“Rusiya deyəcək ki, Azərbaycanla münasibətləri pozuram?”

GÜNDƏM 07 apr 2022, 20:13
Brüsseldəki görüşdən öncə Ermənistandakı revanşistlər fəallaşaraq vəziyyəti gərginləşdirməyə cəhd göstərirdilər. Paşinyanın İlham Əliyevlə görüşməsinin əleyhinə olan separatçılar baş naziri hədələyirdilər. Onlar bildirirdilər ki, əgər sülh sazişi bağlansa, qondarma rejim Rusiyaya birləşmək barədə qərar qəbul edəcək. Separatçılar hətta Qarabağın Rusiyaya birləşdirilməsi üçün imza toplanmasına başlayacaqlarını da söyləmişdilər. Bildiyimiz ki, dünənki Brüssel görüşündə sülh sazişi istiqamətində iş aparılması üçün razılaşmalar əldə olundu. Maraqlıdır, belə olan təqdirdə, separatçılar Rusiyaya birləşmək haqda qərar verə bilərmi?

Sualımızı cavablandıran beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Demokrat.az-a açıqlamasında deyib ki, bu, radikal müxalifətin Paşinyana qarşı gücləndiyini göstərir:

“Təbii ki, separatçıların bu fikri blef idi və hər tərəfə sərf edən blef idi. Bilirik ki, Paşinyan Qərbə bağlı adam hesab olunur, lakin ortada Rusiyanın dəstəklədiyi kimi görünən separatçılar da var. Qeyd edim ki, Azərbaycanla Rusiyanın arasında bağlanan son müttəfiqlik müqaviləsi hər iki ölkəninn ərazi bütövlüyünü təsbit edir. Yəni, beynəlxalq hüquq da Rusiyanın belə bir məsələyə imza atmasına imkan verə bilməz. Amma maraqlı məqam nədir?! Maraqlıdır ki, Rusiya separatçıların onlara müraciəti əsasında hansı addımı atacaq. Deyəcək ki, Azərbaycanla münasibətləri pozuram və Qarabağdakı separatçıları özümə birləşdirirəm?! Bu hansı anlama gəlir? Bu, Ukrayna ilə savaşda olduğu dönəmdə Türkiyə ilə münasibətlərinin dalana dirənməsi olur. Yəni, Ukraynanın yanında Türkiyənin açıq-aşkar yer almasını şərtləndirir. İkincisi, burada Pakistan amili, o cümlədən Avropa İttifaqından qalan az-çox münasibətlər var ki, bunlarda da problem yarana bilər. Ən əsası heç kim hazırki məqamda bunu istəməz”.

“Xüsusilə də, Britaniya ilə Rusiyanın mövqeyinin daha da kəskinləşməsinin şahid oluruq. Təsəvvür edin ki, beynəlxalq korporasiyalar ilə Azərbaycanın karbohidrogen ehtiyatlarının işlədilməsi ilə bağlı 1000 milyard dollardan artıq investisiya ayrılıb. 2054-cü ilə qədər BP şirkəti Azərbaycanda bu sahədə iş həyata keçirməlidir. Belə investisiyalar kim təhlükəyə atacaq? Yaxud da kimsə təhlükəyə atarsa, onun cəzalandırılması ilə bağlı hansı addımlar atıla bilər? Yəni, bütün bunlar əsasdır. Ona görə də 3-5 separatçı üzərindən ölkə başçılarının Brüssel razılaşmasına kölgə salmaq istəyənlər var. Hamı da bilir ki, bunun arxasında Sarkisyan və Köçəryan durur,”- deyə politoloq fikrini yekunlaşdırdı.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top