Xaçmazda ər arvadına xəsarət yetirdi — TƏFƏRRÜAT

KRİMİNAL 26 mar 2024, 16:59
Xaçmaz rayonunda 1981-ci il təvəllüdlü Cavid həyat yoldaşı Səkinəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 26 avqust 2023-cü ildə baş verib. Cavid həmin gün saat 7 radələrində yaşadığı evdə aralarında yaranmış ailə-məişət zəminində mübahisə zamanı saçlarından tutub yerə yıxmaqla təpiklə arvadı Səkinəyə vuraraq, ona xəsarətlər yetirib. 

Hadisəni törədən Cavidin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cavid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, arvadı Səkinə ilə təxminən 20 ildir ailə həyatı qurub, birgə nikahlarından iki övladı var: “Qızım ailə həyatı quraraq köçüb, oğlum isə bizimlə birlikdə yaşayır. Bizim əvvəllər münasibətlərimiz normal olsa da, son vaxtlar Səkinənin mənimlə saymaz davranışı ilə bağlı aramızda mübahisələrimiz olub”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, 26 avqust 2023-cü ildə, səhər saat 7 radələrində yuxudan oyanıb yaşadığı evin giriş hissəsində yerləşən pilləkənlərdə əyləşib: “Həmin vaxt arvadım Səkinə oğlumu işə yola saldı. Səkinə oğlumu işə yola salandan sonra sanitar qovşağına keçdi. Sanitar qovşağından çıxandan sonra Səkinə mənə yaxınlaşıb sanitar qovşağının kim tərəfindən batırıldığını soruşdu. Səkinəyə sanitar qovşağını batırmadığımı dedim. Buna baxmayaraq, Səkinə məni nalayiq söyüşlərlə söyərək evə keçdi. Səkinə məni nalayiq söyüşlərlə söydüyündən onun ardınca evə keçdim. Qonaq otağında saçlarından tutaraq yerə yıxdım. Lakin Səkinəni yerə yıxdıqdan sonra onun bədəninin müxtəlif nahiyələrinə 3-4 dəfə təpiklə zərbə vurmamışam”. 

Bu cinayət işinə Xaçmaz Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Cavid 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası alıb. Təqsirləndirilən şəxsin üzərinə cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub. 

Fariz Məlikli
Demokat

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top