“Yağıntılar bir müddət davam etsə, Kür çayı əvvəlki vəziyyətinə qayıda bilər”

GÜNDƏM 27 mar 2022, 13:49
Yazı Medianın İnkişafı Agentliyinin layihəsi çərçivəsində hazırlanmışdır

Müasir dövrdə bütün dünyanı narahat edən ən mühüm qlobal problemlərdən biri iqlim dəyişmələridir. Çünki iqlim dəyişiklikləri canlı aləmə daha çox təsir edir. Son illər qeyri-sabit hava şəraiti tək Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində hiss olunmaqdadır. Təbii ki, bu da bütün dövlətlərin flora və faunasına ciddi problemlər yaradıb. Son yüzilliklər ərzində aparılan müşahidələr göstərir ki, tufanların, çovğunların həm intensivliyi, həm də tezliyi xeyli artıb və isti küləklər, qasırğalar, yağıntılar daha da güclənib. 

Eyni zamanda, bütün dünyada, ümumiyyətlə ölkələrdə sel və daşqın hadisələrinin də sayı artmaqdadır. Bundan başqa, bir çox təbii fəlakətləri bunlara aid etmək olar. Yəni, bütün bu təbii fəlakətlərin artımında əsas amil iqlim dəyişmələridir. Buna görə də, bütün ölkələrdə təbiətin, flora və faunanın qorunması, ətraf mühitin, təbii ehtiyatların, onların mühafizəsi, bərpası davamlı inkişaf konsepsiyasının tərkib hissəsinə çevrilib. 

Azərbaycanda da iqlim dəyişiklikləri müşahidə olunmaqdadır. Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, təbii sərvətlərdən səmərəli istifadə Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətlərindəndir. 

Son illər Azərbaycanın əsas çaylarından olan və qurumaq təhlükəsi ilə üz-üzə qalmış Kür çayı da ciddi ekoloji fəlakətlə üz-üzə qalmışdı. Təbii ki, bu hər kəsi narahat etməyə başlamışdı. Lakin son günlər Kür çayında suyun səviyyəsində qalxma müşahidə olunmaqdadır. Buna səbəb isə bir neçə gündür fasiləsiz yağan yağıntılardır. Kür çayında suyun səviyyəsində olan artım martın ikinci on günlüyündən etibarən müşahidə edilməyə başlayıb. Bununla yanaşı, çayın axını da xeyli sürətlənib. Bir müddət əvvəl su azlığı zamanı əmələ gələn kiçik adalar da yoxa çıxıb. Lakin sual yaranır. Bu fəlakət bitdimi? Yenidən Kür çayının quruma ehtimalı varmı? Azərbaycanda susuzluq təhlükəsinin qarşısını necə almaq olar?

Suallarımıza cavab tapmaq üçün ekoloq Xosrov Musayev ilə söhbətləşdik. Ekoloq Demokrat.az-a açıqlamasında son günlər Kür çayının suyunun artdığını bildirdi. Lakin ekspert onu da diqqətə çatdırdı ki, qarşıda ölkəmizi ciddi ekoloji fəlakətlər gözləyə bilər: 

“Ölkəmizdə bu istiqamətdə ciddi tədbirlər görülməzsə, insanlar bir müddətdən tamamilə susuz qala bilər. Çünki ölkəmizdə əvvəllər normal yağış yağmadığına görə, quraqlıq var idi. Təbii ki, bölgələrimizə normal yağıntı düşmürdü və bu da çayların qurumasına səbəb olurdu. Bir sıra yerlərdə təpəciklər belə yaranmışdı. Düşünürəm ki, son günlər qarın və yağan intensiv yağışlar səbəbindən çaylar əvvəlki vəziyyətinə düşəcək. Yəni, çaylarda suyun səviyyəsi artacaq və normallaşacaq. Amma bu heç də hər şey bitdi demək deyil. 

Son illər bütün çayları qidalandıran çayların suları azalmışdı. Bu da dünyada baş verən iqlim dəyişikliyi ilə bağlı idi. Bilirik ki, qar və yağış Kür çayını qidalandırır. Bunlar azalanda təbii ki, Kür çayının səviyyəsi də aşağı düşür”. 

Ekspert hesab edir ki, gələcəkdə içməli su ilə bağlı insanlar ciddi problemlərlə üzləşəcəklər: 

“Çünki duzlu su şirin suya qarışır və o da gələcək üçün ciddi problemlər vəd edir. Azərbaycan Milli Elmlər Akademiyasının verdiyi məlumata görə, hazırda 35 milyard kub suyumuz var. Bu, Gürcüstan ilə müqayisədə 62 faizdir, ümumi Cənubi Qafqazda suyun 10 faizi bizim payımıza düşür ki, bu da çox azdır. Biz bütün su ehtiyatlarına görə, bütün respublikalardan zənginik, ancaq bunun idarə olunması düzgün həyata keçirilmir. Çünki süni göllər, su hövzələri yaradılmayıb. Bunlar yaradılmalıdır ki, qışda ehtiyac olmayan vaxtı bu süni göllərə sular yığılsın. Və yayda ehtiyac olanda, yəni buxarlanma çox, yağıntı az olan zaman istifadə edilsin. Çox təəssüf ki, biz bunlara rast gəlmirik. 

