"Türkiyənin olduğu bir mərkəzdə Azərbaycanın maraqlarının daim qorunduğuna əminik" — AÇIQLAMA

GÜNDƏM 29 apr 2024, 15:22
Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazov jurnalistlərə açıqlamasında Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətindən danışıb. O qeyd edib ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi 3 ildən artıq müddətdə sülhə töhfə verib. A.Eyvazov xatırladıb ki, 2020-ci ilin noyabrın 11-də Rusiya və Türkiyə birgə memorandumuna əsasən Birgə Monitorinq Mərkəzi yaradılıb: “Mərkəz 3 ildən artıq regionda sülhün və əmin-amanlığın bərqərar olması üçün böyük töhfə verib. Azərbaycan Silahlı Qüvvələri tərəfindən uğurla aparılan antiterror əməliyyatları nəticəsində ərazimizdə yerləşən erməni silahlı qüvvələrinin qalıqları ölkəmizi tərk edib".

Hərbi ekspert Ədalət Verdiyev də Demokrat.az-a açıqlamasında Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bu müddət ərzindəki fəaliyyətini müsbət qiymətləndirib:

“Monitorinq Mərkəzinin fəaliyyətindən üç il ərzində Azərbaycan tərəfindən heç bir narazılıq olmayıb. Əksinə, dövlət rəsmiləri daim bu qurumun fəaliyyətindən məmnunluq ifadə ediblər. Bəzi şəxslər Mərkəzin rəsmi məlumatlarının və bəyanatlarının dərc edilməməsindən narahat idilər. Amma hesab edirəm ki, Mərkəz öz fəaliyyətini aidiyyəti dövlət qurumları ilə koordinasiyalı şəkildə davam etdirib. Türkiyənin tərəf olduğu bir mərkəzdə Azərbaycanın maraqlarının daim qorunduğuna əmin ola bilərik”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top