“Faxralı”da qanlı dava — TƏFƏRRÜAT

KRİMİNAL 15 mar 2024, 16:47
Bakıda 1996-cı il təvəllüdlü Allahverdi pul borcu üstündə yaranan münaqişə zamanı tanışı Mirzamana bıçaqla xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 10 noyabr 2022-ci ildə baş verib. Allahverdi həmin gün saat 21.30-da “Faxralı” kafesinin içərisində tanışı Mirzaman ilə bir müddət əvvəl aldığı 5 manat borcunu gec ödəməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində mübahisə ediblər. 

Baş vermiş mübahisə zamanı Mirzaman Allahverdinin və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsinə görə özünü təhqir olunmuş hesab edib. Bu zaman üzərində gəzdirdiyi bıçaqla Mirzamanın sağ ayağının diz nahiyəsinə bir dəfə vuraraq, ona xəsarətlər yetirib. 

Hadisəni törədən Allahverdinin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Allahverdi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, telefon alqı-satqısı ilə məşğul olub: “Ailədə dörd uşağıq, üç bacım var. Bacılarımdan ikisi ailəlidir. Valideynlərimdən birini itirdikdən sonra yaranmış psixoloji vəziyyəti ilə əlaqədar arabir psixotrop maddə olan metamfetamindən istifadə etmişəm. Zərərçəkmiş Mirzaman ilə bir tanışımın vasitəsilə tanış olmuşam”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, məlum hadisədən bir neçə gün əvvəl zəngləşərək Mirzaman ilə “Faxralı” kafesində görüşüblər: “Orada bir az oturduqdan sonra Mirzamanla birlikdə çıxıb metronun
“Neftçilər” stansiyanın yanına getdik. Pulum olmadığını deyib Mirzamandan siqaret almasını, taksi pulunu verməsini xahiş etdim. Pulunu qısa vaxtda qaytaracağımı dedim. Mirzaman xahişimi yerinə yetirdi. Bu səbəbdən Mirzamana cəmi 5 manat borcum yarandı. Amma cəmi bir gün sonra Mirzamanın pulunu qaytardım. Amma Mirzaman pulu gec qaytardığım üçün işlərinin ləngidiyini deyərək mənə öz etirazını bildirdi. Mən isə Mirzamana pulumun olmaması səbəbindən 5 manatı gecikdirdiyimi deyərək ondan üzrxahlıq etdim. Aramızda olan narazılığın bitdiyini düşündüm. Buna görə də 10 noyabr 2022-ci ildə, gündüz saatlarında Mirzamanla zəngləşdim, axşam saatlarında görüşməyi planlaşdırdıq. Həmin gün saat 21 radələrində Mirzamanla metronun “Neftçilər” stansiyasının yaxınlığında görüşüb kafeyə getdik. Orada Mirzaman 5 manat borcu ona gec qaytardığım üçün işlərinin ləngidiyini bildirdi. Mirzamanın yenidən 5 manat borcu ilə bağlı məsələni hallandırması xoşuma gəlmədi. Öz iradımı bildirərək artıq bununla bağlı söhbət etdiyimizi dedim. Amma Mirzaman mənimlə kobud şəkildə danışmağa başladı. Mirzamandan kobud danışmamağını tələb etsəm də, Mirzaman ailə üzvlərim barəsində pis ifadələr işlətdi. Mən də əsəbiləşib Mirzamanı üzərimdə gəzdirdiyim bıçaqla bir dəfə vurdum. Hadisədən sonra ailəm Mirzamanın xəstəxana xərclərini ödəyib. Üzərimdə bıçaq gəzdirdiyim üçün də peşmanam”. 

