""Prava" da pulla, "yezda" da" - Yol qəzaları niyə artır? — VİDEO

SOSİAL 04 dek 2019, 14:47

Noyabr ayından başlayaraq paytaxtda və bölgələrdə ölümlə nəticələnən yol qəzalarının sayı durmadan artır. Yayılan xəbərlər və araşdırmalarda həmin yol-nəqliyyat hadisələrinə səriştəsiz sürücülərin səbəb olduğu göstərilir.


Belə qəzaların çoxalması həm də ölkədə sürücülük vəsiqəsini əldə etməyin asan olması məsələsini gündəmə gətirir.


Mövzu ilə bağlı ekspert Elməddin Muradlı Yeniavaz.com-a açıqlamasında  bildirdi ki, Baş Dövlət Yol Polisi İdarəsi vəsiqələrin verilməsi ilə bağlı təkliflər planı hazırlayıb. Həmin təkliflərdə başlıca tələb vəsiqə verilmədən əvvəl sürücülərin psixoloji yoxlanışdan keçirilməsidir: 

“Psixoloji durumu normal olan sürücü maşını iki təkər qaldırmaz, maşında bıçaq, küt alət gəzdirməz. Kimsə ona siqnal verən kimi düşüb onu döyməz, söyməz, qəza törədib, hadisə yerindən qaçmaz”.


E.Muradlı qeyd etdi ki, dünya ölkələrində olduğu kimi Azərbaycanda da vəsiqələrə vaxt məhdudiyyəti qoyulmalıdır: 


“Məsələn, sürücülük hüququ üçün 6 aylıq müddət verirlər. 6 ay ərzində sürücü qaydaları ağır şəkildə pozarsa onu psixoloji müayinəyə göndərirlər. Əgər həmin müddətdən sonra yenə belə hallar təkrarlanarsa vətəndaş bir də sürücü ola bilməz. Amma bizdə fərqlidir. Bu gün sürücülük vəsiqəsini alan artıq özünü peşəkar sürücü hesab edir. Çünki bilir ki, buna nəzarət edən yoxdur. Onu kimsə saxlayıb deməyəcək ki, dünən vəsiqə almısan, niyə bu gün qırmızıdan keçdin”.


Ekspert bundan başqa xatırlatdı ki, qəzaların qarşısını almaq və sürücüləri xəbərdar etmək üçün Baş Dövlət Yol Polisinin təşəbbüsü ilə 100-ə yaxın yerdə  maarifləndirici lövhələr quraşdırılacaq.

 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top