Ümumiyyətlə, ölkəmizdə sudan səmərəli istifadə olunmur. Su kanalları, suvarma sularının 70-80 faizi hamısı beton mənşəlidir ki, o da su itkisinə səbəb olur. Az olan resursumuzun da düzgün idarə olunmaması nəticəsində gələcəkdə vəziyyət tamamilə kritik həddə çatacaq. Hələ 10-15 il qabaq demişdim ki, Azərbaycanda 20-25 faiz su azala bilər, elə də oldu. Çünki biz bu işlə məşğuluq və qabağı görə bilirik. Gələcəkdə şirin su ehtiyatı ola bilər ki, tamamilə tükənsin. Hətta, krantımızı açanda belə su gəlməyə bilər. Hər kəs elə bilir ki, su həmişə olacaq, lakin məsələ elə deyil. Bizdə gələcəkdə ciddi su böhranı yox, fəlakəti olacaq. Çünki meşələr qırılıb, sahələrdə düzgün suvarılma aparılmır, bizdə pilot və dəniz suvarma sularınlarından istifadə olunmur. Əgər gələcəkdə müvafiq kompleks tədirlər görülməsə, su hövzələri olmasa, meşə zolaqları salınmasa, sudan səmərəli istifadə edilməsə bunun nəticəsində çox quraqlıq olacaq. Mən əvvəllər Rusiyada yaşanmışam, orada da quraqlıq olub. Lakin orada meşə zolaqları salınmaqla, süni göllər yaradılmaqla orada iqlimi tənzimləyə bildilər. Bizdə də bu işlər ciddi və tez bir şəkildə görülməlidir”.

Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev isə saytımıza açıqlamasında vurğuladı ki, martın ikinci on günlüyündən etibarən yağan intensiv yağışlar, qarlar sayəsində Kür çayında sululuğu xeyli artıb:

“Nəticədə Kür çayında duzluluq azalaraq norma daxilində gəlib çatıb. Aparılan monitorinqlərin nəticələrinə əsasən deyə bilərəm ki, Kürün aşağı hissələrində duzluluq azalmışdır. Hesab edirəm ki, qarşıdakı aylarda da Kür çayının suyu arta bilər. Buna səbəb isə qarşıdan yaz-yayın gursululuq dövrünün gəlməsidir. Bilirik ki, həmin dövrdə havanın temperaturunun yüksəlir və nəticədə dağlarda olan qarlar əriyir. Bunun nəticəsində çaylarda, o cümlədən Kürə tökülən çaylarda sululuğun artır. Əvvəllər Kür çayının quruması ciddi fəlakət idi, hətta təpəciklər belə əmələ gəlmişdi.

Hesab edirəm ki, yağıntılar bir müddət davam edərsə, Kür çayı əvvəlki vəziyyətinə qayıda bilər. Təbii ki, Kür çayında suyun kəskin azalmasına təsir edən amillərdən ən əsası iqlim dəyişikliyi idi. Artıq Kür çayının Ağstafa hissəsində suyun artması müşahidə edilir. Gələcəkdə digər bölgələrimizə də çaylardan suyun səviyyəsi artacaq”.

Qeyd edək ki, Azərbaycanda suların 2/3 hissəsi transsərhəd çayların hesabına formalaşır. Bu çayların miqdarı Azərbaycanın suya olan tələbatını tam ödəyə bilmir. Buna görə də, əlavə vasitələrdən istifadəni üstün tutmalıyıq ki, yay aylarında həm içməli suya olan tələbatın, həm də əkin sahələri üçün su ehtiyacının ödənilməsi mümkün olsun. Bu sahədəki vəziyyət göründüyündən daha pisdir.

Gürcüstanda aqrar sahə inkişaf etsə, bu, Gürcüstan tərəfindən Kür suyunun 30-35 faizinin istifadə edilməsi demək olacaq. Bu halda, Azərbaycan daha böyük problemlə üzləşə bilər. Kənd təsərrüfatının suya olan tələbatını ödəmək üçün bizim imkanlarımız daha çoxdur və bu imkanlardan istifadə etməliyik.

Unutmamalıyıq ki, ötən il Mərkəzi Aran bölgəsində, Kür-Araz ovalığında su çatışmazlığı səbəbilə səhralaşma prosesi qeydə alınıb. Bu məsələlərin həllinə ciddi yanaşmaq lazımdır.

Aynurə Pənahqızı
Demokrat.az


Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Mövzu: Ekologiya və ətraf mühitin mühafizəsi

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top