Ekspert: “Bunun Azərbaycan üçün həm iqtisadi, həm də siyasi dividentləri var” — MÜSAHİBƏ

GÜNDƏM 30 mar 2022, 18:02
İqtisadçı-ekspert Eldəniz Əmirov Demokrat.az-a özəl müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Eldəniz müəllim, Avropa Rusiya qazından təsirini azaltmaq üçün Azərbaycanı və Qazaxıstanı alternativ kimi görür. Həm də Qazaxıstan qazının Xəzər dənizi vasitəsilə Azərbaycandan Avropaya nəqli fikirləri gündəmdədir. Sizcə bu reallaşa bilər?

- Düzdür, hazırki münaqişə dövründə Avropa özü qaz tələbatını həyata keçirilməsi üçün ciddi problemlər yaşayır və Rusiya təhdidləri ilə üz-üzədir. 2021-ci ildə 185 milyard kubmetrlik Avropaya qaz ixrac edən Rusiya bunun 150 milyard kubmetrini bilavasitə Avropanın özünə, yəni Türkiyə istisna olmaqla göndərmişdir. Hazırda isə məhz qazla bağlı problemlər Avropa üçün bir nömrəli təhdiddir. Eyni zamanda Rusiya tərəfindən qaz ödənişlərinin rublla ödənilməsinin tələb olunması ikinci bir təhdidi ortaya qoyur. Buna görə də, Avropa alternativ üsullardan istifadəyə üstünlük verir. Bu baxımdan hər ölkənin özünün ayrı-ayrılıqda bir proqramı var. 

- Bu proqramlar nələrdir? 

- Bu proqramlarla bilavasitə hər ölkə özünə alternativlər tapmaq qərarına gəlib. Biz bunu müxtəlif ölkələrin davranışlarından müşahidə edirik. Məsələn Polşa Norveçdən, Almaniya müxtəlif differensiyalaşdırılmış şəkildə digər ölkələrdən, Bolqarıstan Azərbaycan qazından istifadə etməyi planlaşdırır. Eləcə də Avropanın bir çox ölkələri, ümumiyyətlə, Orta Asiya qazından istifadə etməyi nəzərdə tutur. Bunun da Avropaya daşınması üçün məhz tranzit olaraq Azərbaycan üzərindən həyata keçirilməsi daha məqbuldur.

- Qazaxıstan qazının Azərbaycan üzərindən Avropaya çatdırılması mümkündür?

- Sadəcə olaraq, bütün Qazaxıstan qazının Avropaya çatdırılması Azərbaycan üzərindən mümkün deyil. Çünki bəlli, müəyyən bir limitlər vardır. Məsələn, 4 layihədən ibarət olan Cənubi Qaz Dəhlizinin 3-cü layihəsi TANAP-dır ki, yəni Trans Anadolu boru kəməridir ki, məhz bunun hazırda 16 milyard kubmetrlik ötürücülük gücü olsa da, onu 31 milyard kubmetrə qədər qaldırmaq mümkündür. Amma TAP hazırda 10 milyarddır, bunu 20 milyard kubmetrə qədər qaldırmaq mümkündür. Müəyyən texnoloji avadanlıqların köməyi ilə bu 20 milyard kubmetrədək qaldırılası olsa, o zaman onun 11 milyard kubmetrini potensial olaraq Azərbaycan istifadə edir, yəni hazırda 10 milyardını edir, 1 milyardını da növbəti ildə edəcək. Qeyd edim ki, bizim qaz hasilat həcmlərimiz bu il təxminən 44-45 milyard kubmetrdir. Növbəti ildə 50 milyard kubmetrə qədər artırılması nəzərdə tutulur. Azərbaycan qazının da Avropaya ixracının artırılması TAP-ın həcmində müəyyən dərəcədə öz rolunu oynayacaq. Yəni mövcud 20 milyard kubmetri  qaldırılarsa TAP onun 15 milyard kubmetrini Azərbaycan ödüyə bilər. Yerdə qalan 5 milyard kubmetrini Türkmənistan və yaxud da ki, Qazaxıstan hesabına bu boru kəmərinin maksimal potensialından istifadə oluna bilər. Sadəcə olaraq,  Türkiyə ilə qonşu olan Avropa ölkələrinə TANAP vasitəsilə qazın daha çox ixracı potensial olaraq mümkündür.

- Bunun Azərbaycan üçün hansı üstünlükləri olacaq?

- Azərbaycan həm qazın ixracından dividentlər qazanır, valyuta əldə edir. Eyni zamanda da tranzit ölkə olaraq əlavə gəlirlər əldə edir. Tranzit ölkə kimi bunun Azərbaycan üçün həm iqtisadi, həm də siyasi dividentləri var.   

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top