İş üzrə zərərçəkmiş Mirzamanın sözlərinə görə, Masallı rayonunda qeydiyyatda olmaqla, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən “Məscid”in arxa hissəsində fərdi evdə kirayədə tək yaşayır: “Təxminən hadisədən 10-15 gün əvvəl Rövşən adlı dostunun vasitəsi ilə Allahverdi adlı şəxslə tanış olmuşam. Onunla tanış olduqdan sonra münasibətlərimiz yarandı. Mütəmadi olaraq zəngləşərək görüşdük. Allahverdi mənə xəsarət yetirməmişdən bir neçə gün əvvəl zəngləşərək Pərviz adlı şəxsin işlətdiyi “Faxralı” adlı kafedə görüşdük. Bir müddət orada oturduqdan sonra Allahverdi ilə birlikdə oradan çıxdıq. Metronun “Neftçilər” stansiyanın yanına getdik. Getdiyimiz zaman Allahverdi pulunun olmadığını bildirərək məndən siqaret almağımı, taksinin pulunu ödəməyimi xahiş edərək, pulu qaytaracağını dedi. Allahverdiyə üzərimdə olan pulum işlə əlaqədar pul olduğunu bildirərək xərclədiyim pulu nə vaxt verəcəyini soruşdum. Allahverdi isə bir nəfər şəxsin ona pul verəcəyini, həmin pulu aldıqdan sonra ödəyəcəyini bildirdi. Allahverdi ilə razılaşaraq ona bir qutu “Palİ Mail mentol” siqareti aldım. Həmçinin taksinin ödənişini etdim. Nəticə etibarı ilə Allahverdinin mənə 5 manat borcu yarandı. Həmin günün səhəri Allahverdidən pulumu istədim. Ona işimin ləngidiyini dedim. Lakin Allahverdi pulu verməyi ləngitdi. Bu səbəbdən də işlərim alınmadı. Bir neçə gündən sonra çətinliklə də olsa Allahverdidən 5 manat pulu aldım. Pulu alan zaman ona düz etmədiyini, ona görə işlərimin ləngidiyini dedim. Allahverdi isə pulu olmadığını, bu səbəbdən də 5 manatı gec verdiyini dedi. Bundan sonra ona heç bir söz demədim”. 

Zərərçəkmiş qeyd edib ki, 10 noyabr 2022-ci il də gündüz saatlarında Allahverdi ona zəng etmiş, telefon danışığı zamanı görüşməyi planlaşdırıblar: “Həmin gün saat 21 radələrində yanımda olan tanışlarım Rövşənlə birlikdə “Neftçilər” metrostansiyasının yaxınlığında Allahverdi ilə görüşdük. Görüşdükdən sonra birlikdə Pərviz adlı şəxsin işlətdiyi “Faxralı” adlı kafedə gedib çay içməyi planlaşdırdıq, taksi ilə həmin kafeyə getdik. Kafedə əyləşib çay istədik. Pərviz özü çay hazırlayaraq gətirdi. Çay içdiyimiz zaman mənim işlərimdən söhbət düşdü. Mən Allahverdinin 5 manat borcu gec qaytarması səbəbindən işlərimin pozulduğunu bildirdim. Həmin vaxt Allahverdi əsəbləşərək mənimlə kobud şəkildə danışmağa başladı. Ondan kobud danışmamasını tələb etsəm də, sözlərimə məhəl qoymayaraq öz danışıqlarına davam etdi. Bu əsnada aramızda mübahisə düşdü. Həmin vaxt Allahverdi qəfildən arxasından bıçaq çıxardaraq mənim sağ ayağımın diz hissəsindən vurdu. Mən də zərbənin təsirindən yerə yıxıldım. Yıxıldığım zaman Allahverdi bıçaqla döş qəfəsinin sol hissəsinə də bir dəfə zərbə ilə vurdu. Orada olan tanışlarımız Rövşən məni yerdən qaldırdı. Allahverdi isə kafedən çıxıb getdi. Rövşən məni xəstəxanaya apardı”. 

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Allahverdi 3 il 2 ay 3 gün müddətə azadlıqdan məhrum edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top