Deputat: “Dayanıqlı sülh üçün unikal imkan yaranıb”

GÜNDƏM 08 apr 2022, 17:03
“Ötən gün baş tutmuş Brüssel görüşü görüş çox vacib idi və bu formada təmasların olması sülh üçün olduqca əhəmiyyətlidir”. 

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib. Deputat qeyd edib ki, bundan sonra dövlətimizin beynəlxalq hüquqa uyğun olaraq təqdim etdiyi 5 prinsip üzrə hər iki ölkənin Xarici İşlər Nazirlikləri daimi çalışan komissiya təsis edəcək, danışıqlar daha da intensivləşəcək: 

“Yekun mətndə Soçi anlaşmasına istinad var. Bu səbəbdən Brüssel görüşünü Soçi görüşünün davamı olaraq qiymətləndirmək olar. Hər iki ölkəyə görə artıq dayanıqlı sülh üçün unikal şans yaradılıb, tərəflər bu şansı dəyərləndirməli və tezliklə sülh sazişini imzalamalıdırlar. Bu danışıqlar təbii ki, Azərbaycanın üstünlüyü ilə keçdi və bunun  da əsas səbəbi Azərbaycanın qazandığı 44 günlük zəfər, ölkənin qurduğu vacib ittifaqlardır. Bunlar Azərbaycanın indiki durumda geosiyasi və enerji önəminin daha da artmasıdır. Ermənistanın baş nazirinin görüşdən sonrakı çıxışı da onu göstərir ki, doğrudan da sülh, rifah istəyir. Həmçinin, görüşdən sonra istər Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin açıqlamalarına, istərsə də bizim Xarici İşlər Nazirliyinin bəyanatın ilkin olaraq insanda müsbət təəssürat formalaşdırır”.

Millət vəkili qeyd edib ki, sərhədlərin delimitasiyası və tərəflər arasında müəyyən etimad məsələlərinin yaranmasına görə, qoşunlarla bağlı fəaliyyət üçün birgə qrupun yaranmasına cəhd göstərilməsi çox mühüm amildir: 

“Sərhədlərin delimitasiya olduqca zəruridir. Bununla da, tərəflər arasında gərginliyə son qoyulacaq. Hesab edirəm ki, bu da özlüyündə faydalı bir məqamdır. Buna icra mexanizmi tapılarsa və gerçəkləşməsi üçün real addımlar atılması mümkün olarsa, çox böyük nəticə əldə etmək mümkündür. Bütövlükdə və ümumən belə görüşlərin olmasını müsbət qiymətləndirirəm. Avropa İttifaqını da bu məsələlərdə müsbət həllər irəli sürən tərəf kimi görürəm. Bu baxımdan da düşünürəm ki, Brüssel görüşü böyük ölçüdə müəyyən irəliləyişlərin əldə olunması ilə nəticələnəcək. Görüşdə alınan qərarların real icra mexanizmləri Ermənistan tərəfindən  asılıdır. Azərbaycan isə öz iradəsini ortaya qoyub və dediklərinə əməl edir”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top