Bakı İslam Universiteti bağlanır? - YENİLƏNİB

HADİSƏ 24 sen 2018, 16:55

“Bakı İslam Universiteti fəaliyyətini davam etdirir” 

 

Bunu AzEdu.az-a açıqlaması zamanı Bakı İslam Universitetinin İctimai fənlər kafedrasının müdiri Elvin Talışınski deyib. Onun sözlərinə görə, universitet fəaliyyətini dayandırmayıb, sadəcə olaraq I kurslar başqa universitetlərə köçürülür:

 

"Universitetdə təhsil alan II, III və IV kurslarda hazırda dərslər davam etdirilir. Sadəcə olaraq I kurslar başqa universitetlərə köçürülür. Proses Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir”

 

Xatırladaq ki,təhsil eksperti Kamran Əsədov  sosial şəbəkə hesabında Bakı İslam Universitetin fəaliyyətini dayandırması ilə bağlı məlumat paylaşıb.

Ali dini tədris müəssisəsi olan Bakı İslam Universiteti (BİU) SSRİ Nazirlər Soveti yanında Dini İşlər Şurasının 17.01.1989-cu il tarixli 2№-li protokoluna əsasən Qafqaz Müsəlmanları İdarəsinin nəzdində Bakı İslam Mədrəsəsi kimi fəaliyyətə başlayıb. 2009-cu ildə Təhsil Nazirliyi Bakı İslam Universitetinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verib.

 

***

 

Bakı İslam Universiteti fəaliyyətini dayandırır.


AzVision.az-ın əldə etdiyi məlumata görə, universitetin tələbələri Azərbaycan İlhahiyyat İnstitutuna köçürülür. 


Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova AzVision.az-a açıqlamasında məlumatı təsdiqləyib.


QMİ rəsmisi bildirib ki, yalnız birinci kurs tələbələrinin köçürülməsi nəzərdə tutulub: “Digər kurslarda oxuyan tələbələr təhsillərini davam etdirəcəklər. Bu qərarın qəbul olunması İlahiyyat İnstitutunun yaradılması ilə əlaqədardır. Tərəfimizdən qərar qəbul olunub ki, paralel fakültələr üzrə təhsil alan tələbələr həmin ali təhsil müəssisəsinə köçürülsün. Eyni zamanda İlahiyyat İnstitutunda həmin ixtisaslar üzrə pulsuz tələbə qəbulu həyata keçirilir”.


R.Dadaşovanın sözlərinə görə, artıq həmin tələbələrin yerləşdirilməsi haqqında müvafiq iş aparılıb.


Qeyd edək ki, Bakı İslam Universitetinin təsisçisi Qafqaz Müsəlmanları İdarəsidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top