Gənc oğlan iş adamının qohumlarını aldatdı: Bir nəfəri bıçaqladı, digərini güllələdi — ŞOK TƏFƏRRÜAT

KRİMİNAL 12 may 2020, 11:14

Azərbaycanda ağır cinayətlərdə ittiham olunan 1991-ci il təvəllüdlü Ramin Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Kəlbəcər rayonundan olan məcburi köçkün Ramin Kərimov 2015-ci ilin oktyabr ayının ortalarında tanışı Orxan Hüseynovun ondan qohumu Musa Əhmədova məxsus Bakı şəhəri Xətai rayonu Dmitrov qəsəbəsi Araz Novruzov küçəsi 29 ünvanda yerləşən 2 mərtəbəli obyektin - çay evinin mansar hissəsinin sahəsinin genişləndirilməsi üçün lazımi sənədlərin əldə edilməsinə köməklik etməsini xahiş etməsindən istifadə edib.


Ramin Kərimov tamah məqsədilə özgənin xeyli miqdarda əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə istintaqa məlum olmayan digər şəxslə razılaşmaqla qabaqcadan əlbir olaraq bir qrup halında birləşərək Orxan Hüseynova tələb olunan sənədləri əldə edəcəyi ilə bağlı yalan vədlər verib, onu inandırıblar.


Bundan sonra çay evini faktiki işlədən Rüfət Əhmədov sənədləşdirilmənin aparılması ilə bağlı tələb olunan dövlət rüsumlarının ödənilməsi üçün 7500 manat pulu “Bank Respublika”nın Şəmkir rayon filialına Orxan Hüseynovun adına göndərib.


Ramin Kərimov pulu Orxan Hüseynovdan aldıqdan sonra birlikdə Gəncə şəhərinə gediblər. Ramin Kərimov 7500 manat pulu istintaqa məlum olmayan digər şəxsə verib, sonra isə Orxan Hüseynovla Şəmkir şəhərinə qayıdıb.


Daha sonra Ramin Kərimov təkrar Gəncə şəhərinə gedərək digər şəxsdən əvvəlcədən razılaşdıqları kimi pulu geri alıb, köməklik etdiyi üçün həmin şəxsə 300 manat verib.  2015-ci ilin dekabr ayında Ramin Kərimov Orxan Hüseynovun atası Ənvər Hüseynovdan sənədləşdirmə işlərinin yekunlaşması üçün Şaiq adlı şəxsə göndərmək adı ilə əlavə olaraq 1500 manat alıb.


Bundan başqa, Ramin Kərimov 2016-cı ilin mart ayında Şəmkir şəhər sakini Rasim Axundov ilə əlaqə saxlayıb. O, Orxan Hüseynov və atası Ənvər Hüseynovdan aldığı pulu qaytara bilmədiyi üçün barəsində Şəmkir rayon polis şöbəsinə şikayət etdiklərini, bununla bağlı ona köməklik etməsini xahiş edib.


Bundan sonra Rasim Axundov Orxan Hüseynov və atası Ənvər Hüseynovla danışaraq pulun hissə-hissə ödənilməsi ilə əlaqədar razılığa gəliblər.


Buna baxmayaraq, Ramin Kərimov sözünə əməl etməyib, pulu qaytarmadığı üçün Rasim Axundovla aralarında narazılıq yaranıb.


Rasim Axundov 4 sentyabr 2016-cı il tarixdə, saat 23 radələrində Şəmkir şəhəri, S.Vurğun küçəsində yerləşən “Məkan” çay evinin qarşısında Ramin Kərimov ilə qarşılaşıb.


Bu vaxt Rasim Axundov Ramin Kərimovdan sözünə əməl etməyib, Orxan Hüseynova pulu qaytarmadığına görə iradını bildirib. Buna görə onların aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Yaranmış mübahisə zamanı Ramin Kərimov əvvəlcədən özündə olan bıçaqla Rasim Axundovun qarın nahiyəsindən bir dəfə vurub.


