Bakıda ər arvadına xəsarət yetirdi

KRİMİNAL 15 apr 2024, 13:26
Bakının Xəzər rayonunda Rəmzi həyat yoldaşı Vəsiləyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsi, Çiləgər yeni yaşayış massivində baş verib. Rəmzi yaşadığı evdə aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı Vəsilənin sifətinə yumruq zərbələri vuraraq ona xəsarətlər yetirib. 

Hadisəni törədən Rəmzinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəmzi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2010-cü ildə Vəsilə ilə ailə quraraq 2016-cı il tarixdə rəsmi nigaha daxil olub: “Birgə nigahımızdan üç övladımız var. Hadisə günü, saat 23.30-da yaşadığım evdə spirtli içki qəbul edərkən arvadım mənim spirtli içkimi gizlətdi. Buna görə də aramızda mübahisə yarandı. Mübahisə zamanı Vəsilə mənə cavab qaytardığına görə əsəbləşərək sifətinə bir yumruq zərbəsi vurdum. Bundan sonra Vəsilə evdən həyətə qaçaraq getdi. Həyətə çıxaraq Vəsiləyə evə keçməsini tələb etdim. Vəsilə isə sözümə əməl etmədiyinə görə həyətdə olan pişmiş qırmızı kərpici götürərək ayaqları üstünə qəsdən ataraq hər iki ayağından xəsarət yetirdim”.

İş üzrə zərərçəkmiş Vəsilənin sözlərinə görə, əri Rəmzi mütamadi olaraq spirtli içki qəbul evərək yaşadıqları evdə münaqişə yaradıb, əvvəllər onu yaşadığıqları evdə döyərək xəsarət yetirsə də, bu barədə polisə ərizə ilə müraciət etməyib: “Hadisə günü, saat 23.30-da Rəmzi  yaşadığımıız evdə spirtli içki qəbul etdi. Rəmzidən  spirtli içkini gizlətmək məqsədi ilə stolun altına qoyduğuma görə aramızda mübahisə yarandı. Mübahisə zamanı Rəmiz sifətimə yumruq zərbəsi vuraraq xəsarət yetirmişdir. Bundan sonra evdən həyətə çıxdım. Ardımca isə Rəmzi də evdən həyətə çıxaraq həyətdə mənimlə yenidən mübahisə etdi. Yerdən kərpic daşını götürərək ayaqlarım üstünə atdı. Nəticədə ayağımdan xəsarət aldım”.

Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rəmzi 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Təqsirləndirilən şəxsin yaşadığı Xəzər rayonu, Buzovna qəsəbəsi, Çiləgər yeni yaşayış massivində yerləşən nömrəsiz evi axşam saat 23.00-dan səhər saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb. 

Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top