Gənc oğlan əmisinin narkotik bağını “satdı”, həmkəndlisini isə... — TƏFƏRRÜAT

KRİMİNAL 15 apr 2024, 13:08
Sabirabad rayonunda 2000-ci il təvəllüdlü Mirzəhəsən həmyerlisi Elşada xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Mirzəhəsən 13 oktyabr 2022-ci ildə, saat 12 radələrində Sabirabad rayonu Şəhriyar kəndində yerləşən heyvan bazarında olarkən həmkəndlisi Elşadı görüb. O, Elşada yaxınlaşaraq, narkotik tərkibli çətənə bitkilərinin kultivasiyasına görə Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məsuliyyətə cəlb edilmiş əmisi Həbib barəsində məlumatların polis əməkdaşlarına guya onun tərəfindən ötürülməsi və bununla sonuncunun ifşa olunması barədə iradını bildirib, bir neçə gündür ki, onu axtardığını deyib.

Mirzəhəsən Elşaddan bu məsələyə aydınlıq gətirilməsini tələb edib. Amma Elşad Həbibə bu barədə heç nə demədiyini bildirib. Mirzəhəsən isə Elşadın yalan danışdığını, onu aldatdığını düşünüb, onunla mübahisə edib. Şəxsi münasibətlər zəminindəki həmin mübahisə zamanı Mirzəhəsən qisas niyyəti ilə Elşadın baş nahiyəsinə yumruğu ilə bir dəfə qəsdən vuraraq, ona xəsarətlər yetirib. 

İstintaq orqanı tərəfindən Mirzəhəsənin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadən verən Mirzəhəsən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, hadisə 2022-ci ilin oktyabr ayı Sabirabad rayonu, Şəhriyar kəndindəki mal bazarında baş verib: “Həmin gün özüm bazara getmişdim. Məndən əvvəl də əmim Həbib narkotik tərkibli bitkiləri əkib-becərdiyinə görə tutulması barədə polis orqanlarına əmimin satdığımı Elşad Həbibə dediyinə üçün ona zəng etdim. Dedim ki, gəl görüşək, işim var, belə şey olub-olmayıb aydınlaşdıraq. Hadisə günü də Elşadın özü məni görərək yaxınlaşdı. Dedi ki, nə olub. Elşada əmim Həbibin tutulması barədə məlumatın mənim tərəfimdən verilməsini dediyini bildirdim. Bundan sonra Elşad qayıdıb məni və əmimi söydü, yumruqla vurdu. Bundan sonra Elşadın iki qardaşı, anası və bacısı da orda olub. Həmin vaxt Elşad yumruq atanda onu qucaqlaşmışam. Elşadın qardaşları, anası və bacısı isə üstümə gəlib onu döyməyə başladılar. Bazarda hay-küy düşsə də, heç kim bizi ayırmağa gəlmədi. Çünki Elşad və ailəsinin onlara da şər böhtan atacağından qorxdular. Sonradan isə qardaşıma kimsə məlumat verdi. Qardaşım harayçılığa gəldi. Elşad və qardaşları isə özlərinə məxsus Forddan “mantirofqanı” götürərək məni və qardaşımı döydülər. Hadisə belə olub, özüm həmin vaxt həm döyülmüşəm, həm də tutulmuşam. Hadisə vaxtı Elşada heç bir xəsarət yetirməmişəm. O, həmin xəsarəti üç-dörd il bundan qabaq başqa bir şəxslə dava edəndə alıb. Hadisə vaxtı Elşadla birlikdə iki maşının arasına keçməmişəm, onunla camaat içərisində danışmışam”.

İş üzrə zərərçəkmiş Elşadın sözlərinə görə, Mirzəhəsən zəng edib və deyib ki, tez gəl Şəhriyar kəndində körpünün yanına: “Soruşdum ki, nə olub, niyə gəlim. Mirzəhəsən heç nə demədi. Lakin həmin vaxt Mirzəhəsənlə gedib görüşmədim. Sabahısı isə bacanağım xəstə olduğundan Bakıya onun yanına getdim. Bir gün bu hadisədən keçəndən sonra isə Mirzəhəsən yenə zəng vurdu. Demişdir ki, hardasan, sonra isə birbaşa söyüş söyməyə başladı. Ailə-uşağı yanında olduğumdan onun söyüşlərini eşitməsinlər deyə telefonu söndürdüm.

