Cəlilabadda 30 yaşlı kişi taksi sürücüsünü bıçaqladı —TƏFƏRRÜAT

KRİMİNAL 25 apr 2024, 14:11
Cəlilabad rayonunda 1994-cü il təvəllüdlü Rəhim şəxsi münasiblər zəminində yaranan mübahisə zamanı tanışı İlqara (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 15 dekabr 2020-ci ildə, saat 15 radələrində Cəlilabad şəhəri, H.Əliyev prospektində “Silsilə” adlanan ərazidə yerləşən ara küçədə baş verib. 
Rəhim tanışı İlqarın onu səsləyib yanına çağırdıqdan sonra onunla kobud danışaraq nalayiq ifadələrlə təhqir etməsi səbəbindən şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı üzərində gəzdirdiyi bıçaqla xəsarətlər yetirib. 

Hadisəni törədən Rəhimin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəhim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, İlqarı tanımış və sonuncu ilə ədavət və düşmənçiliyi olmayıb: “15 dekabr 2020-ci ildə Cəlilabad şəhərində olduğum zaman İlqar mənə zəng etdi və mənimlə görüşmək istədiyini bildirdi. Mən həmin vaxt yaşadığım küçədə olduğumu İlqara bildirdim. Lakin orada qalmayacağımı, başqa yerə gedəcəyimi dedim. Bundan sonra Cəlilabad şəhəri, Azərbaycan küçəsində yerləşən 7 saylı orta məktəbin yaxınlığına getdim. Orada olduğum zaman İlqar zəng edərək, yaşadığım evin yaxınlığında olduğunu bildirdi. Mən isə İlqara oradan uzaqlaşdığımı, Cəlilabad şəhəri “Baş” adlanan əraziyə gedəcəyimi dedim. İlqar telefonda aqressiv danışaraq görüşmək istəmədiyini dedi. Mən isə ona işlərimin olduğunu, işlərimi yekunlaşdırdıqdan sonra zəng vurub görüşəcəyimi bildirdim”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan təxminən bir saat sonra işlərini yekunlaşdırıb və yaşadığı ünvana qayıdəb: “Cəlilabad şəhəri, Silsilə adlanan ərazidə olduğum zaman İlqarın mənə tərəf gəldiyini gördüm. Həmin vaxt mənim üzərimdə açılıb-qatlanan cib bıçağı olub. Həmin bıçağı hadisədən təxminən 3 gün əvvəl Cəlilabad şəhəri, Silsilə adlanan ərazidə yerdən tapmışam. İlqar mənə tərəf gələrək aqressiv danışmağa və sonuncu ilə görüşmədiyimə görə irad tutmağa başladı. İlqarın mənimlə əsəbi danışdığını və ətrafda insanların olduğunu gördüm. İlqarı həmin yerdə olan meyvə-tərəvəz satılan köşklərin arxasındakı küçəyə apardım. Orada İlqar mənə səbəbsiz yerə nalayiq ifadələrlə təhqir etdi. İlqardan bunun səbəbini soruşdum. İlqar məni səbəbsiz yerə söyməyə davam etdi. İlqarın bu hərəkətlərinə qəzəbləndiyim üçün arxa şalvarımın sağ cibindən bıçağı çıxararaq sonuncunun bir zərbə sağ ayaq nahiyəsindən, bir zərbə isə bel nahiyəsindən vurdum. İlqara xəsarət yetirən zaman uca səslə qışqırırdı, məni bir daha təhqir etdi. Həmin vaxt bizim yanımıza tanımadığım bir neçə nəfər şəxs gələrək İlqara yardım etməyə çalışdı. İlqar isə əli ilə bel nahiyəmdən tutaraq oradan uzaqlaşdı. Mən isə əlimdə olan bıçağı təxminən 10 metr qarşıda olan zibil tullantıları yığılan əraziyə ataraq yaşadığım evə getdim”.

İş üzrə zərərçəkmiş İlqarın sözlərinə görə, taksi fəaliyyəti ilə məşğul olduğundan Rəhim əlaqə saxladıqdan sonra onu istədiyi ünvana aparıb: “Dekabrın 13-də mobil telefon nömrəmə zəng etdiyini gördüm, lakin onun zənginə cavab vermədim. Dekabrın 15-də, saat 11 radələrində Rəhim istifadəmdə olan mobil telefon nömrəmə zəng edərək ona taksi lazım olduğunu bildirdi. Məndən Cəlilabad şəhər 7 nömrəli orta məktəbin yaxınlığına gəlməyimi xahiş etdi. Mən də idarə etdiyim avtomobil ilə Rəhimin dediyi ünvana getdim. Lakin Rəhimin orada olmadığını gördüm. Ona zəng edərək dediyi ünvanda olduğumu dedim. Rəhim isə mənə “arxa yol” deyilən yerdə olduğunu deyərək oraya getməyimi istədi. Mən isə telefonu söndürərək həmin ünvana getmədim və Cəlilabad şəhər ərazisində yerləşən “Silsilə” adlanan yerə getdim. Avtomobilimi orada atama verdim və atam getdi”.

Zərərçəkmiş qeyd edib ki, daha sonra orada olan çayxananın qarşısında dayanıb və təxminən 15-20 dəqiqə sonra, yəni saat 14 radələrində Rəhimin piyada olaraq getdiyini görbü və onu yanına çağırıb:

“Onunla görüşdükdən sonra ondan niyə məni müxtəlif ünvanlara çağırdığını, lakin həmin ünvanda olmadığını soruşdum. Rəhim isə dekabrın13-də mənə zəng edərkən onun telefonuna cavab vermədiyim üçün belə etdiyini dedi. Söhbət edən zaman Rəhimin mənimlə uca səslə danışdığını gördüm. Ona “qışqırma, kənara keçək, söhbət edək” dedim. Həmin vaxt ətrafda adamlar olduğundan  kənara çəkilib sözlə mübahisə etməyə başladıq. Bu zaman Rəhim sağ əli ilə belindən dəstəyi qara rəngli olan bıçağı çıxardı və üzərinə doğru gəldi. Mən geriyə doğru çəkilən zaman ayağım büdrədi və yerə yıxıldım. Həmin vaxt Rəhim bıçaqla belimin sol tərəfindən bir bıçaq zərbəsi vurdu. Ayağa durmaq istəyən zaman Rəhim bir bıçaq zərbəsi də sağ budumun ön tərəfindən vurdu. Rəhim mənə növbəti zərbələri vurmadığı üçün ayağa qalxdım. Həmin vaxt tanımadığım şəxslər bizə yaxınlaşaraq məni oradan uzaqlaşdırdılar. Mən isə yoldan keçən tanımadığım taksiyə əyləşərək yaşadığım evə getdim. Atam isə təcili tibbi yardım avtomobilinə zəng etdi və məni təcili tibbi yardım avtomobili ilə Cəlilabad rayon Diaqnostika mərkəzinə apardılar”.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rəhim 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top