Deputat: “Brüssel görüşü Azərbaycan diplomatiyasının uğurudur”

GÜNDƏM 07 apr 2022, 14:34
“Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi və iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş Azərbaycan diplomatiyasının uğuru hesab olunmalıdır”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin üzvü Bəhruz Məhərrəmov deyib. Deputat qeyd edib ki, ikinci Brüssel görüşü ilə sülh sazişinin hazırlanması prosesinə rəsmən start verildi:

“Təbii ki, biz bu görüşdə sülh sazişinin imzalanacağını gözləmirdik. Çünki ən azından hələlik ortada imzalanmalı saziş yoxdur. Lakin Brüssel görüşündə tərəflərin, konkret olaraq Ermənistanın üzərinə götürdüyü öhdəlik elə Azərbaycanın iradəsinin reallaşması deməkdir. Ona görə ki, gündəlik Azərbaycanın müəyyən edərək irəli sürdüyü 5 prinsip əsasında qurulmuşdu. Bu mənada,  Xarici İşlər nazirlərinə bütün zəruri məsələləri əhatə edəcək sülh müqaviləsinin hazırlanması üzərində işləmək tapşırılması atılması gözlənilən ən mühüm addım oldu. Qısa formada desək, ikinci Brüssel görüşü ilə məhz Bakının 5 şərti əsasında sülh sazişinin hazırlanması prosesə rəsmən start verildi”.

B.Məhərrəmov ikitərəfli sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində konkret vəzifə müəyyən edilməsinin də mühüm olduğunu diqqətə çatdırdı: “Soçi görüşünün davamı olaraq dünən Brüsseldə Ermənistan və Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası, sərhəd xətti boyunca onun yaxınlığında stabil təhlükəsizlik vəziyyətini təmin etmək artıq tərəflərin öhdəliyidir. Bu, o deməkdir ki, İrəvan istəsə də, istəməsə də Azərbaycana qarşı ərazi iddialarından geriyə çəkilməyə başladı. Digər mühüm məqam isə Şarl Mişelin özünün qısa brifinqində səsləndirdiyi kimi, bu razılaşmaların adekvat davamını təmin etmək üçün əlaqənin davam etdirilməsinin zəruriliyi barədə razılıq əldə edildi. Bu isə öhdəliklərin icrasına ilkin nəzarət mexanizmi funksiyasını yerinə yetirəcək. Yəni artıq İrəvan ənənəvi olaraq söz verib, yayınmaq imkanından müəyyən mənada məhrum olur”.  

Bütün proseslərin hamısının Azərbaycanın beş şərti daxilində cərəyan etdiyini vurğulayan millət vəkili onu da əlavə etdi ki, bütün bunlar milli maraqlarımıza uyğundur: “Məsələnin digər daha vacib tərəfi isə İrəvanın foaskosu ilə bağlıdır. İlk növbədə Ermənistanın iradəsinə zidd olaraq görüşdə səsləndirilən bəyanatda və Şarl Mişelin qısa brifinqində “Dağlıq Qarabağ” ifadəsinə ümumiyyətlə yer verilmədi. Bəyanatda Şarl Mişel İrəvanın iddia etdiyi və bəzi Avropa dövlətlərinin də təkrarladığı kimi Azərbaycanda saxlanılan “hərbi əsirlər” ifadəsindən ümumiyyətlə imtina edərək vacib humanitar addımlardan biri kimi “yerdə qalan saxlanılan şəxslərin azad edilməsi” ifadəsindən istifadə edildi. Bu, İrəvanın Azərbaycana qarşı mütəmaddi olaraq gündəmə gətirdiyi “hərbi əsir” ritorikasının  iflası deməkdir. Şarl Mişelin bu yanaşması beynəlxalq humanitar hüququn prinsiplərinə əsaslanmaqla həm də rəsmi Bakının tezisləri ilə eynilik təşkil edir. Digər vacib məqam isə Azərbaycan Prezidentinin gündəmə gətirdiyi Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 4 minə yaxın vətəndaşımızın taleyi məsələsinin artıq Avropa İttifaqı Şurasının Prezidentin də gündəliyində olması ilə bağlıdır. Bu mənada dünənki bəyanatda itkin düşmüş şəxslərlə bağlı problemin hərtərəfli həlli istiqamətində açıq çağırış edilməsi İrəvanı çətin duruma saldı. Digər diqqət çəkən məsələ, Ş.Mişel dəmir yolu xətlərinin bərpası istiqamətində atılan addımları alqışlaması ilə bağlı oldu. Nəzərə alsaq ki, bu istiqamətdə hələlik konkret addımlar yalnız Azərbaycan tərəfindən atılıb. Cənab Mişelin bəyanatında kimə təşəkkür, kimə xəbərdarlıq xarakteri daşıdığı aydın olur”. 

“Paralel olaraq Ermənistan və Azərbaycana avtomobil yollarının bərpası üçün effektiv həll yolları tapmaqla bağlı Avropa İttifaqı Şurasından çağırış isə birmənalı olaraq İrəvan üçün təzyiq xarakteri daşıyır. Çünki Ermənistan dəmiryol məsələsinə ilkin razılığını ifadə etsə də, avtomobil yolu məsələsinin qəti əlehdarı kimi çıxış edir. Lakin cənab İlham Əliyev ilk gündən iradəsini ortaya qoymuşdu və dünən verilən bəyanat həm də Azərbaycan Prezidentinin qətiyyətinin təntənəsi oldu. Ən nəhayət, sirr deyil ki, Paşinyan görüşə destruyktiv əhvalda getmişdi və  İravanda bir gün əvvəl "ümumxalq həmrəylik mitinqi" də təşkil olunmuşdu. Hətta danışıqlar müddətində və sonra mövqelərimiz Ermənistan silahlı qüvvələri tərəfindən bir neçə istiqamətdən atəşə də tutulmuşdu. Lakin haylar reallığı dəyişə bilmədi, erməninin fərari əsgəri susdurulduğu kimi  cənab İlham Əliyevin beynəlxalq hüquqa əsaslanan iradəsi ilə Paşinyan da Brüsseldə tamami ilə çarəsiz vəziyyətlə barışmalı oldu”, - deyə millət vəkili əlavə edib.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top