Ərdoğan İstanbulu necə uduzdu? – Analiz

DÜNYA 01 apr 2019, 17:31

Türkiyədə keçirilən bələdiyyə seçkilərinin ən böyük süprizi hakim Ədalət və İnkişaf Partiyasının İstanbulda cüzi fərqlə olsa belə, məğlubiyyətlə üzləşməsidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul uğrunda var gücüylə yarışırdı.

 

Demokrat.az xəbər verir ki, bu sözlər “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində yer alıb. Təhlildə bildirilir ki, bu, səbəbsiz deyil:

 

“İstanbul hər mənada Türkiyənin yarısı deməkdir. Buna görə də Ərdoğan gün ərzində İstanbulda o mitinqdən bu mitinqə tələsir, namizədi Binəli Yıldırımın qələbəsinə çalışırdı. Olmadı. Üstəgəl, Ankara da əldən getdi. Bu, gələcəkdə Əroğana müəyyən problemlər yaradacaq. Çünki Ərdoğanın İstanbulla bağlı böyük layihələri var idi. Bu layihələləri İstanbulun CHP bələdiyyə başçısı ilə reallaşdırmaq çətin olacaq. Buna baxmayaraq, AKP ilə MHP ittifaqı say etibarilə bələdiyyələrin çoxunda qələbə qazandı. Kürdlərin yaşadıqları bölgələrdə PKK-nın siyasi qanadı sayılan HDP-nin az səs toplaması AKP-nin uğuru sayıla bilər. Məsələn, Hakkari 1990-ci illərdən bu yana PKK uzantılarının qalası sayılırdı. Hakkaridə AKP-nin namizədi HDP namizədi üzərində böyük fərqlə qələbə çaldı. Bunun səbəbi odur ki, kürdlərin yaşadıqları bölgələrə qəyyum bələdiyyə başçıları təyin olunmuşdu. Onlar yerli insanların dəstəyini qazanmaq üçün çox iş gördülər və bununla kürdlərin inamını qazandılar. O da sübut olundu ki, bələdiyyələr yaxşı işlədikləri halda kürdlər yaxşı bələdiyyə başçısın PKK uzantılarından üstün tuturlar”.

 

Təhlildə vurğulanır ki, seçkilərdə MHP-nin həm AKP ilə birgə, həm də ayrılıqda uğur qazandığını söyləmək olar:

 

“CHP ilə koalisiyada olan İYİ Partiyası isə uğur qazanmadı. CHP ilə koalisiyada olan Səadət Partiyası da xüsusi fəallığı ilə seçilə bilmədi. AKP və MHP koalisiyası ilə mübarizədə bütün yük CHP-nin üzərində qaldı. Buna rəğmən, hazırda Türkiyənin siyasi sistemində iki qütb formalaşıb. Birinci qütbdə AKP və MHP koalisiyası, ikinci qütb CHP ətrafında yer alıb. Ancaq bunu ikipartiyalı siyasi sistem adlandırmaq olmaz. Çünki birinci qütb sağçı və millətçi qüvvələrin birliyidirsə, ikinci qütbdə sollar, sağlar, dinçilər, hətta PKK uzantıları yer alıb. Sonuncu ilə bağlı onu demək lazımdır ki, Türkiyədəki kürdlərin səsləri parçalanıb. Əgər 2000-ci illərdən başlayaraq, kürdlərin səsləri PKK-nın siyasi qanadları ilə AKP arasında bölünürdüsə, bu bələdiyyə seçkilərində uzun illərdən sonra CHP-yə da ciddi pay çatdı. Məsələn, CHP-nin Ankara və İstanbuldakı uğurunun arxasında bu şəhərlərdə yaşayan kürdlərin səsləri də əhəmiyyətli rol oynadı. Halbuki, keçmiş illərdə bu şəhərlədə kürdlərin səslərinin əsas hissəsi AKP-nin payına düşürdü. Görünür, AKP-nin millətçi MHP ilə koalisiyası kürdlərin bir hissəsinin səsinin hakim partiyadan qopmasına səbəb olub”.

 

Təhlildə qeyd edilir ki, bələdiyyə seçkilərinin nəticələri AKP-yə və Ərdoğana ciddi mesajdır:

 

“Türkiyədə növbəti seçki 4 ildən sonra keçiriləcək. Ancaq bu müddətdə hakim partiya üçün çətin olacaq. Böyük şəhərləri itirən AKP reytinqinin yenidən yüksəlməsi üçün var gücüylə çalışmalıdır. Türkiyə iqtisadiyyatındakı çalxalanmalar və inflyasiya seçicilərin hakim partiyadan qaçışını gücləndirə bilər. Ona görə də hakim partiya və Ərdoğan qarşısında dayanan əsas vəzifə iqtisadiyyatda və sosial problemlərin həllində ciddi dönüş yaratmaqdır. Əks halda birləşən müxalifət gücünü artırmaqda davam edəcək”.

 

Təhlildə Türkiyədəki bələdiyyə seçkilərinin Azərbaycanda da diqqətlə izlənildiyi vurğulanıb:

 

“Birincisi, Türkiyə Azərbaycanın strateji müttəfiqidir. Ona görə də Türkiyədə bələdiyyə seçkilərində hansı siyasi qrupların qələbə qazanması Azərbaycan üçün əhəmiyyətlidir. Çünki bir gün həmin güclər parlamentdə və prezident seçkilərində də uğur qazana bilərlər. İkincisi, Türkiyədəki mövcud bələdiyyə sisteminin və statusunun öyrənilməsinə və gələcəkdə Azərbaycanda tətbiqinə ehtiyac var. Azərbaycanda da bu il bələdiyyə seçkiləri keçiriləcək. Ancaq Türkiyədən fərqli olaraq, Azərbaycandakı bələdiyyə seçkilərinə maraq azdır. Bu durumu dəyişmək və idarəetmədən kənar qalan müxtəlif siyasi qrupların bələdiyyə seçkilərində iştirakını təmin etmək Azərbaycan üçün də vacibdir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top