Milli Qəhrəman Mübariz İbrahimovdan bəhs edən layihəyə start verildi - FOTOLAR

HADİSƏ 28 yan 2019, 12:13

Biləsuvar Gənclər Evində Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyilə “Mübariz tək mübariz ol!” gənc futbolçulara çağırış” layihəsinin rəsmi açılış mərasimi keçirilib. 


Demokrat.Az xəbər verir ki, açılış zamanı layihə rəhbəri Asif Hüseynov çıxış edərək layihə barədə ətraflı məlumat verib. 


O qeyd edib ki, layihənin əsas məqsədi Biləsuvar rayon yeniyetmə və gəncləri arasında Milli Qəhrəman Mübariz İbrahimovun döyüş yolu barədə məlumatlandırılmasına, onun şəxsi həyatı – idmançı və sağlam həyat tərzi keçirməsinin təbliğinə və həmçinin yeniyetmə və gənclərin asudə vaxtlarının sağlam-səmərəli keçirilməsinə nail olmaqdır.


Daha sonra layihəyə təşkilati dəstək göstərən Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Elnur Hüseynli və Biləsuvar Rayon Təhsil Şöbəsinin hərbi və fiziki tərbiyə üzrə metodisti Elsevər Məmmədov çıxış edərək layihənin gələcək fəaliyyətinə uğurlar diləyiblər. 


Çıxışlardan sonra Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında video göstərilib. Bu videoda Mübarizin həyatı haqqında, onun məktəb illəri və ən əsas da idmana olan həvəsi barədə geniş məlumat verilib. Video göstərildikdən sonra layihə ərzində təlimçi – hakim qismində iştirak edəcək Hüseyn Hüseynov çıxış edib. 


O layihənin gələcək planları barədə ətraflı məlumat verərək tədbir iştirakçıları ilə qarşılıqlı müzakirələr aparıb.


Tədbirdə iştirak edən məktəb idman rəhbərləri, fiziki tərbiyə müəllimləri və gənclər – yeniyetmələr böyük fəallıq göstərərək çoxlu müzakirələr ediblər.  


Tədbirin rəsmi hissəsi bitdikdən sonra iştirakçılar çay fasiləsinə ayrılaraq müzakirələri orada davam etdiriblər.


Qeyd edək ki, layihənin həyata keçirilməsinə və rəsmi açılışın təşkil olunmasına Biləsuvar Rayon Gənclər və İdman İdarəsi və Biləsuvar Rayon Təhsil Şöbəsi yaxından təşkilati dəstək göstəriblər.


Layihənin icrasına 28 dekabr 2018-ci il tarixində start verilmiş və 28 mart 2019-cu il tarixinə kimi davam edəcək. 
Layihənin növbəti mərhələsi olaraq futbol komandalarının rəhbərləri və kapitanları üçün 2 günlük təlim təşkil olunacaq. 

7 fevral 2019-cu il tarixində - Mübariz İbrahimovun doğum günündə Biləsuvar rayon məktəbləri arasında mini futbol üzrə rayon çempionatına start veriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top