Müəllim nazirliyin hansı vəzifəli şəxsinin adından dələduzluq edib? — FAKTLAR

KRİMİNAL 29 apr 2024, 10:56
Özünü Elm və Təhsil Nazirliyində rəhbər şəxslərdən biri ilə yaxın münasibətinin olması adı ilə dələduzluq edən 1964-cü il təvəllüdlü İzzətin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Demokrat.az-
ın əldə etdiyi məlumata görə, İzzət özgə əmlakını ələ keçirmək məqsədi ilə Vüsala Elm və Təhsil Nazirliyində rəhbər şəxslərdən biri ilə yaxın münasibətinin olduğuna, həmin şəxsin vasitəsi ilə xarici dövlətlər tərəfindən verilmiş ali təhsilə aid diplomların Azərbaycan Respublikasında tanınmasını həyata keçirə bildiyinə inandırıb. 

İzzət 2013-cü ildə Rusiya Federasiyasının Rostov şəhərində yerləşən institutunun hüquq fakültəsini hüquqşünaslıq ixtisası üzrə qiyabi bitirmiş Vüsalın həmin ixtisas üzrə diplomunu Elm və Təhsil Nazirliyi tərəfindən nostrifıkasiya etdirəcəyinə, yəni ali təhsil sahəsindəki ixtisasını tanıdacağına söz verib. 

İzzət Vüsalın ona olan etibarından sui-istifadə edərək aldadıb. O, 24 iyul 2022-ci ildə 3000 manat, həmin ilin oktyabrın 7-də isə 3000 manat alaraq dələduzluq edib. 

Hadisəni törədən İzzətin barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İzzət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. o bildirib ki, ailəsi ilə birlikdə Şəki şəhərində, ata evində yaşayır: “1990-cı ildə M.F.Axundov adına Pedoqoji İnstitutun dil-ədəbiyyat fakültəsini, 2003-cü ildə isə İqtisad Universitetinin “mühasibat uçotu və audit” fakültəsini bitirmişım. Plan-iqtisad texnikumunda dil-ədəbiyyat müəllimi, maliyyə ixtisası üzrə müəllim, direktor müavini işləmişəm. 2017-ci ildə təhsildən uzaqlaşmışam və Daxili İşlər Nazirliyinin mühafizə xidmətində işləmişım. Hazırda heç bir yerdə işləmirəm. Qaraciyərdən ağır xəstəlikdən əziyyət çəkirəm. Qaraciyərimdə şiş var və müalicəm qeyri mümkündür”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, zərərçəkmiş Vüsalı əvvəllər tanımayıb: “Təhsil sahəsində əvvəllər işlədiyimdən xarici ölkələrdə oxuyub təhsil alan şəxslərin diplomlarının Azərbaycan Respublikasının Elm və Təhsil nazirliyində tanınması - nostrifikasiyası işini bilmişəm. Cavidan mənim təhsil sahəsində işlədiyimi bilirdi. 2022-ci ilin ortalarında mənə dostu Vüsalın Rusiyada aldığı diplomun Azərbaycanda tanınması sahəsində köməklik göstərməyimi xahiş etdi. Söz verdim ki, bu işi həll edərəm. Cavidana tanışımın olduğunu bildirdim və onun vasitəsilə köməklik göstərə biləcəyimi dedim. Elm və Təhsil nazirliyinin işçisi olmuş Arif Quliyevi tanıyırdım. Onunla münasibətim olub. Lakin Cavidan mənə bu işdə kömək edəcəyimi deyən vaxtlar Arif müəllim ağır xəstə idi. Ona görə də ona bu barədə demədim. Fikirləşdim ki, özüm gedib nazirlikdə nostrifikasiya işini həll edərəm. Cavidan demişdi ki, Vüsal adlı dostu var, Rusiyada hüquqşünaslıq ixtisası üzrə Universitet bitirib, onun diplomunu Azərbaycanda tanıtmaq lazımdır və sənədlərin hamısının doğru olmasına baxmayaraq ümumi vətəndaşlıq pasportunda gedib-gəlmə tarixlərinin uyğun olmadığını deyiblər. Cavidandan Vüsalın oxuduğu Universitetin diplomunu, həmin diplomun notarial təsdiqini və ümumi vətəndaşlıq pasportunu götürdüm. Sənədlərə baxanda gördüm ki, diplom həqiqidir, lakin oxuduğu vaxtlarda Rusiyada olub-olmamasını aydınlaşdıra bilməyib. Nostrifikasiyanın həlli üçün 6000 manat pul istədim. Həmin məbləği özüm fikirləşib dedim. Həmin pulun 251 manatı dövlət rüsumu idi. Bir neçə gün sonra Cavidan, Vüsal və mən Bakı şəhərində metronun 28 may stansiyasının qarşısında görüşdük. Vüsala diplomun təsdiq edilməsi üçün 6000 min manat pul lazım olduğunu və həmin diplomu təsdiq etdirən şəxsin kart hesabına pulun yarı məbləğini, yəni 3000 manatı həmin gün köçürməsini dedim. Vüsal təklifim ilə razılaşdı. Mən də Şəki şəhərinə qayıtdım. Həmin gün ona verdiyi kart hesabına Vüsal 3000 manat köçürdü. Vüsala verdiyim kart nömrəsi mənim bir nəfər taksi sürücüsü olan tanışımın hesab nömrəsi olub. İz saxlamamaq üçün həmin taksi sürücüsünün kart hesab nömrəsini verdim. Həmin taksi sürücüsünün anket məlumatlarını bilmirəm. Bakı şəhərində taksi xidməti zamanı gediş haqqını onun kart hesab nömrəsinə atmışam. Nömrə oradan yadımda qalıb.  Hazırda həmin nömrəni unutmuşam”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, Vüsal da ona zəng edib həmin hesaba 3000 manat atdığını bildirib və o taksi sürücüsü ilə əlaqə saxlayıb, ondan həmin 3 000 manatı götürüb: “Bir müddət sonra pulun qalanını da verməsini istədim. Vüsal mənə zəng edib həmin 3000 manatı Cavidanın kartına atdığını, Cavidanın mənə verəcəyini dedi. Mən də həmin vaxt Bakı şəhərində deyildim. Həmin taksi sürücüsünə zəng etdim. Bakı şəhəri ərazisində olduğunu dedikdə ondan xahiş etdim ki, Elm və Təhsil Nazirliyinin qəbul şöbəsinin qarşısına getsin, orada mənə 3 000 manat pul verəcəklər, onu götürsün, Bakı şəhərinə gələndə ondan götürərəm. Həmin gün Bakı şəhərinə gəldim. Elm və Təhsil nazirliyinin qəbul şöbəsinin qarşısına gəldim, orada məni gözləyən taksi sürücüsündən həmin 3000 manat pulu götürdüm. Taksi sürücüsünə pulun alınma səbəbini deməmişəm. Beləliklə Vüsalın diplomunun nostrifikasiyası üçün ondan 6 000 manat pul almışam. Elm və Təhsil Nazirliyində yoxlatdırmışam. Vüsalın sərhədkeçmədə problemi olduğuna görə onun diplomunun nostrifikasiyasını alındıra bilməmişəm. Vüsaldan aldığım 6000 manatı öz şəxsi ehtiyaclarıma xərcləmişəm. Xəstəliyim ilə əlaqədar xərcim çıxıb. Vüsalın pulunu qaytara bilməmişəm”.

Bu cinayət işinə Nərimanov Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə İzzətə 1 il 10 ay, 2 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası verilib. 

Təqsirləndirilən şəxsin üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəki şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top