“Ziyafət Əsgərov spikerin yanında nüfuzunu artırmaq üçün fədakarlıq edib” – Fazil Mustafa

SOSİAL 22 okt 2019, 23:05

Millət vəkili Fazil Mustafa parlamentin bugünkü iclasında vitse-spiker Ziyafət Əsgərovun onun barəsindəki çıxışına münasibət bildirib.

 

Demokrat.az-ın məlumatına görə, F.Mustafa qeyd edib ki, Ziyafət Əsgərov Milli Məclisin iclasında ona yönəlik bir atmaca ilə gündəmə gəlib: “İclasda iştirak etmədiyimdən bu məlumatı saytlardan oxudum. Açığı mənim hörmətli Ziyafət müəllimin ünvanına hansısa irad səsləndirmədiyim halda, belə bir açıqlaması bir qədər təəccüb doğurdu. Sonra anladım ki, hörmətli Ziyafət müəllim Milli Məclisin sədrinin yanında nüfuzunu artırmaq üçün belə bir fədakarlıq göstərib. Əgər belədirsə, o halda Ziyafət müəllimin bu taktiki addımına anlayışla yanaşmalıyıq. Məni narahat edən sadəcə bir elmlər doktorunun, Anayasa professorunun bizim çıxışlarımızı telefonla çəkərək sosial şəbəkədə paylaşmağımızı selfi çəkdirmək kimi dəyərləndirməsidir. Görünür, hörmətli professor Anayasanın insan hüquqları ilə bağlı maddələrini və Milli Məclisin deputatının hüquqlarına aid müddəaları çoxdandır gözdən keçirməyib. Milli Məclisdə etdiyi çıxışları istədiyi formada yaymaq deputatın hüququdur və məhz bu hüququ tanımayanların sayəsində Milli Məclisin nüfuzu aşağı salınır”.

 

Qeyd edək ki, Z.Əsgərov bu gün çıxışında deyib ki, bütün millət vəkillərinin çıxışları, səsləri burada yazılır: “Kim istəsə, götürüb paylaşa bilər. Siz gəlib burada selfi çəkdirib özünüzü reklam etmək istəyirsinizsə, bu, sizin probleminizdir. Bura selfi çəkmək yeri deyil. Bura qanunverici orqandır”. 

 

Fazil Musfata isə mətbuata müsahibəsində deyib ki, Milli Məclis rəhbərliyi onlara çıxışlarını sosial şəbəkələrdə yaymağa qadağa qoyub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top