Anasına görə bıçağa əl atan gənc: “Peşmanam”

KRİMİNAL 11 iyn 2019, 13:56

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham olunan 17 yaşlı Bəhram Məmmədovun (ad və soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, B.Məmmədov mübahisə zəminində əvvəllər tanımadığı Elvin Əliyevi bıçaqlayıb. B.Məmmədov elan olunmuş ittihamla özünü təqsirli bilib və törətdiyi əməldən peşman olduğunu deyib. Hadisə baş verən zaman 16 yaşı olduğunu, E.Əliyevi namus üstündə vurduğunu deyib: “Anamla telefonda danışırdı, mən də şübhələndim. Sonradan səs yazısına qulaq asdım. Bir kişi bir qadınla münasibət qurmaq üçün nə demək lazım idisə deyirdi”.

 

Baş verənlərdən əsəbiləşdiyini deyən B.Məmmədov ifadəsində E.Əliyevlə görüşdüyünü, mübahisə etdiyini və onu bıçaqladığını bildirib: “Anamla sağollaşanda dedi ki, sağ ol, balam. Bu sözdən sonra lap əsəbiləşdim. Zəng vurdum, görüşmək istədiyimi dedim. Sumqayıtdakı ASAN Xidmət-in arxasında görüşdük. Hər şeyi inkar elədi. Dedim ki, “kimsə sənin anana qarşı belə hərəkət etsə, xoşuna gələr?”. Sonra mübahisə elədik, bıçağı çıxarıb vurdum. Üstümdə bıçaq gəzdirən deyilən. Həmin gün onu qorxutmaq məqsədilə götürmüşdüm. Vurandan sonra bıçağı bir kənara atıb oradan uzaqlaşdım. Həyəcandan özümü itirmişdim”.

 

Törətdiyi əməldən peşman olduğunu deyən B.Məmmədov zərərçəkmişlə barışıq əldə edildiyini bildirib.

 

Zərərçəkmiş Elvin Əliyev təqsirləndirilən şəxsin dediklərinin həqiqəti əks etdirmədiyini, anası ilə heç bir münasibəti olmadığını söyləyib: “ASAN Xidmət-də işləyirəm. Bir neçə dəfə sənəd işi ilə bağlı müraciət edib. Bundan sonra da əlaqələrimiz sırf işlə bağlı olib".

 

Tərəflərin sualları cavablandırılarkən məlum olub ki, E.Əliyevlə Bünyadın anasının tanışlığı 2014-cü ildən olub. Hakimin “işlə bağlı danışıq və ya əlaqə niyə şəxsi telefonla aparılıb” sualına isə zərərçəkmiş işlədiyi mərkəzdə daxili xətlərin olmadığını deyib.

 

Məhkəmə prosesi davam edir. (Virtualaz.org)

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top