Bundan da üç-dörd gün sonra, səhər saat 6 radələrində anam, qardaşım və bacım ilə birlikdə Şəhriyar kəndində yerləşən mal bazarında alver etməyə getdik. Orada göyərti, pamidor, xiyar kənd malları satdıq. Həmin vaxt gördüm ki, Mirzəhəsən gəlir. Mənə dedi ki, keçək qatar yolu var, o üzə tərəfə. Dedim ki, əlimdə tərəzi var, gözlə. Mirzəhəsən isə mənə dedi ki, əmim belə deyir. Guya mən Həbibə demişəm ki, Həbib, səni polisə qardaşın oğlu Mirzəhəsən verib. Onu da qeyd edim ki, Həbib və Mirzəhəsən arasında ədavət olub. Həbib Mirzəhəsənə güllə atıb, güllə Mirzəhəsənə dəyib. Bu hadisələr əvvəllər olub. Bundan sonra Mirzəhəsən məni dayandığımız yerdən bir az aralıda olan “Ford” markalı avtomobillərin arasına çəkdi. Mirzəhəsənə nə sözü varsa deməsini dedim. Mirzəhəsən yenə də mənə əmisi Həbibə narkotik satması barədə polisə məlumat verməyimi dedi. Mən də bu məsələdən xəbəri olmadığını, evə gələndə Həbiblə üzləşəcəyimi bildirdim. Bunu deyib dönəndə Mirzəhəsən birdən başımın sağ tərəfindən möhkəm vurdu. Mirzəhəsənin əlinin içərisində çox güman ki, nəsə olub. Bu vaxt gözüm qaraldı, heç nə görmədim və yerə yıxıldım. Mirzəhəsən isə yerdə üstümə yıxıldı. Mirzəhəsənin vurduğu zərbənin təsirindən sag gicgah nahiyəmdə sümüyüm sınmı. Yerə yıxılanda da sol dizim yerə dəydiyindən xəsarət aldım. Həmin vaxt özümü itirdim və bir anlıq gözlərim görmədi. Qışqırdığımı üçün  qardaşı Rauf gələrək bizi aralaşdırdı. Qardaşım məni qaldırdı, maşının arxasında otuzdurdu. Həmin vaxt canım isti olduğundan 102-yə zəng vurdum, dedim ki, flankəs mənə xəsarət yetirib. Mirzəli adlı polis əməkdaşı olduğum yerə gəldi. Məni maşınına qoyub, onu xəstəxanaya apardı. Yolda isə Mirzəliyə zəng gəldi ki, polislərdən göndərin, dava qızışdı. Onda bildim ki, mən gedəndən sonra Mirzəhəsəngil qardaşımın da üstünə düşüb, onu döyüblər”. 
Zərərçəkmiş qeyd edib ki, onu ilk əvvəl yoxlayıblar, həkimlər deyiblər ki, tərpətmək olmaz, daha sonra təcili yardım maşını ilə xəstəxanaya çatdırıblar: “Orada müayinə oldum. Əməliyyat olunmağım məsləhət görüldü. Lakin hal-hazıradək özüm müalicə alıram. Mirzəhəsəngildən isə heç kim qapımı açmayıb, mənimlə maraqlanmayıb. Bu günədək 15000 manat məbləğində müalicəsinə pul xərcləmişəm. Mənə dəymiş 15000 manat müalicə xərclərinin ödənilməsini tələb edirəm. Aramızda isə heç bir barışıq yoxdur, Mirzəhəsəndən şikayətçiyəm”.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mirzəhəsən 5 il müddətə azadlıqdan məhrum edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top