Bakıda ər arvadına xəsarət yetirdi — TƏFƏRRÜAT

KRİMİNAL 18 mar 2024, 16:48
Bakının Sabunçu rayonunda 1985-ci il təvəllüdlü Tural şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Qənirəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 7-də baş verib. Tural həmin gün, gecə saat 00.00-da yataq otağında arvadı Qənirə ilə qısqanclıq səbəbindən aralarında yaranmış mübahisə zamanı qəsdən yerdə olan paltar asılqanı ilə onu vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Turalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tural ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Qənirə ilə 2005-ci ildə ailə həyatı qurub, evliliklərindən iki övladları var:

“Təxminən altı ay olar ki, Qənirə ilə qısqanclıq səbəbindən aramızda mütəmadi olaraq mübahisələrimiz yaranıb. Yanvarın 7-də, gecə saat 00.00-da yaşadığımız evdə olan zaman Qənirə ilə yenə aramızda qısqanclıq zəminində yaranmış mübahisə zamanı səsini ucaltması səbəbindən əsəbləşərək yataq otağında yerdə olan asılqanla arvadımın bədəninə, yumruqla isə baş nahiyəmə zərbələr vurdum. Daha sonra Qənirə yaşadığımız ünvanı tərk etdi. Törətdiyim əməldən səmimi peşmanam”. 

Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Turalın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top