" Azərbaycan Körfəz ölkələri ilə əlaqələrini inkişaf etdirməlidir" — AÇIQLAMA

GÜNDƏM 15 apr 2024, 15:06
 “Mərkəzi Asiya və Körfəz regionu təbii sərvətlərlə, əsasən də neft və qazla zəngindir. Bundan əlavə, regionun siyasi-strateji əhəmiyyəti də böyükdür. Mərkəzi Asiya həm də Türküstandır. Azərbaycanın son illər Türkiyə ilə birlikdə türk dünyası siyasəti sürətlənib. Türk dövlətləri arasında yaxınlaşma baş verir. Regional müstəvidə fəaliyyət göstərmək Azərbaycan üçün mühümdür”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib.

O qeyd edib ki, Azərbaycan İslam dünyası ilə münasibətlərə böyük önəm verir, bu baxımdan Körfəz ölkələri ilə də əlaqələr gücləndirilməlidir:

“Unutmayaq ki, I Qarabağ müharibəsində Körfəz ölkələri, başda Səudiyyə Ərəbistanı və Küveyt olmaqla Azərbaycana siyasi-iqtisadi dəstəyini əsirgəmədi. Son illər Azərbaycan bu regionda siyasətini zəiflədib və Ermənistan da bundan istifadə etməyə başlayıb. Ermənistan Körfəzdə mövcudluğunu möhkəmləndirməyə çalışır, lakin Azərbaycan buna imkan verməməlidir. Körfəz ölkələri ilə əvvəlki siyasət qurulmalıdır. Düşünürəm ki, Azərbaycanın qonaq qismində də olsa Mərkəzi Asiya-Körfəz Əməkdaşlıq Şurasının strateji dialoq toplantısında iştirakı müsbət hadisədir. Azərbaycan hər iki regionla əlaqələrini inkişaf etdirməlidir”.

Qeyd edək ki, aprelin 15-də Azərbaycan ilk dəfə olaraq Mərkəzi Asiya-Körfəz Əməkdaşlıq Şurasının strateji dialoq toplantısında fəxri qonaq qismində təmsil olunub. Xarici işlər naziri Ceyhun Bayramov Özbəkistana işgüzar səfəri çərçivəsində Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ilə Mərkəzi Asiya ölkələri arasında Strateji Dialoqun ikinci nazirlər iclasında fəxri qonaq qismində iştirak və çıxış edib.


Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top