Yay mövsümü gəldiyindən insanlar istirahət etmək üçün çimərliklərə üz tuturlar. Lakin hər dəfə dəniz sahilinin oliqarx məmurlar tərəfindən qanunsuz hasara alınması gündəmə gətirilsə də, heç bir ciddi tədbir görülmür.
Moderator.az-ın əməkdaşı dünən Pirşağı qəsəbəsindəki Qızılqum çimərliyinə yollanıb. Əməkdaşımız gördüyü mənzərə qarşısında isə təəccübünü gizlədə bilməyib. Bildirir ki, dənizin başdan-basa hasara alıblar və iki yerdən giriş üçün darvaza qoyulub. Bunlardan biri qapalı olsa da, digəri açıqdı və qapıya yaşlı adamı mühafizəçi kimi qoyublar. Yaşlı adam isə kəndirlə darvazanın ağzını kəsib əraziyə daxil olan maşınlardan 1 AZN pul alıb içəri buraxır. Təbii ki, edilən ödənişin müqabilində avtomobil sahibinə heç bir qəbz təqdim edilmir.
Həftəiçi əraziyə gün ərzində 50-60 avtomobil daxil olursa, həftəsonu bu say 500-600-ə çatır. Bəs görən niyə aidiyyatı qurumlar bu özbaşınalığın qarşısını almır?! Hər dəfə biri dəniz sahilini, digəri meşəni hasara alıb şlaqbaum qoyur və əraziyə gələn insanlardan qanunsuz ödəniş tələb edir.
Əməkdaşımız bildirir ki, pul almaqları bir yana, çimərlikdə təmizlik işi də aparan yoxdu. Ərazi zibillə dolub, elə ancaq pul alıb kimisə əraziyə buraxmaqla deyil axı. Heç olmasa aldığınız pulun qarşılığında çimərliyi təmizlətdirin.
Qeyd edək ki, bir neçə gün öncə millət vəkili Fəzail Ağamalı da Xəzər sahilindəki hasarların sökülməsi üçün dövlət qurumlarına çağırış etmişdi:
“Xəzər dənizi ayrı-ayrı məmurların yox, xalqın sərvətidir. Məmurlar ondan pul qazanır, vətəndaş isə dəniz kənarında istirahət üçün ödəniş edir. Vətəndaşlar da bu sərvətdən çox sərbəst şəkildə istifadə imkanlarına malik olmalıdırlar. İşbaz, vəzifə səlahiyyətlərindən istifadə edən məmurlar qanundakı boşluqlardan geninə-boluna yararlanıblar. Hər il bu məsələ qaldırılır. Hətta ötən il də məsələ aktuallaşanda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə mühüm addım atıldı. Xəzər dənizinin sahilində ictimai çimərliklər yaradıldı. Bu təşəbbüs hər kəs tərəfindən alqışlandı.
Amma hələ də Xəzər hasardan xilas ola bilməyib. Heç kimə sirr deyil ki, dəniz Bakının Qərb qapısından - Qaradağdan gələn hissəsindən başlayaraq, hasarlanıb. O yerlər hansısa qanunlarla, hansısa meyarlarla ayrı-ayrı adamlara satılır, icarəyə verilir. Məndə olan məlumata görə, ərazi özəlləşdirilməyib, maraqlı tərəflər qanunsuz olaraq kimlərinsə cibinə pul axıtmaqla məşğuldurlar. Bütün bunların təhqiqatı aparılmalıdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bu məsələləri dərindən araşdırmalıdır. Xidmətin son vaxtlar gördüyü işlər təqdirəlayiqdir. Amma çox yaxşı olardı ki, bu sahəyə də diqqət yetirsinlər. Azərbaycan qanunvericiliyində ictimai, dövlət əhəmiyyətli məqsədlər üçün istənilən hasarlar sökülə bilər. Bunun üçün qurumlar konkret addımlar atmalıdır” - deyə Fəzail Ağamalı bildirmişdi. Demokrat.az


