştirakı ilə müzakirəsi, bəzi mühüm təməlqoyma və açılış mərasimləri ilə müşahidə olunub. Ağdam və Füzuli şəhərlərində təsdiqlənən Baş planlar əsasında quruculuq işlərinə start verilib. Prezident Ağdam, Füzuli və Cəbrayıl rayonlarının ərazilərində yaşayış binalarının təməlinin qoyulmasında iştirak edib.  Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib. Cari ildə “Zəfər Yolu”nun açılışı olub. Şuşa, Füzuli, Kəlbəcər, Cəbrayıl, Zəngilan, Qubadlıda yarımstansiyalar, “Güləbird” və “Kəlbəcər-1” Su Elektrik Stansiyası istifadəyə verilib, habelə “Yaşıl enerji” konsepsiyasının tətbiqinə hazırlıq istiqamətində addımlar atılıb. Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” layihəsinin icrasına start verilib. Ötən ilin yekunlarına əsasən, işğaldan azad edilmiş ərazilərdə 15 fərqli layihə üzrə 1400 kilometrdən artıq uzunluqda yolların, habelə telekommunikasiya şəbəkələrinin qurulması və rabitə xidmətlərinin təşkili üzrə işlər sürətlə davam etdirilir.

Prezident İlham Əliyev çıxışında bu il Qarabağda görüləcək işləri açıqladı. Və görünən odur ki, cari ildə daha böyük həcmli işlərin həyata vəsiqə qazanacağının şahidi olacağıq. Geniş və əhatəli quruculuq planlarının həyata keçiriləcəyi Qarabağın hər güşəsində ilin sonuna kimi ciddi yeniliklər baş verəcək. 

Açıqlanan planlara istinad etsək, Zəngilandan İran üzərindən Naxçıvana və oradan yenə də İranın enerji sisteminə və Türkiyəyə elektrik xətlərin çəkilişi də gündəlikdə duran məsələlərdəndir. Bu, bir ay öncə İranla Azərbaycan arasında körpülərin, dəmir yolu körpülərinin tikintisi ilə bağlı imzalanan memoranduma uyğun həyata keçiriləcək. Sənədə uyğun olaraq İran üzərindən yolun Naxçıvana çəkilməsi və oradan dünya bazarlarına çıxarılması layihəsi hazırlanır. Prezident yaxın gələcəkdə təməlqoyma mərasiminin keçirilə biləcəyini anons etdi və beləliklə, yeni beynəlxalq nəqliyyat dəhlizi açılacağını vurğuladı. Dövlət başçımız xüsusi olaraq qeyd etdi ki, bu heç də Zəngəzur dəhlizinin açılmasını inkar etmir: “Zəngəzur dəhlizi açılmalıdır. Zəngəzur üzərindən həm dəmir yolu, həm avtomobil yolu məsələsi ilə bağlı aprelin 6-da Brüsseldə geniş fikir mübadiləsi aparılmışdır”.
 
Cari ildə Qarabağda işlər sırasında yol infrastukturunun qurulması davam etdiriləcək və yeni yollar istifadəyə veriləcək. Bu istiqamətdəki planlara diqqət etdikdə cari ildə kifayət qədər əhatəli mərhələnin adlanacağını, işğaldan azad olunmuş ərazilərə rahat gediş-gəlişin təmin olunacağını görmək mümkündür. İl ərzində, həmçinin Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi palnlaşdırılır. Bu, qısa müddətdə azad edilmiş torpaqlarda Füzulidən sonra ikinci beynəlxalq hava limanı olacaq. Bununla yanaşı, Ağalı kəndinin açılışı olacaq və kəndin sakinləri artıq bu il Ağalıda yaşayacaqlar. Azad edilmiş digər rayonlarda kəndlərin yenidən qurulması layihələri hazırlanır və şəhərlərlə paralel biz kəndləri də bərpa edəcəyik.

Azad edilmiş torpaqlarda yeni məktəb və xəstəxanaların inşası da davam etdiriləcək, tikintisi başa çatanlar isə istismara veriləcək, içməli su mənbələrinin layihələndirilməsi işləri ilə paralel olaraq, su anbarları tikiləcək,  eyni zamanda tarixi abidələr bərpa olunacaq və s. Xüsusilə, “Şuşa İli” şərçivəsində genişmiqyaslı tədbirlər gerçəkləşdiriləcək. Şuşada quruculuq işləri ilə yanaşı, beynəlxalq tədbirlər, festivallar keçiriləcək.  

Beləliklə, Azərbaycan hakimiyyətinin təkcə işğaldan azad edilmiş torpaqlarla bağlı əhatəli və sadalamaqla bitməyən işləri sürətlə, planlı şəkildə yürütdüyü göz önündədir. Azərbaycan bütün bunları hazırda dünyada mövcud olan problemlər fonunda (ərzaq məhsullarının qiymətlərinin kəskin artması, Rusiya-Ukrayna müharibəsi fonunda bu prosesin daha da sürətlənməsi) fonunda öz imkanları hesabına həyata keçirir. Bu,  Azərbaycan dövlətinin gücünü göstərən ən mühüm faktordur.

Elman Babayev
Əməkdar jurnalist
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top