“Yaşlı insanlar deputat olmasınlar” demək yanlışdır — Millət vəkilindən ETİRAZ

GÜNDƏM 13 noy 2019, 13:29

“İdarəçilik sistemində müəyyən yaş həddi qoyulur. Amma deputatlara yaş məhdudiyyəti tətbiq edilmir. Ona görə də “Yaşlı insanlar deputat olmasınlar” demək hüquqi cəhətdən yanlışdır. Çünki parlament seçkili orqandır, yəni, kim olursa-olsun xalq qərar verir, seçə də bilər, seçməyə də. Əsas odur ki, iş qabiliyyətləri normal olsun, dövlətə, xalqa fayda verə bilsin. Prezident İlham Əliyev də qeyd edib ki, yaşlı insanların vəzifədən kənarlaşdırılması kampaniya şəklini ala bilməz. Burada balans yaratmaq lazımdır. 70 yaşında elə insan var ki, iş qabiliyyəti bizdən yaxşıdır. İnsan bioloji varlıqdır, kimlərisə gözdən salmağın tərəfdarı deyiləm”.

 

Demokrat.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.
 

T.Kərimlinin sözlərinə görə, parlamentdə elə insanlar var ki, xəstəlik və digər səbəblərə görə iş qabiliyyətləri normal deyil, deputatlıq fəaliyyətlərini yerinə yetirə bilmirlər: 


“Əlbəttə ki, onlar növbəti parlament seçkilərində namizədliklərini irəli sürməməlidirlər. Yəqin ki, həmin insanlar namizədliklərini irəli sürsələr belə, seçilməyəcəklər. Vəhdət Partiyası Milli Məclisdə təmsil olunduğuna görə dövlət büdcəsindən maliyyələşir. Bu baxımdan deputat olmağım partiyanın irəli getməsinə yardımçı olur. Namizədliyimi irəli sürüb-sürməməklə bağlı müzakirələr aparacağıq”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top