Bundan başqa, 17 noyabr 2017-ci il tarixdə, saat 23 radələrində Mircalal Mehdiyev ilə Ramin Kərimovun arasında Şəmkir Olimpiya İdman Kompleksinin yaxınlığında mübahisə yaranıb. Yaranmış şəxsi münasibətlər zəminində Mircalal Mehdiyevin özü ilə əvvəlcədən gətirmiş olduğu dəmir boru və bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə vuraraq sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməsini özünə qarşı ağır təhqir kimi qəbul edib.


Ramin Kərimov 17 yanvar 2018-ci il tarixdə, saat 13 radələrində Mircəlal Mehdiyevin Şəmkir şəhəri, 20 yanvar küçəsində olduğunu müəyyən edib. O, Mircəlal Mehdiyevdən qisas almaq məqsədilə onu öldürmək qərarına gəlib.


Bu məqsədlə Ramin Kərimov atasının mərhum əmisi Cabbar Orucovdan qalmış və özü əvvəlcədən qanunsuz olaraq lülələrini kəsib ballistik xüsusiyyətlərini dəyişməklə hazırladığı ov tüfəngini və döyüş sursatı hesab olunan iki ədəd patronu götürüb, sonra Şəmkir şəhəri, 20 yanvar küçəsində səki ilə piyada gedən Mircəlal Mehdiyevi təqib edib.


Ramin Kərimov “Vitamin 2” aptekinin qarşısında Mircalal Mehdiyevə yaxınlaşıb və qisas almaq niyyətilə öldürmək məqsədilə Mircəlal Mehdiyevə atəş açıb. Güllə tarası salan Mircəlal Mehdiyev dərhal hadisə yerindən qaçaraq uzaqlaşıb.


Daha sonra Mircalal Mehdiyev yaralı vəziyyətdə xəstəxanaya gəlib. Vaxtında ona ixtisaslı tibbi yardım göstərildiyindən həyatını xilas etmək mümkün olub.


İstintaq orqanı tərəfindən Ramin Kərimovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə), 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək), 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 229.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları hazırlama, habelə odlu silahı təmir etmə) maddələri ilə ittiham elan edilib.


Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramin Kərimov 16 il müddətinə azadlıqdan məhrum edilib.


Hökmdən narazı qalan Ramin Kərimov apelyasiya şikayəti verib. O, ittiham olunduğu Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsini həmin məcəllənin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərərvurma) maddəsinə tövsif edilməsini istəyib. Ramin Kərimov barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.


Bir müddət əvvəl Gəncə Apelyasiya Məhkəməsində hakim Elçin Xasməmmədovun sədrliyi ilə baş tutan iclasda Ramin Kərimovun şikayəti üzrə qərar elan edilib.


Qərara görə, Ramin Kərimovun apelyasiya şikayəti təmin edilib. Onun ittiham olunduğu Cinayət Məcəlləsini 29,120.2.4-cü maddəsi həmin məcəlləinin 127.2.3-cü maddəsinə tövsif edilib.


Ramin Kərimov Cinayət Məcəlləsinin 126.1, 127.2.3, 178.2.1, 178.2.4, 228.1 və 229.1-ci maddələri ilə təqsirli bilinib və ona 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.


Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib. O, Gəncə Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin yenidən araşdırılması üçün apelyasiya instansiyasına qaytarılması barədə qərar qəbul edilməsini istəyib.


Ali Məhkəmənin Cinayət Kollegiyası prokurorun kasasiya protestini təmin edib. Gəncə Aprlyasiya Məhkəməsinin qərarı ləğv edilib, cinayət işi yenidən araşdırılması üçün apelyasiya intansiyasına qaytarılıb.


Gəncə Apelyasiya Məhkəməsində bu dəfə şikayət hakim Çingiz Məmmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.


Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Ramin Kərimovun şikayəti təmin edilib və onun cəzası 5 il 6 aya endirilib.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top