"İranla münasibətlər orta müstəvidə qalacaq" — PROQNOZ

GÜNDƏM 15 apr 2024, 17:54
 Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti tezliklə bərpa olunacaq. İran XİN-in sözçüsü Naser Kənani  deyib ki, bununla bağlı tərəflər arasında razılıq əldə olunub. O, yeni səfirin təyin olunacağını da bildirib. 

Səfirliyin fəaliyyətini bərpa etdikdən sonra münasibətlərin necə davam edəcəyi barədə politoloq Məhəmməd Əsədullazadə Demokrat.az-a açıqlama verib. 

O qeyd edib ki, İranla Azərbaycan arasında münasibətlərin kəskinləşməsi ilk növbədə Tehran rejimindən qaynaqlanıb:

“27 yanvar 2023-cü ildə, yerli vaxtla səhər saat 08:00 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasının paytaxtı Tehran şəhərindəki səfirliyinə edilən silahlı hücum terror aktı kimi qiymətləndirilib. Bu da  iki ölkə arasındakı diplomatik münasibətləri tamamilə sıfıra endirib. Tehran rejimi indi çalışır ki səfirliyimizi yenidən bərpa etsin, ikitərəfli münasibətlər normallaşsın. Buna baxmayaraq İran bizə qarşı informasiya, siyasi, kəşfiyyat kimi müharibələr də aparıb. Azərbaycanın müstəqilliyinə, suverenliyinə qarşı İran hələ də kəskin mövqe tutur. İranda Azərbaycanda separatizmi dəstəkləyən iclaslar keçirilir.  Azərbaycan İranın bir çox xahişlərini nəzərə alır. Ölkəmiz çalışır ki səfirliyimiz işini bərpa etsin. Bu zaman isə İran tərəfi Azərbaycanla normal münasibətlər qurmalıdır. Azərbaycan qonşuluq əlaqələrinə görə çalışacaq ki oradakı səfirliyimiz bərpa olunsun. Tehran rejiminin yenə də Azərbaycana qarşı münasibəti fərqli olacaq. Yenə də öz siyasətini yeridəcək. Nə ciddi problem olacaq, nə də əla əlaqə. Hər şey orta müstəvidə qalacaq”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top